Məhkəmə qərarları › İş №2(107)-1126/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1126/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1126/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir ilk, Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dаir ilk, Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh1 arasında 31 avqust 2015-ci il tarixli № 03- MK/01329 saylı kredit müqaviləsi bağlanaraq borcalana 42 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə, 10,200 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda cavabdehin banka 9,901 ABŞ dolları əsas borcu, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 11,985 ABŞ dolları borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 31 avqust 2015-ci il tarixli № 03- MK/01329 saylı kredit müqaviləsinə və Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 9,901 ABŞ dolları əsas borcu, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 11,985 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 06 ay 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh1 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı kredit müqaviləsi bağlanaraq borcalana 42 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə, 10,200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda cavabdehin banka 9,901 ABŞ dolları əsas borcu, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 11,985 ABŞ dolları borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı Kredit- Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin zaminə (Cavabdeh2 Fiiqət oğluna) münasibətdə rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək İddiaçı ASC ilə aralarıda bağlanılmış 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıхаrılmаsını хаhiş еtmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdeh İddiaçı ASC ilə aralarında 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin məzmunundan görünür ki, müqavilədə əsas öhdəliyin həcmi, yəni məbləği, faiz dərəcəsi və müddəti göstərilməmişdir. Müqaviləni imzalayarkən ona sadəcə zamin duracağını bildirilmiş və borc barədə hər hansı bir məlumat bildirilməmişdir. Borclu Cavabdeh1 bankdan kredit götürmək niyyəti ilə bağlı məlumatım olsa da, onun nə qədər və hansı müddətə borc götürməsi, borcu qaytarıb -qaytarmaması barədə heç bir məlumatım olmamışdır. Cavabdeh1 banka borcunun qaytarmadığını, bununla bağlı mülki mühakimə icraatı qaydasında Yevlax Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul edildiyini icra məmurunun əmək haqqına yönəldilməsi nəticəsində öyrənmişdır. Həmin qətnamə 2016-cı il tarixdə qəbul edilib qüvvəyə minsə də, icrasına 2022-ci il tarixdə başlanılmışdır. Məhz bundan dərhal sonra da qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, zaminlik müqaviləsində ona aid mütləq göstərilməli olan mühüm şərtlər göstərilmədiyindən həmin müqavilə etibarsız hesab olunmalıdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rüfət Kazımov iclas zamanı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında ona 42 ay müddətinə illik 25 % ödəmək şərti ilə 10,200 AŞ dolları məbləğində kredit verilmiş, eyni tarixli zaminlik müqaviləsi əsasında Cavabdeh2 31 avqust 2015-ci il tarixli 03-MK/01329 saylı zaminlik müqaviləsi bağlayaraq həmin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. İlk iddia ərizəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı yaranmış borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Bundan başqa qeyd olunmalıdır ki, ilk iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun, cərimənin tutulması hissəsində əsaslıdır, həmin borcun düzgün hesablanmadığına dair sübut, habelə hesablanmış cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Lakin, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunur ki, həmin müqavilədə zaminin 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürülməsi qeyd edilsə də, həmin kredit müqaviləsinin mühüm şərtləri hesab edilən məlumatlar, yəni kreditin məbləği, faiz dərəcəsi, valyutası, verilmə müddəti göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Qərarlarında qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsinin əsas məlumatları Cavabdeh2la bağlanmış zaminlik müqaviləsində qeyd edilmədiyindən, sonuncunun hansı öhdəliyə zamin olması qeyri-müəyyəndir və bu səbəbdən həmin müqavilə üzrə zaminin öhdəliyinin yaranmadığı hesab olunmalı, kredit müqaviləsi üzrə yaranmış borca görə hazırkı halda zamin məsuliyyət daşımamalıdır. Bu səbəbdən Cavabdeh2 münasibətdə ilk iddia təmin edilməməlidir Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi Mülki Məcəllə ilə müəyyən edilmiş şərtlərə uyğun bağlandığından həmin müqavilə etibarsız hesab edilə bilməz. Belə ki, kredit müqaviləsinin mühüm şərtlərinin zaminlik müqaviləsində qeyd edilməməsi, zaminlik müqaviləsinin etibarsızılığına səbəb olmur. Bu səbəbdən qarşılıqlı iddia təmin edilməməlidir. Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Əliyev) ilk iddia qismən təmin olunmuş, Cavabdeh1 31 avqust 2015-ci il tarixli № 03- MK/01329 saylı kredit müqaviləsi üzrə 9,901 ABŞ dolları əsas borc, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə, cəmi 11,985 (on bir min doqquz yüz səksən beş) ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 İddiaçı ASC-yə qarşı aralarında bağlanılmış 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337. 385, 470. 472, 477 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış həmin müqavilə əsasında sonuncuya, 42 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 10,200 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31 avqust 2015-ci il tarixli № 03- MK/01329 saylı Zaminlik müqaviləsinin surəti ilə müəyyən olunur ki, Cavabdeh2 zamin olaraq Bank qarşısında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Maliyyə arayışından müəyyən olunur ki, 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə 25 aprel 2016-cı il tarixə 9,901 ABŞ dolları əsas, 1,884 ABŞ dolları faiz borcu yaranmış, 200 ABŞ dolları cərimə hesablanmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı ASC-nin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad etsə də təfsir hissəsində yalnışlığa yol vermişdir. Belə ki, qərarda göstərilən hüquqi mövqe birbaşa zaminlik müqaviləsi üçün deyil, bir qayda olaraq kredit müqaviləsi üçün tələb olunur.Məhkəmə Konstitiusiya Məhkəməsinin Plenum qərarlarında kredit müqaviləsi üçün tələb olunan standart şərtləri zaminlik müqaviləsində imperativ tələb olması kimi əsaslandırmışdır. Halbuki, öhdəlik təminatı üsulları, öhdəlik, ipoteka və zaminliklə bağlı heç bir Plenum qərarında məhkəmə qətnaməsində göstərilən məqamların zaminlik müqaviləsi üçün nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə diqqətdən qaçırmışdır ki, zaminlik müqaviləsindən daha əvvəl zamin borclunun kredit müqaviləsinin şətləri ilə tanış olmuş və borclunun öhdəliyi üzrə müşətərk məsuliyyətə şifahi razılığını bildirdikdən sonra yazılı olaraq zaminlik müqaviləsini imzalamaqla, öhdəliyi üzərinə götürmüşdür. Həmçinin, zaminlik müqaviləsinin 1.1-ci bəndində borclu ilə bağlanmış kredit müqaviləsinin rekvizitlərinə ətraflı şəkildə istinad edilmiş və zamin həmin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mübahisələndirilən iş üzrə cavabdeh olan Cavabdeh2 31 avqust 2015-ci il tarixli 03- MK/01329 saylı zaminlik müqaviləsini şəxsən imzalamaqla, borclunun kredit müqaviləsi üzrə öhdəliyini üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan və borclu ilə bağlanmış 31 avqust 2015-ci il tarixli N 03- MK/01329 saylı kredit müqaviləsinin təminatı qismində eyni tarixli zaminlik müqaviləsinin imzalanması ilə tərəflər sərbəst şəkildə öhdəlik barədə öz iradələrini ifadə edərək borc öhdəlyini üzərlərinə götürmüşlər Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.31 avqust 2015-ci il tarixli 03-MK/01329 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndində borclu ilə bağlanmış kredit müqaviləsinin rekvizitlərinə ətraflı şəkildə istinad edilmiş və zamin həmin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. Ona görə də, LPO “AmrahBank" ASC-nin apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(039)-1307/2022 tarixli qətnaməsinin qismən zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbi üzrə kredit borcunun hər iki cavabdehdən iddiaçının xeyri tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiаçı İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi). Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarix Qərarında qeyd edilir ki, Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 saylı qətnaməsinin zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qsimən təmin, qarşılıqlı iddianı rədd edərkən zamin Cavabdeh2 münasibətdə iddianın təmin edilməyən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunur ki, həmin müqavilədə zaminin 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürülməsi qeyd edilsə də, həmin kredit müqaviləsinin mühüm şərtləri hesab edilən məlumatlar, yəni kreditin məbləği, faiz dərəcəsi, valyutası, verilmə müddəti göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Qərarlarında qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kolelgiyası belə qənaətə gəlir ki, kredit müqaviləsinin əsas məlumatları Cavabdeh2la bağlanmış zaminlik müqaviləsində qeyd edilmədiyindən, sonuncunun hansı öhdəliyə zamin olması qeyri-müəyyən olduğundan həmin müqavilə üzrə zaminin öhdəliyinin yaranmadığı hesab olunması və kredit müqaviləsi üzrə yaranmış borca görə hazırkı halda zaminin məsuliyyət daşımaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən zamin Cavabdeh2 münasibətdə iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)- 1307/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 saylı qətnaməsi iddianın zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar