Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1126/2025 14.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən və eləcə də, mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 26 sentyabr 2025-ci il tarixli, e-2(025)- 10/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbi barədə ilk iddia ərizəsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi isə tam təmin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı tərəfindən 31 oktyabr 2025-ci ildə ayrılıqda, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən isə 31 oktyabr 2025-ci il, 01 noyabr 2025-ci il və 03 noyabr 2025-ci il tarixlərində birlikdə tərtib edilmiş (həmin cavabdehlərin apellyasiya şikayəti onların nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 tərəfindən imzalanmışdır) apellyasiya şikayətləri verilmişdir. Bundan əlavə, həmin Qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazırkı mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil3 adından da 03 noyabr 2025-ci il tarixində ayrılıqda tərtib edilmiş apellyasiya şikayəti verilmişdir (İş vərəqi: 2-ci cild, səhifə 135 - 149). Birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər - iddiaçı və cavabdehlər hesab edilirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e- 2(025)-10/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən və eləcə də, mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil3 adından verilmiş apellyasiya şikayətlərini və iş materiallarını öyrənib, hər bir apellyasiya şikayətinin mümkünlüyünü ayrı-ayrılıqda müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırkı mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən hazırkı mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil3 adından “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə tərtib edilib, imzalanaraq verilmiş apellyasiya şikayətində (iş vərəqi: 2-ci cild, səhifə 135 - 149) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: 1). İlk növbədə qeyd etmək lazımdır ki, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 31 oktyabr 2025-ci ildə İddiaçı özü tərəfindən müvafiq qaydada imzalanaraq apellyasiya şikayəti təqdim olunduğu halda (iş vərəqi: 2-ci cild, səhifə 96 - 106), 03 noyabr 2025-ci ildə mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından da mahiyyət etibarilə eyni məzmunlu və eyni tələblə məlum apellyasiya şikayətinin verilməsinin məqsəd və səbəbləri aydın deyildir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatı qaydasında qəbul edilən birinci instansiya məhkəməsinin qətnamələrindən tərəflərin, yəni iddiaçı və yaxud cavabdehin apellyasiya şikayəti vermək hüquqları vardır. Nümayəndə isə yalnız hər hansı bir tərəfin adından verilən apellyasiya şikayətini müvafiq səlahiyyətləri həddində imzalayan proses iştirakçısıdır. - 2). İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə tərtib edərək, imzaladığı apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxs” adlanan 1-ci bəndində (qrafasında) həmin şikayəti verən tərəfin, yəni adından apellyasiya şikayəti verilən iddiaçının adı və ona aid digər müvafiq məlumatlar, o cümlədən də şikayət verən tərəfin işdə prosessual vəziyyəti (iddiaçı olması) və s. qeyd olunmamışdır (MPM-in 357.1 və 361.1.2-ci maddələri; “Əlavə 2”-nin 1-ci bəndi). Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatı qaydasında qəbul edilən birinci instansiya məhkəməsinin qətnamələrindən tərəflər, yəni iddiaçı və yaxud cavabdeh apellyasiya şikayəti verə bilər. Müvafiq səlahiyyətlərə malik nümayəndə isə apellyasiya şikayəti verən tərəfin (hazırkı işdə iddiaçının) əvəzindən yalnız şikayəti imzalamaq səlahiyyətinə malik şəxs ola bilər. Yəni, “apellyasiya şikayəti verən şəxs” dedikdə, onu imzalayan və məhkəməyə təqdim edən nümayəndə (vəkil) deyil, bilavasitə adından və mənafeyi üçün apellyasiya şikayəti verilən tərəf (hazırkı halda - iddiaçı) nəzərdə tutulur. Başqa sözlə, apellyasiya şikayəti nümayəndə (vəkil) tərəfindən imzalanaraq təqdim olunsa da, hazırkı halda şikayətin məlum hissəsində, yəni “Əlavə 2”-nin 1-ci bəndində “apellyasiya şikayətini verən şəxs” qismində İddiaçı adı və qanunvericiliklə nəzərdə tutulan digər məlumatları göstərilməli idi. Məhz ona görə də, “Əlavə 2”-nin 1-ci bəndi Apellyasiya şikayəti verən tərəfə (hazırkı halda iddiaçıya) aid, 2-ci bəndi Apellyasiya şikayəti verən tərəfin (hazırkı halda iddiaçının) vəkilinə aid, 3-cü bəndi isə Apellyasiya şikayəti verən tərəfin (hazırkı halda iddiaçının) qanuni nümayəndəsi və ya nümayəndəsinə aid olmaqla, həmin bəndlərdə qeyd olunan məlumat və tələblərə uyğun olmaqla düzgün tərtib edilərək məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda, hazırkı apellyasiya şikayətinin (“Əlavə 2”-nin) 1-ci bəndi düzgün tərtib olunmamaqla yanaşı, 2-ci və 3-cü bəndləri isə ümumiyyətlə müvafiq məlumatlar daxil edilməklə tərtib olunmamışdır. Göründüyü kimi, mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eləcə də, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 357.1, 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən isə birlikdə tərtib edilərək verilmiş apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, hazırkı mərhələdə mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları ilə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan və bununla da mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatından çıxarıldığından, bu mərhələdə İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən isə birlikdə tərtib edilərək verilmiş apellyasiya şikayətlərinə apellyasiya instansiyasında baxılması - prosessual baxımdan mümkün deyildir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilən apellyasiya şikayəti ilə əlaqədar səlahiyyəti həddində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan müvafiq prosessual hərəkətləri etdikdən sonra mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqda - İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən isə birlikdə tərtib edilərək verilmiş apellyasiya şikayətlərinə baxılacaqdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi iş üzrə verilmiş məlum apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 360-363-cü maddələrinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "maddi zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, e-2(025)-10/2025 nömrəli qətnaməsindən mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki işdə İddiaçı nümayəndəsi (vəkili) qismində proses iştirakçısı olan Vəkil3 adından verilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1126/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1126/2025
14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver