Məhkəmə qərarları › İş №2(107)-1128/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1128/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1128/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc müqaviləsinin etibarsızlığı, icra qeydinin ləğvi, notarial qaydada təsdiq edilmiş müqavilə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)-971/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsi ilə İddiaçı ilə Cavabdeh2 kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə borclunun 4000 manat əsas borcu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 8İ-7658 reyestr nömrəli icra qeydi ilə İddiaçı tələbkar Cavabdeh2 xeyrinə 4000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış 28 mart 2022-cı il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 10 iyun 2022-ci il tarixli 8İ – 7658 nömrə reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2013-cü ildə Bakı şəhərində “Təzə Bazar” adlanan yerdə X3 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs bildirmişdir ki, onun müdiri Ruslan Milli Məclisdə işləyir və onun sürücüsüdür. Müdiri onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Buna görə də ondan 4000 manat pul istəmişlər. O, da işə düzəlmək istədiyindən bununla razılaşmışdır. 2022-ci ilin fevral ayında Raminin bank kartına 3500 manat pul ödəmiş, 500 manat isə Ruslana əlbəəl vermişdir. Kəndlisi onunla əlaqə saxlayaraq Fövqaladə Hallar Nazirliyinə işə girməsini eşitdiyini, onun da həmin nazirliyə işə girmək istədiyini və ona köməklik etməsini xahiş etmişdir. O, da Pərvinə Ruslan və Ramin adlı şəxslərin vasitəsi ilə işə düzəldiyini bildirmişdir. Pərvin ona onu da, həmin şəxlsərlə tanış etməsini və işə düzətmələrini xaiş etmısini, nə hörmət lazımdısa edəcəyini bildirmişdir. O, da Pərvini Ruslan adlı şəxslə tanış etmiş, onunla görüşüb danışandan sonra əlaqə saxlayacağını demişdir. Daha sonra Pərvin işə düzəlməyə razı olduğunu bildirib Pərvin onun da iştirakı ilə Ruslana 4000 manat pul vermişdir. Həmin pul veriləndən dörd gün sonra Pərvin ona pulu verməyini notarial qaydada rəsmiləşdirmək istədiyini bildirdi, Ruslan isə ona Milli Məclisdə işlədiyi üçün notarial müqavilə bağlaya bilməyəcəyini ona görə də müqaviləni onunla bağlamağı məsləhət gördü. Həmin vaxt Ruslan ona narahat olma borc müqaviləsi sənin adından başlansın, heç bir problem ola bilməyəcəyini bilddirmişdir. Ona görə də, Pərvinlə notariat orqanına gedərək formal borc müqaviləsi bağlamışlar. Həmin vaxt Pərvin depozitə qoymaq üçün özü ilə 4000 manat gətirdi və notariat orqanından çıxdıqdan sonra o, həmin müqavilə üzrə ona verilmiş pulu notariat orqanının qarşısında Pərvinə geri qaytarmışdır. Lakin bir müddət ötməsinə baxmayaraq Ruslan nə onu nədə ki, X6 nazirliyinə işə düzəltmədi. Ona görə də Pərvin 10 iyun 2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X9 tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ – 7658 nömrə ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 4000 manatın tutulması qeyd edilmişdir. Ruslan onların işilərini düzüb qoşmadığına görə o, da Pərvin də Ruslandan şikayətçi olmuşlar və Ruslanın barəsində cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkən kimi tanınmış və Ruslan tərəfindən ona 4000 manat ziyanın vurulması öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin borc müqaviləsi formal olmuş və əslində Ruslan tərəfindən Pərvinə həmin 4000 manat ziyan dəymişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan borc müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən müqavilənin ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir.

5. Belə ki, iddiaçı hesab edir ki, Cavabdeh2 işə düzəlməsi üçün notariat orqanında digər şəxsə verilməsi nəzərdə tutulan pulu görüntü üçün özü borc müqaviləsi bağlamış və notariat orqanının hesabına qoyulmuş pulu sonradan çıxardıb Ramin Mustafayevə vermişdir.

6. İşdə olan Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsi qanunvericiliyin tələblərinə əməl etməklə bağlanmış notariat orqanının depozit hesabına qoyulmuş 4000 manat pul iddiaçı tərəfindən qəbul edilmişdir. Bu baxımdan mübahisə predmeti olan müqavilənin bağlanması onun etibarlılığına təsir etmir. Kredit müqaviləsi bağlanarkən Cavabdeh2 İddiaçı verdiyi pulun digər şəxs tərəfindən qəbul edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə göstərilən məbləğin digər şəxsə verilməsini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə öz əksini tapmasını bildirsə də, hökmdən də görünür ki, X1 zərərçəkmiş şəxs X2 qarşı dələduzluq əməli törətdiyindən Azərbaycan Respubklikası Cinatyət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Hökm üzrə şahid qismində ifadəsi alınmış İddiaçı isə iş üzrə zərərçəkmiş şəxs X5 Musayevə pul verməsinin şahidi olmuşdur.

7. İddiaçı müqavilənin yalnız görüntü xatirinə bağlandığını bildirsə də, müqavilənin notarius tərəfindən təsdiq edilməsi bu ehtimalı təkzib edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsindən çıxış edərək məhkəmə hesab etmişdir ki, müqavilə notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə bağladığı əqdin və s. hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Əks yanaşma notarial qaydada təsdiqləməni əhəmiyyətsiz edər və notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə sadə yazılı etibarnamənin arasında heç bir fərq olmazdı.

8. Bundan başqa məhkəmə eyni zamanada qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin normasından da göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri yerinə yetirilməklə heç bir pozuntunun törədilməsi müəyyən edilməmişdir.

9. Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)-971/2024 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 337, 389, 405, 421, 423, 442, 739 və 740-cı maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-267/2023 nömrəli hökmü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-165 nömrəli reysterə daxil edilmiş kredit müqaviləsi «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 38 saylı Xüsusi Notariat ofisi» tərəfindən xx.xx.2022-ci il tarixli NX-260 nömrəli bildiriş “Notariat icra qeydi haqqında ərizə” Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 8İ-7658 reyestr nömrəli icra qeydi

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 2013-cü ildə Bakı şəhərində Təzə Bazar adlanan yerdə X3 adlı şəxlsə tanış olmuşdur. O bildirdi ki, onun müdiri Ruslan Milli Məclisdə işləyir, o da onun sürücüsüdür. Müdiri onu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə bilər. Buna görə də ondan 4000 manat pul istədilər. O da işə düzəlmək istədiyindən bununla razılaşdı və 2022-ci ilin fevral ayında Raminin bank kartına 3500 manat pul ödədi. 500 manat isə Ruslana əlbəəl vermişdir. Kəndlisi onunla əlaqə saxlayaraq bildirdi ki, eşidib ki, Fövqaladə Hallar Nazirliyinə işə girir, ona da köməklik etsin o da ora işə girmək istəyir. Pərvini Ruslan adlı şəxslə tanış etdi. Ruslanla görüşüb danışandan sonra dedi ki, əlaqə saxlayacaq. Bir müddət sonra Pərvin bildirdi ki, razıdır işə düzəlmək istəyir. Belə olub, Pərvin onun də iştirakıyla Ruslana 4000 manat pul verdi. Həmin pul veriləndən dörd gün sonra Pərvin bildirdi ki, o notarial qaydada pulu verməyini rəsmiləşdirmək istəyir. Ruslan bildirdi ki, o, Milli Məclisdə işlədiyi üçün onunla notarial müqavilə bağlana bilməz, ona görə də müqaviləni onunla bağlamağı məsləhət gördü. Həmin vaxt Ruslan bildirdi ki, narahat olma borc müqaviləsi sənin adından bağlansın, heç bir problem ola bilməz. Ona görə də Pərvinlə notariat orqanına gedərək formal borc müqaviləsi bağladılar. Həmin vaxt Pərvin depozitə qoymaq üçün özü ilə 4000 manat gətirdi və notariat orqanından çıxdıqdan sonra o, həmin müqavilə üzrə ona verilmiş pulu notariat orqanının qarşısında Pərvinə geri qaytardı. Lakin bir müddət ötməsinə baxmayaraq Ruslan nə onu, nədə ki, X6 nazirliyinə işə düzəltmədi. Ona görə də, Pərvin 10 iyun 2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X9 tərəfindən 10 iyun 2022-ci il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ – 7658 № ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 4000 manatın tutulması qeyd edilmişdir. Ruslan onların işini düzüb qoşmadığına görə o da, Pərvin də Ruslandan şikayətçi olmuşlar və Ruslanın barəsində cinayət işi başlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkən kimi tanınmış və Ruslan tərəfindən ona 4000 manat ziyanın vurulması öz təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin borc müqaviləsi formal olmuş və əslində Ruslan tərəfindən Pərvinə həmin 4000 manat ziyan dəymişdir. Göründüyü kimi, cavabdeh Pərvin İsrəfilov pulu ona vermədiyini bilirdi. Sadəcə Ruslan və Raminlə onun vasitəsilə tanış olduğu üçün onunla bu uydurma müqaviləni bağlamışdır. O, ondan heç vaxt pul almamış, müqavilədə göstərilən məbləği də notariat ofisində ondan geri tələb etmişdir.

14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)- 971/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı, cavabdehlər Cavabdeh2, Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1-ci maddəsinə əsasən Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin vaxt qüvvədə olan 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)-971/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində onun və cavabdehin Ruslan adlı şəxsdən şikayət etdiklərini və Ruslanın barəsində cinayət işi başlanıldığını və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki işin materiallarında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-267/2023 nömrəli hökmü mövcuddur ki, həmin hökmlə X1 zərərçəkmiş şəxs X2 qarşı dələduzluq əməli törətdiyindən Azərbaycan Respubklikası Cinatyət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə iddianın sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşmüşdür. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni bu qətnamənin 4-8-ci bəndlərində göstərilmiş dəlillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya o cümlədən qeyd edir ki, Notariat haqqında Qanunun hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 35-ci maddəsinə görə notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Göründüyü kimi, əqdlərin notariat qaydasında təsdiqinin məqsədi əqdin tərəflərinin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətlərinin müəyyən edilməsi, imzalarının həqiqiliyinin müəyəyn edilməsi kimi məsələlərlə birlikdə, həmçinin əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun da müəyyən edilməsidir. Hazırki halda notariusun təsdiq etdiyi əqd borc verilməsi niyyətini ifadə etmişdir. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 42-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir. Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)-971/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(075)-971/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar