Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1129/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(039)-481/2021 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət Cavabdeh 27 fevral 2019-cu il tarixli, 900804-626352/2 nömrəli kredit müqaviləsi üzrə 9611,32 manat məbləğində əsas borc, 10766,31 manat faiz borcu olmaqla, ümumilikdə 20377,63 manat borc və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02 mart 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. İddiaçı 02 mart 2021-ci il tarixli qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə icraata xitam verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, AR MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi məhkəmə o halda iş üzrə icraata xitam verə bilər ki, mübahisə üzrə prosessual hüquq varisliyinə yol verilməsin. Hazırki tələb kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı olduğu üçün, bununla da hüquq varisliyinə yol verildiyi üçün, məhkəmə iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, məhkəmə iş üzrə icraata xitam verməklə, faktiki olaraq bankın borclunun vərəsələrinə 'borcun tutulması ilə bağlı tələb irəli sürmək hüququndan məhrum etmişdir. Bu səbəbdən hesab edirlər ki, məhkəmənin sözügedən qərardadı prosessual normanın pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(039)-481/2021 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-481/2021 saylı iş üzrə qəbul etdiyi 02 mart 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şəki Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək, sonda təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iş üzrə Cavabdeh öldüyündən və o, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 066097 №li ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh 02 dekabr 2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 15-ci günündə 789 № ilə qeyd edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh 02.12.2020-ci il tarixdə, yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Halbuki, iddiaçı təşkilat tərəfindən vəfat etmiş şəxsin vərəsəsi müəyyən edilməli, bundan sonra həmin vərəsəyə qarşı ümumi qaydada məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir Kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Belə ki, Mülki Prosessual Məcəllənin 39.2.-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Belə bir sənəd isə təqdim edilmiş ərizəyə əlavə edilməmişdir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iş üzrə Cavabdeh barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək öldüyündən və o, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisləri müəyyən edilmədən ölmüş şəxsə qarşı məhkəməyə müraciət edildiyindən, ona münasibətdə iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı ASC ilk növbədə Cavabdeh qanun (və ya vəsiyyətnamə) üzrə vərəsəsinin olub-olmaması, mirası qəbul edib-etməmələrini müəyyən etməli, bundan sonra aidiyyəti tələblə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası da hesab edir ki, iş üzrə icraata xitam verməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(039)-481/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(039)-481/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1129/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1129/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver