Məhkəmə qərarları › İş №2(107)-1135/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1135/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1135/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi barədə) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)- 4/2024 nömrəli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 6142.78 (altı min bir yüz qırx iki manat 78 qəpik) manat, bundan 2385.06 (iki min üç yüz səksən beş manat 6 qəpik) manat əsas, 990.62 (doqquz yüz doxsan manat 62 qəpik) manat faiz, 2144.39 (iki min bir yüz qırx dörd manat 39 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 622.71 (altı yüz iyirmi iki manat 71 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)-4/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı LPO "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat berərək bildirdi ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamə qəbul edilən zaman qanunvericiliyin normaları pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mərhum Adil onun qardaşı olmuşdur. Adil onu və Rəhmanı zamin qoymaqla bankdan kredit götürmüşdür. Daha sonra, qardaşı 2014-cü ildə vəfat etmişdir. Az müddət sonra isə eşitmişdir ki, Rəhman da vəfat etmişdir. Onun krediti ödəməyə imkanı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mərhum Adil onun atası olmuşdur. Atası 2014-cü ildə vəfat etmişdir. Onların kredit borcundan 2020-ci ildə xəbərləri olmuşdur. Onun krediti ödəməyə imkanı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kоllegiyаsı işdə olan sənədlərə məcmu halında hüquqi qiymət verərək hesаb edir ki, Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)-4/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli “X4” surətindən müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh2 xx.xx.2014-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli “X4” surətindən müəyyən edilir ki, hazırki iş üzrə digər Cavabdeh3 xx.xx.2014-cü ildə ölmüşdür. Hazırki mülki iş isə Qax Rayon Məhkəməsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə prosesinin gedişatında deyil, iş məhkəmənin icraatına daxil olmamışdan 7 il əvvəl ölmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 50.1ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən tərəf kimi cavabdeh üçün müəyyən prosessual hüquq və vəzifələr müəyyən etmişdir ki, həmin hüquq və vəzifələri də məhkəmə iclasında iştirak etmək iqtidarında olan şəxs həyata keçirə bilər. Hazırkı halda isə iddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olmayan, yəni ölmüş şəxsi də cavabdeh qismində göstərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdehlər kimi göstərilmiş Cavabdeh2 və Cavabdeh3 isə tərəf kimi qəbul edilə bilməzdi. Çünki onlar, iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiklərinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişlər. Məhkəmə kollegiyası iddia ərizəsində cavabdeh qismində qoyulmuş bir digər şəxs olan Cavabdeh1 münasibətdə isə qeyd edir ki, kredit müqaviləsi iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh1 isə həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Kollegiya qeyd edir ki, subsidiar məsuliyyətlə müqayisədə birgə məsuliyyət kreditorun əsas borclunun öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəltməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Eyni zamanda, “Bərdə Rayon Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-c il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göstərilənlərə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarındakı hüquqi mövqeyinə əsasən kollegiya qeyd edir ki, tələb ilk növbədə, kredit müqaviləsi üzrə əsas borclu olan mərhum Cavabdeh2 mirası qəbul etmiş vərəsələrinə yönəlməlidir. Vərəsələr öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah olunmalıdır ki, o, cavabdeh kimi göstərdiyi mərhum Cavabdeh2 miras qalmış əmlakını qəbul edən vərəsəni və ya vərəsələrini müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Vərəsə və ya vərəsələr öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60cı maddəsinin İ hissəsi). Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Bundan başqa, məhkəmə kollegiyası son olaraq qeyd edir ki, iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə təsbit edilmiş apellyasiya şikayəti verən şəxsin tələbinin göstərilmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq, həm elektron kabinet vasitəsilə verilən, həm də pdf formasında imzalanan apellyasiya şikayətində iddiaçının şikayət verməkdə tələbinin əslində nədən ibarət olmasını müəyyən etmək olur. Belə ki, iddiaçının tələbi Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)-4/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi olmuşdur. Odur ki, məhkəmə kollegiyası süründürməçiliyə yol verməmək və işin lüzümsuz uzanmasını aradan qaldırmaq üçün apellyasiya şikayətini mümkün hesab etmiş və mahiyyəti üzrə baxmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)-4/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 261, 263-264, 361-364, 400, 402, 403, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: İddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(024)-4/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, tələb ilk növbədə, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələr öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar