Məhkəmə qərarları › İş №2(107)-1136/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1136/2020

23.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1136/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “8400 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-176/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı), İddiaçı3 (bundan sonra ikinci iddiaçı), İddiaçı2 (bundan sonra üçüncü iddiaçı), İddiaçı4 (bundan sonra dördüncü iddiaçı) və İddiaçı5 (bundan sonra beşinci iddiaçı) məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) əldən çıxmış fayda kimi 8400 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-176/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı 8400 (səkkiz min dörd yüz) manat məbləğində əldən çıxmış faydanın ödənilməsinə dair iddia tələbin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X2 xx xxxxxx 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.52 hektar əkin torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Maddi imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsini müxtəlif şəxslərə bir illik icarəyə vermişdir. 2002-ci ildə mülkiyyətində olan torpaq sahəsini bir illik müddətə cavabdehə icarəyə vermişdir. 2002-ci ildə ailəsi ilə birlikdə çörəkpulu qazanmaq üçün Bakı şəhərinə köçərək orada yaşamışdır. 2003-cü ildə cavabdeh ona müraciət edərək mülkiyyətində olan torpaq sahəsini on il müddətinə birdəfəlik icarəyə götürmək istədiyini, bununla bağlı aralarında müqavilə bağlayaraq on illik icarə haqqını birdəfəlik ödəyəcəyini bildirmişdir. O, ailə üzvlərinin razılıqlarını aldıqdan sonra cavabdehin təklifini qəbul etmişdir. Cavabdeh on illik icarə haqqı olaraq ona həmin vaxt üçün qüvvədə olan pul vahidi ilə ******* AZM, hazırkı pul vahidi ilə 280 AZN məbləğində pul ödəmişdir. Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını götürərək aktın sonuncu vərəqində öz xətti ilə icarə razılaşması barədə qeyd etmiş və ona da həmin hissəni imzalatdırmışdır. O, yazıb-oxumağı bilmədiyindən dövlət aktının sonuncu vərəqində qeyd edilmiş yazılanların məzmununu bilməmiş və cavabdehə inanaraq qeyd edilən hissəni imzalamışdır. Dövlət aktı cavabdehdə qalmışdır. Cavabdeh on il müddətində mülkiyyətində olan torpaq sahəsini əkib becərmişdir. Cavabdeh on illik icarə müddətində bir neçə dəfə ona torpağı satmağı təklif etsə də, o, mülkiyyətində olan torpağı satmaqdan imtina etmişdir. 2013-cü ildə torpaq sahəsinin icarə müddəti başa çatdığından cavabdehə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini geri qaytarmasını bildirmişdir. Cavabdeh ona icarə haqqı olaraq ödədiyi 280 manatı torpağın dəyəri kimi nəzərdə tutaraq torpaq sahəsini ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh 2002-ci ildən 2012-ci ilədək on il müddətində şifahi icarə müqaviləsi əsasında torpağından istifadə etmiş, sonrakı yeddi ildə isə torpağını qaytarmamış, torpağından özbaşına istifadə etməklə onu 8400 manat məbləğində əldə edəcəyi mənfəətdən məhrum etmişdir. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 3800 manat məbləği cavabdehə verməyə imkanı yoxdur. Lakin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən cavabdehin çıxarılmasını istəyir. Cavabdehdən əldən çıxmış fayda kimi 8400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsi onlara qarşı ədalətsizlik etmiş, tələblərinə birtərəfli olaraq qərəzli mövqedən yanaşmışdır. Məhkəmə onların tələblərini tam araşdırmamış, onlar tərəfindən əldə edilməsi mümkün olmayan lazımi sübutların əldə edilməsinə cəhd etməmiş, işlərinə laqeyid yanaşılmış, heç bir hüquqi mənbəyi olmayan əsaslarla nəticə çıxarmış və əsassız nəticəyə gəlmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh neçə vaxtdır ki, onlara məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Bu səbəbdən də onlara xeyli məbləğdə maddi ziyan dəymişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apelyasiya şikayəti müdafiə edərək bildirmişdir ki, cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmadığından onlar öz mülkiyyətindən istifadə edə bilmirlər. Cavabdeh hazırda həmin torpaq sahəsində taxıl əkib becərir. Ona görə də apelyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, İddiaçı4 da ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsini vaxtilə əvəzi ödənilməklə ona satmışdır. Lakin o iddiaçılara inandığından rəsmi alqı-satqı müqaviləsi rəsmiləşdirməmişlər. Sonradan iddiaçılar torpağı ondan geri tələb etmiş, məhkəmə qətnaməsi ilə də iddiaçıların iddia tələbi təmin edilmişdir. Lakin həmin qətnamə ilə onun da tələbi təmin edildiyindən sonunculardan 3800 manat alınaraq ona verilməsi və qətnamənin eyni vaxtda icra olunması qərara alınmışdır. Lakin iddiaçılar pulu ona vermək istəmirlər. İddiaçılar pulu ödəyən kimi dərhal torpaqdan çıxacaqdır. Özü hazırda həmin torpaq sahəsində taxıl əkib becərmişdir. Hesab edir ki, iddia və apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı5 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-176/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx xxxxxx 2002-ci il tarixli JN - 4xx xxx 40719028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən, hazırkı iddianın predmetinə aid olan 1,52 hektar torpaq sahəsi İsmayıllı rayon X2 xx xxxxxx 1999 - cu il tarixli 66 saylı qərarı ilə İddiaçı1, X4, X1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Cavabdehlər İddiaçı1, X4, X1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı 13.831 manat pul tələbi barədə iddiası qismən 3800 manat məbləğinin alınaraq Cavabdeh verilməsinə dair hissədə və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh maddi və mənəvi zərərə görə 18300 manat pulun alınması tələbi barədə iddiası qismən Cavabdeh İddiaçı1 və ailə üzvlərinə məxsus 1.52 hektar pay torpaq sahəsindən çıxarılmasına dair hissədə təmin edilmiş və qətnamənin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X2 xx xxxxxx 1999- cu il tarixli 66 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Bir müddət iddiaçı tərəfin razılığı əsasında həmin torpaq sahəsindən cavabdeh istifadə etsə də, sonradan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin həmin torpaq sahəsindən çıxarılması, öz növbəsində iddiaçı tərəfdən 3800 manat alınaraq Cavabdeh verilməsi və qətnamənin eyni vaxtda icra olunması qət edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq, sözügedən qətnamə bu günə qədər icra olunmamış və sonda tərəflər arasında hazırki mübahisənin əsası yarnmışdır. İkincisi, buradan da belə nəticəyə gəlmək olur ki, cavabdehin mübаhisəsi gedən tоrpаq sаhəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, vaxtilə iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş taxıl bitkisinə və bəhərinə heç bir subyektiv hüququn sahibi deyillər. Kollegiya sonda qeyd edir ki, əgər iddiaçılar hər hansı bir məbləğdə gəlirdən məhrum olmuşlarsa belə, bu heç də cavabdehin qanunazidd hərəkətləri və suiistifadəsi nəticəsində deyil, onların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmələri səbəbindən baş vermişdir. Üçüncüsü, məhkəmə kollegiyası hesab edir ki, əgər cavabdeh tərəf öz xərci hesabına əkib-becərdiyi taxıl məhsulundan bəhər, gəlir götürmədiyi bir halda, həmin məhsulun onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə iddiaçı tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-176/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar