Məhkəmə qərarları › İş №2(107)-1137/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1137/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1137/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, vərəsələrin məsuliyyəti) Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları "xxxx" ASC Rəhimov Məmmədxan Məhəmməd oğluna xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 20 faiz olmaqla 13.000 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 22 faiz olmaqla 1.800 manat kredit verib. Bankın maliyyə arayışlarına görə X1 Məhəmməd oğlunun sözügedən kredit müqavilələri üzrə Banka ödənilməmiş bütövlükdə 12.502,96 manat kredit borcu vardır. 31 oktyabr 2023-cü il tarixdə Rəhimov Məmmədxan Məhəmməd oğlu ölüb, onun adına Ağsu rayon Notariat Ofisində 48 reyestr nömrəli xx.xx.2024-cü il tarixli vərəsəlik işi açılıb və vərəsəlik işi üzrə onun mirası qəbul etmiş vərəsələri kimi cavabdehlər tanınıb. Hazırda iddiaçı, cavabdehlərin mirası qoyan Rəhimov Məmmədxan Məhəmməd oğlunun kredit borcunun mirasdan çox olduğunu sübut edə bilmədikləri üçün, cavabdehlərdən onun xeyrinə bütövlükdə 12.502,96 manat borcun tutulmasını iddia edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə BPM**********17 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10.633,18 manat əsas borc, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və BPM**********32 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1.800 manat əsas borc, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat borc, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddaçı ilə Rəhimov Məmmədxan Məhəmməd oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı kredit müqaviləsinə əsasən Rəhimov Məmmədxan Məhəmməd oğluna 48 ay müddətinə illik 20 faiz olmaqla 13.000 manat məbləğində nağd kredit və xx.xx.2022-ci il tarixli BPM**********32 saylı tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 22 faiz olmaqla 1.800 manat məbləğində kart kredit limiti verilmişdir. X1 Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 308 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2024- cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Rəhimov Məmmədxan Məhəmməd oğlunun xx.xx.2022-ci il tarixli, BPM**********17 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 10.633,18 manat əsas borc və 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli BPM**********32 saylı tam kart müqaviləsinəəsasən kart kredit limiti üzrə 1.800 manat əsas borc və 42,09 manat faiz borcu olmaqla cəmi 1.842,09 manat məbləğində borcu qalmışdır. Cavabdehlər X2 Məhəmməd oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2 Məhəmməd oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2023-cü il tarixdə öldüyündən, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına Ağsu rayon notariat ofisində 48 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qalmış əmlakı qəbul etdikləri həddə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 739, 1146, 1255 və 1306-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: BPM**********17 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi PM**********32 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi AZ-İİ seriyalı 372810 saylı ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon Notariat Ofisinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü Rəhimov Məmmədxan Məhəmməd oğlunun adına Ağsu rayon Notariat Ofisində 48 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-546/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər E.İsayev sədrlik edən, məruzəçi, Ə.Məcidov və E.Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-2699/2025 nömrəli Qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(107)-546/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini şərtli formada (qeyri dəqiq) təmin etmişdir. İddiaçı tərəfindən X2 Məhəmməd oğlunun vərəsələri barədəməlumat verilməsi üçün Ağsu rayon Notariat Ofisininə müraciət edilmiş və Ağsurayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 308 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3, RəhimovFərid Məmmədxan oğlu və Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Lakin mirasın həcmi ilə bağlı heç bir məlumat təqdim edilməmişdir. Məhkəmə prosesi zamanı iş üzrə miras əmlakın həcmi məlum olmadığı üçün tərəfimizdən işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə X2 Məhəmməd oğlunun adına açılmış vərəsəlik işinin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Ağsu rayon notariat ofisinə sorğu ünvanlanması barədə xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən vəsatətimiz təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Hazırkı mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tam hər tərəfli araşdırmamış və nəticədə qəbul edilmiş qətnamənin hissəvi ləğvini şərtləndirən maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2024-cü iltarixli 308 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Məhəmməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2024-cü il tarixli, 48 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər, yəni mirasdan tam şəkildə pay almışlar. Cavabdehlər miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda, hazırki mübahisədə mirasın notarius tərəfindən siyahıya alınmamışdır. Belə olan halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir ki, cavabdehlər bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Hər nə qədər cavabdehlər miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilmirsə, bunun əksi, yəni mirasın borcdan artıq olması öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını mübahisəyə təqdim etməmiş, sübutetmə yükünü düzgün qiymətləndirmədən yalnış nəticəyə gəlmişdir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)- 179/2025 nömrəli qətnaməsinin şərtli (qeyri dəqiq) hissəsi ləğv edilərək, Rəhimov Məmmədxan Məhəmməd oğlunun mirası qəbul etmiş vərəsələri - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10.633,18 manat əsas, 27,69 manat faiz borcu olmaqla, cəmi 10.660,87 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1.800 manat əsas, 42,09 manat faiz borcu olmaqla, cəmi 1.842,09 manat məbləğində kredit borcu, ödənilmiş 127,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1- ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1- ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını müahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehlərin borcu miras qalmış əmlakı qəbul etdikləri həddə ödəmələri hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-2699/2025 nömrəli Qərarında göstərilmişdir ki, mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mülki Məcəllənin 1307-ci maddəsinin mənasına görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, məhz vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdehlər isə bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər mirasın qəbulundan imtina uçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb etmədikləri üçün, əksini yəni, mirası qoyan Rəhimov Məmmədxan Məhəmməd oğlunun borclarının mirasdan çox olduğunu sübut etmək yükü məhz cavabdehlərin öhdəsinə düşür. Məhkəmə kollegiyası tərəfindən Ağsu rayon Notariat Ofisinə sorğu verilməklə vərəsəlik işinin materialları əldə edilmiş, əldə edilən materiallar arasıda notarius tərəfindən tərtib edilmiş mirasqoyanın miras əmlakının siyahısına rast gəlinməmişdir. Belə olan halda borcun mirasdan çox olduğunu sübut etmək yükü məhz cavabdehlərin üzərinə düşür. Cavabdehlər isə bu barədə məhkəməyə hər hansı sübut təqdim etmədikləri üçün borcu tam şəkildə birgə borclu kimi ödəmək öhdəliyini daşıyırlar. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən “cavabdehlərin borcu miras qalmış əmlakı qəbul etdikləri həddə ödəmələri” hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundаn iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, qətnamənin nəticə hissəsinin ikinci abzasından “miras qalmış əmlakı qəbul etdikləri həddə” söz birləşmələri çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin. Qətnamənin nəticə hissəsinin ikinci abzasından “miras qalmış əmlakı qəbul etdikləri həddə” söz birləşmələri çıxarılsın. Ağsu Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(016)-179/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar