Məhkəmə qərarları › İş №2(107)-1141/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1141/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1141/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X6 iclas katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(025)-837/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı Əliyev X3 şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq Cavabdeh ilə birlikdə işlətmiş. Sonra mağazanı 14000 (on dörd min) manat dəyərində malla birlikdə Cavabdeh satmışdır. Cavabdeh müxtəlif vaxtlara ümumilikdə 11000 manat pul almışdır. Cavabdeh aldığı bütün borcları ödəyəcəyini öhdəsinə götürsədə bugünə kimi borcunu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 25000 (iyirmi beş min) manat məbləğində borcun və ödənilmiş 165 (bir yüz altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 25165 (iyirmi beş min bir yüz altmış beş) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında mağaza açmışdır. Bakı şəhərindən mağazada satmaq üçün 14000 manat dəyərində olan ayaqqabıları alıb gətirib mağazaya yığmışdır. Qısa bir müddət keçdikdən sonra mağazanı işlədə bilməmiş və bu zaman Cavabdeh mağazanı içindəki mallarla birlikdə ona verməsini, malların dəyərini tam olaraq 1 həftə ərzində kredit götürərək qaytaracağını bildirmişdir. Mağazanın içindəki malların hamısını Cavabdeh təhvil vermişdir. Daha sonra o, öz vədinə əməl etməyərək pulun ödənilməsini gecikdirmiş və bunu kredit ala bilməməsi ilə əsaslandırmışdır. Həmin ilin may ayının birində Cavabdeh yenidən iddiaçıdan 3000 manat məbləğində borc istəmiş və borcun mağazaya əlavə mallar almaq üçün lazım olduğunu bildirmişdi. İddiaçı isə həm əvvəl verdiyi borcun qaytarılması, həm də Həmidin işlərinin yaxşılaşması xətrinə yenidən 3000 manatı Həmidə vermişdir. Həmid onu evinə dəvət etmiş və onlarda olarkən krediti bağlayıb yeni kredit alacağını və pulu qaytaracağını bildirmişdi. Cavabdeh evini bir nəfərə satacağı barədə razılaşdığını, onunla görüşüb söhbət etməli olduğunu bildirmişdir. Söhbət zamanı Həmid və onunla görüşməyə gəlmiş Zaur adlı bir nəfər ona öz aralarında razılaşdıqlarını, maşını onun adına keçirəcəklərini bildirmişdilər. Razılaşdıqdan sonra Həmid yenidən ondan 2500 manat yeni mal almaq üçün, 3000 manat isə mağazanın icarə pulu üçün lazım olduğunu bildirmiş və borc istəmişdir. Həmin vaxtadək olan məbləğlərin cəmi olaraq 22500 manat borcun qarşılığında maşının adına rəsmiləşdirilməsi barədə razılaşmışlar. O, yenidən Həmidə 5500 manat pul vermişdir. Lakin daha sonra Həmiddən maşını adına keçirtməyi tələb etdikdə Həmidin evinin sənədlərinin lazımi qaydada olmaması səbəbindən razılaşmalarının pozulduğunu bildirmişdir. Daha sonra o yenidən Həmidgilin evlərinə getmiş və borcun ödənilməsi ilə bağlı söhbət etmişlər. Bu zaman Həmidin atası ona pensiya kartını verə biləcəyini bildirmiş, lakin o bunu qəbul etməmişdir. Həmid yenidən ona evlərinin sənədlərini almaq üçün kömək etməyini, 2500 manat məbləğində pul lazım olduğunu bildirmiş və həmin məbləği təkrar atası vasitəsilə Həmidə vermişdir. Evin sənədləri qaydasına saldıqdan sonra Həmid ona olan cəmi 25000 (iyirmi beş min) manat məbləğində borcunun qaytarılmasından imtina etmişdir. Ona görə də, Cavabdeh 25.000,0 manat əsas borc və 165,0 manat dövlət rüsumu, cəmi 25.165,0 manat alınıb ona verilməsi barədə barədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(025)-837/2024 nömrəli (Ülvi Qələndərov) qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 25.000,0 (iyirmi beş min) manat və 165,0 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2023-cü ilin aprel ayında Qəbələ şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq Cavabdeh ilə birlikdə işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14000 manat dəyərində malla birlikdə Cavabdeh satmışdır. Cavabdeh 1 həftə müddətində bankdan kredit götürüb borcunu ödəyəcəyini vəd edərək əvvəlki kredit borcunu bağlamaqdan ötrü ondan 3000 manat nağd almış və sonra kredit məsələsinin alınmadığını bildirərək yenə də 2500 manat nağd alaraq borc əvəzində ona 20500 manat dəyərində “Hundai” markalı avtomobil vermiş, lakin bir gün sonra avtomobil əsl sahibi tərəfindən aparılmışdır. Bundan başqa o, mağazanın 3000 manat məbləğində altı aylıq icarə haqqını Cavabdeh yerinə qabaqcadan ödəmişdir. Cavabdeh evini sataraq borcunu qaytaracağını vəd edərək daşınmaz əmlaka dair sənədləri düzəltməkdən ötrü ondan 2500 manat almış və alıcı tapılmasına baxmayaraq evi satmaqdan imtina etmişdir. Cavabdeh ona 25000 manat məbləğində borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin indiyədək qaytarmamışdır. Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 2023-cü ildə Əliyev X3 şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq onunla birlikdə işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14.000 manat dəyərində malla birlikdə ona satmışdır. O, bankdan kredit götürüb borcunu ödəmək məqsədilə əvvəlki kredit borcunu bağlamaqdan ötrü İddiaçı 3000 manat nağd almış, lakin kreditin alınması baş tutmadığından borcunu qaytara bilməmişdir. Bundan sonra İddiaçı borcun 20500 manat dəyərində “Hundai” markalı avtomobillə əvəzləşdirilməsi məqsədilə ona 2500 manat nağd ödəniş etmiş, mağazanın 3000 manat məbləğində altı aylıq icarə haqqını onun yerinə qabaqcadan ödəmiş və ona məxsus olan daşınmaz əmlaka dair sənədlərin düzəlməsindən ötrü daha 2500 manat xərcləmişdir. Ona görə də, İddiaçı 25000 manat məbləğində borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin imkanı olmadığından indiyədək qaytara bilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Qəbzin surətinə əsasən Cavabdeh İddiaçı 25000 manat məbləğində borclu olduğunu şəxsən yazaraq etiraf etmiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh 25000 manat və 165 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 739.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, necə ola bilər ki, iddiaçını hər dəfə guya onu aldadırır, ondan pul alır və o sözünə əməl etmir və yenə də ona pul borc verir. Əlbətdə ki, inandırıcı deyil! İddiaçı cavabdehin ona inamından sui istifadə edərək onu öz təsiri altına salmış səsini yazmış və cavabdehin ona 25000 manat borcu olduğu barədə yazılı şəkildə qəbz almışdır. Ona edilən hədələr ciddi və real olduğundan hətta o məhkəmə zalında hakimə real vəziyyəti danışa bilməmişdir, əksinə qorxu altında iddiaçıya 25000 borcunun olduğunu yalandan etiraf etmişdir. Həqiqətən onun iddiaçıya şəriklik fəaliyyətində 8000 manat borcu olu, 17000 manat ona hədə-qorxu yolu ilə etiraf etdirilmişdir. Yəni işə əlavə etdirilən 25000 borca dair qəbz ona hədələməklə alınıb. Məhkəmənin onun iddiaçıya verdiyi yazılı borc etirafını və məhkəmədə etirafını sübut kimi qəbul etməsi qəbuledilməzdir. İddiaçı və onun atası tərəfindən təzyiq altında olmağını məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə onun 14000 manat dəyərində malı olan mağazanı hansı sənədlə götürdüyünü təsdiqləyən heç bir sübut aydınlaşdırılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, onun doğrudan da iddiaçıya 25000 manat borcu vardır. O, iddiaçıdan həm 14000 manatlıq nisyə mal almış, həm də müxtəlif vaxtlarda borc almışdır. Onun iddiaçıya cəmi 25000 manat borcu vardır. Halhazırda iddiaçı ilə barışmışdır. Tezliklə bankdan kredit götürərək borcunu ödəyəcəkdir. Atası isə, iddiaçı ilə onun razılaşmasını bilmədiyindən onda işlə bağlı yanlış təsürat yaranmışdır. Buna baxmayaraq apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 bildirdi ki, cavabdeh Həmid onun oğludur. Oğlunun borcunu ödəməyə onun imkanı yoxdur. İddiaçı bilməliydiki Həmidin bu borcu ödəməyə imkanı yoxdur. Odur ki, apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, cavabdehin ona 25000 manat borcu vardır. O, cavabdehə 14000 manatlıq nisyə mal vermişdir. Daha sonra isə cavabdeh müəyyən vaxtlarda ondan borc pul almışdır. Cavabdehin ona cəmi borcu 25000 manatdır. Cavabdehlə hal-hazırda barışmışlar və cavabdeh ona borcunu qaytarmağa söz vermişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh veridiyi malın dəyəri olan 14000 manatı və müxtəliv vaxtlarda ona borc olaraq verdiyi 11000 manat pulu, ümumilikdə 25000 manat borcu tələb edir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Göründüyü kimi, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, ilk növbədə bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun və malın iddia etdiyi məbləğdə və miqdarda (həcmdə) cavabdehə verməsinin sübut edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya hal-hazırda cəmi 25000 (iyirmi beş min) manat borcu olması iş materialları ilə tam sübut olunur. Belə ki, hazırki iş üzrə Cavabdeh İddiaçı 25.000,0 manat məbləğində borclu olduğunu qəbzə şəxsən yazaraq etiraf etmiş və imzası ilə təsdiq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 2023-cü ildə Əliyev X3 şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq onunla birlikdə işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14.000,0 manat dəyərində malla birlikdə ona satmışdır. O, bankdan kredit götürüb borcunu ödəmək məqsədilə əvvəlki kredit borcunu bağlamaqdan ötrü İddiaçı 3000,0 manat nağd almış, lakin kreditin alınması baş tutmadığından borcunu qaytara bilməmişdir. Bundan sonra İddiaçı borcun 20.500,0 manat dəyərində “Hundai” markalı avtomobillə əvəzləşdirilməsi məqsədilə ona 2500,0 manat nağd ödəniş etmiş, mağazanın 3000,0 manat məbləğində altı aylıq icarə haqqını onun yerinə qabaqcadan ödəmiş və ona məxsus olan daşınmaz əmlaka dair sənədlərin düzəlməsindən ötrü daha 2500,0 manat xərcləmişdir. Ona görə də, İddiaçı 25.000,0 manat məbləğində borclu olduğunu yazılı şəkildə etiraf edib imzalayaraq təsdiq etmiş, lakin imkanı olmadığından indiyədək qaytara bilməmişdir. Göründüyü kimi, İddiaçı 2023-cü ildə dəyəri 14000 manat olan malı cavabdehə satmış, eyni zamanda da müxtəlif vaxtlarda cavabdehə 11000 manat pul vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək malları, daha sonra isə pulu cavabdehə vermişdir. Sonuncu isə, üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə ki, tərəflər arasında borcun dəqiqləşdirilməsi məqsədilə qəbz tərtib edilmiş və cavabdeh xx.xx.2024-cü il tarixə qəbzi şəxsən imzalayaraq iddiaçıya 25000 manat borcu olduğunu qeyd etmişdir Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona ciddi hədə-qorxu edildiyindən birinci instansiya məhkəməsində borcu etiraf etmək məcburiyyətində qalması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, cavabdeh ona hədə-qorxu gəlindiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda da, cavabdeh ona hədə-qorxu olunması ilə bağlı heç bir hüquq-mühafizə orqanına da müraciət etməmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlillərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun 8000 manat borcu olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində onun əslində 8000 manat borcu olduğunu bildirsə də həmin borcu təsdiq edən heç bir sənədi və ya şahidi məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə cavabdeh 25000 manat borcu olduğunu etiraf etmiş və həmin qəbzi özünün imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin malın hansı sənədlərlə mağazadan götürdüyünü təsdiqləyən sübutun olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında həmin malı mağazadan götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də iddiaçıya ümumilikdə 25000 manat borcu olmasına dair xx.xx.2024-cü il tarixli qəbzi özünün imzaladığını bildirmişdir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə birlikdə Qəbələ şəhərində şəxsi vəsaiti hesabına mağaza açaraq işlətmiş və bir müddət keçəndən sonra mağazanı 14.000,0 manat dəyərində malla birlikdə nisyə olaraq cavabdehə satmışdır. Daha sonra, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan ümumilikdə 11000 manat pul almışdır. Cavabdeh aralarında qəbz tərtib edərək borcu qaytaracağını bildirsə də, bugunədək həmin borcu qaytarmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e-2(025)-837/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar