Məhkəmə qərarları › İş №2(107)-1143/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1143/2020

30.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1143/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, x4 iclas katibliyi və Cavabdeh2 iştirakı ilə İddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(039)-197/2020 nömrəli qətnaməsindən iş üzrə x5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : x5 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş Mingəçevir Bələdiyyəsinə aid olan 0.12 ha torpaq sahəsinin boşaldılması və aparılan qanunsuz tikinti işlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tаrixli, 2(039)-197/2020 nömrəli (hаkim R.Əlizadə) qətnaməsi ilə x3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Mingəçevir şəhər Bələdiyyəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Y.Muradov küçəsi ev 39, mənzil 12-də yaşayan Abbasov x2 şərq giriş hissəsinin sol tərəfində magistral avtomobil yolunun yaxınlığında Mingəçevir şəhərinin inzibati sərhəddi daxilində, Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparması aşkar edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edildi ki, qeyd olunmuş 0.12 ha torpaq sahəsini qanunsuz olaraq Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən fərdi mənzil tikintisi üçün Cavabdeh2 mülkiyyətinə verilmiş və 01 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair qərara əsasən Yevlax rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən tikintiyə icazə verilmişdir. Mingəçevir şəhərinin inzibati sərhəddi 06 iyun 1962-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə təsdiq olunmuş Baş plana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2016-cı il tarixli 451 nömrəli Qərarı ilə Mingəçevir şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Mingəçevir şəhərinin Baş Planı” təsdiq edilmişdir. Təsdiq olunmuş Baş plan Yevlax rayonunun Havarlı kənd Bələdiyyəsi tərəfindən mütəmadi olaraq pozulur. Belə ki, Mingəçevir şəhərinin inzibati sərhəddi daxilində, Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olunan torpaqları başqa-başqa vətəndaşlara qanunsuz olaraq satılması halları müşahidə olunur. Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinin 46-47-ci Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Cavabdeh2 tikinti işləri apardığı torpaq sahəsi, Mingəçevir şəhərinin inzibati ərazisinin sərhədləri daxilində olmaqla Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardır. Ona görə də Yevlax rayonunun Havarlı kənd bələdiyyəsinin Cavabdeh2 adına ayrılmış 0.12 ha torpaq sahəsinə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş 0.12 ha torpaq sahəsinin boşaldılması və qeyd olunan ərazidə aparılan tikinti işlərinin dayandırılmasına dair məhkəmə qarşısında vəsatət qaldırılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: x5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, təsdiq edilmiş baş plan Yevlax rayonu, Havarlı kənd Bələdiyyəsi tərəfindən mütəmadi olaraq pozulur. Mingəçevir şəhərinin inzibati sərhəddi daxilində Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar başqa-başqa vətəndaşlara qanunsuz olaraq satılması halları müşahidə olunur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi daim Yevlax rayonun inzibati ərazisinə aid olub. O, həmin torpaq sahəsini xeyli müddət bundan əvvəl notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirməklə almış və həmin torpaq sahəsində ev də tikmişdir. Necə olur ki, birdən birə həmin torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin ərazisi olur. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəiddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Torpağın mülkiyyətə verilməsinə dair JN-337A kod 90105010 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayon x6 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə x7 Yevlax rayonu, Havarlı kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. 29 iyun 2006-cı il tarixli müqaviləsinin surətindən məlum olur ki, x11 özünə məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsini x1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 iyun 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, x8 Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi vardır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 x9 məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsini almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 01 iyul 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi vardır. Məhkəmə kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Yevlax rayon x6 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə x7 Yevlax rayonu, Havarlı kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. x11 həmin torpaq sahəsini 29 iyun 2006-cı il tarixdə notarial qaydada müqavilə rəsmiləşdirməklə x9, x13 da öz növbəsində Cavabdeh2 satmışdır. Bu barədə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iddiaçı tərəf mübahisəli torpaq sahəsinin Mingəçevir şəhər Bələdiyyəsinin ərazisi olmasını bildirsə də, bununla bağlı məhkəmə araşdırmaları zamanı heç bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahəsi Cavabdeh2 satılarkən dövlət reyestrində satıcıların adına qeydə alınaraq onların adına çıxarış verilmişdir, həmin vaxt torpaq sahəsi Yevlax rayonunun inzibati ərazisində yerləşmişdir, torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, Cavabdeh2 adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tаrixli, 2(039)-197/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar