Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1150/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc" tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-9/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair əmr icraatı qaydasında məhkəməyə müraciət etmiş, borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 5212.37 manat əsas borc, 699.04 manat faiz borcu, cəmi 5911.41 manat məbləğində borc və 20.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(039)- 3154/2018 saylı qərardadı ilə məhkəmənin 26 dekabr 2018-ci il tarixli, 2(039)-3154/2018 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5212.37 manat əsəs borc, 1871.82 manat faiz, 118.73 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) olmaqla, cəmi 7202.92 manat borcun tutulması; məhkəmə rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidməti haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-9/2021 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə, iddia qismən təmin edilərək, əsas kredit borcu 5212.37 manat, faiz borcu 1312.63 manat, cəmi 6525 manat borc, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı xx xxxxxx 1986-cı il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan Cavabdeh1 və xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Bakıxanov döngəsi mənzil 10-da qeydiyyatda olan Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 cəmi 400 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixli 145-21.09.2017- SM197 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 illik 27 faizlə 24 ay müddətinə 7200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə, cavabdehlərin İddiaçı ASC-yə 5212.37 manat əsas borc, 1871.82 manat faiz borcu, 118.73 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) olmaqla, cəmi 7202.92 manat borcları qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin “işin faktiki halları” bölməsində şərh olunan xüsusatlardan göründüyü kimi, 21 sentyabr 2017-ci il tarixdə illik 27% dərəcəsiylə 7200 manat məbləğində kredit götürülmüşdür. O, hərbiçidir kredit götürəndə iki qat əmək haqqı alırmış sonradan iş yeri dəyişdirildiyi üçün əmək haqqı tək qata düşmüş və bundan sonra kredit öhdəliyini icra edə bilməmişdir. İddiaçının sizə verdiyi maliyyə arayışına diqqət yetirsəniz məbləğin düzgün hesablanıb hesablanmaması açıq aydın görünür. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası və təkrar məhkəmə mühasibatlıq ekspertizasının gəldiyi nəticələrdə ziddiyət olduğu üçün komissyon mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti vardır. Hesab edirlər ki, iş üzrə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə tələb edilən əsas və faiz məbləğinin düzgün hesablanmasını müəyyən etmək olar. Odur ki, iş üzrə komisyon ekspertiza təyin edilməsinə zərurət vardır. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını, cavabdeh tərəf isə teleqram ünvanlayaraq komissiyon ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-9/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli 145- 21.09.2017-SM197 saylı kredit müqaviləsinə əsasən ona 7200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 5212.37 manat əsas borc, 1871.82 manat faiz borcu, 118.73 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) olmaqla, cəmi 7202.92 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2020-ci il tarixli 9/937 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları 21 sentyabr 2017-ci il tarixli 21.09.2017-SM197 saylı kredit müqaviləsi şərtləri və iddia tələbinin həcminin artırılmasına dair ərizəyə əsasən Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla 05 mart 2020-ci il tarixədək (maliyyə arayışının tarixinə) banka olan borcu 6181.16 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 5293.29 manat, faiz borcu üzrə 887.88 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 9/4463 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat zamanı, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21 sentyabr 2017-ci il tarixli 21.09.2017-SM197 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 21 sentyabr 2019-cu il tarixə (sualda göstərilən tarix) illik 27 faizlə banka olan borcu 7106.90 manat məbləğində və 21 sentyabr 2019-cu il tarixdən 03 sentyabr 2020-ci il tarixə (sualda göstərilən tarix) illik 5 faizlə banka olan borcu 6605.91 manat məbləğində müəyyən olunur, o cümlədən: 21 sentyabr 2019-cu il tarixə əsas borc üzrə 5293.29 manat, faiz borcu üzrə 1813.61 manat, 03 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 5293.29 manat, faiz borcu üzrə 1312.63 manat. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndində göstərilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli 145-21.09.2017-SM197 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsi ilə müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apellyator) əsas və faiz borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, əsas və faiz borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh komissiyon ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Beşinci, kollegiya kollegiya qeyd edir ki, lüzumsuz yerə icranı yubatmaq kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(039)-9/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1150/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1150/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver