Məhkəmə qərarları › İş №2(107)-1150/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1150/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1150/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Mirzəməmməd oğluna və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra- Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Mirzəməmməd oğluna və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki üzrə Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə ilə Cavabdeh2(bundan sonra- borcalan)arasında 13 oktyabr 2008-ci il tarixli, Kİ-765/AG nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir Bank ilə zaminlər Cavabdeh4 Mirzəməmməd oğlu, X1 və Cavabdeh3 arasında 14 oktyabr 2008-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 366 ABŞ dolları, müqavilə müddəti üçün əsas borc məbləğinə hesablanmış faiz borcu 994 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 206 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli, 4/722 №-li rəyindən görünür ki, "xxxx" ASC-nin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış Kİ-765/AG nömrəli 13 oktyabr 2008-ci il tarixli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən çəkilmişdir. "xxxx" ASC-nin Ağdaş filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli zaminlik məktubundakı imza Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 366 ABŞ dolları əsas borc, 994 ABŞ dolları faiz borcu, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 206 ABŞ dolları faiz borcunun alınaraq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış 13 oktyabr 2008-ci il tarixli, Kİ- 65/AG nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mirzəməmməd oğlu ilə bank arasında 13 oktyabr 2008-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 1566 ABŞ dolları təşkil edir. Bundan 366 ABŞ dolları əsas borc, 994 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 206 ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mirzəməmməd oğluna borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdirlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tarm yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(014)- 433/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 127 manat pulun Bankdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə-xətşünaslıq ekspertizasının 27 may 2022-ci il tarixli, 4/722 №-li rəyi ilə "xxxx" ASC-nin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış Kİ-765/AG nömrəli, 13 oktyabr 2008-ci il tarixli kredit müqaviləsində olan imzanın Cavabdeh2, "xxxx" ASC-nin Ağdaş filialı ilə Cavabdeh3 arasında bağlanmış 14 oktyabr 2008-ci il tarixli zaminlik məktubundakı imzanın Cavabdeh3 məxsus olmadığı müəyyən olunduğu üçün borcalan kimi iş üzrə Cavabdeh2, həm də zamin kimi iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mirzəməmməd oğlu və Cavabdeh3 "xxxx" ASC qarşısında məsuliyyət daşımırlar, yəni onlar mövcud olmayan kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün zamin kimi iddiaçı bank qarşısında cavabdehlik daşımırlar, buna görə də iddia rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 119.1, 124.1, 124.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Bank apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Kredit müqaviləsi, maliyyə arayışı və hesabdan çıxarışlarda öz əksini tapan, ilkin 3800 ABŞ dolları olan borcun cəmi 1566 ABŞ dolları miqdarında azalmasına səbəb olan hallar araşdırılmamış, cavabdehlər tərəfindən banka edilən ödənişlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin borcalanın etirazına uyğun çıxarılması iddiaçıda ciddi suallar doğurur. İddiaçı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versə də, Rayon Məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Bank və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Mirzəməmməd oğlu apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmişdirlər və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdirlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh2 əvvəlki apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən ödənişlər edildiyini bildirsə də, istinad etdiyi halları təsdiq edən sənədləri məhkəmələrə təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin mübahisəli olduğunu bildirsə də, ekspert rəyinin şübhə altına alınmasına əsas verən sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, obyektiv məhkəmə araşdırması aparılması məqsədi ilə kredit müqaviləsi üzrə məxaric orderinin Məhkəməyə təqdim edilməsi üçün iddiaçı Banka xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğular göndərilmiş, lakin iddiaçı tərəfindən sorğu edilən sənəd Məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış müqavilə üzrə tələb olunan faiz borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda onu da bildirir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğuna görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar