Məhkəmə qərarları › İş №2(107)-1151/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1151/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1151/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər birinə görə 500 (beş yüz) manat olmaqla ayda 1000 (bir min) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat;

2. İddiaçı iddia tələbini müdafiə edərək məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 02 aprel 2012-ci il tarixdə o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 adında uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. Birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(025)-411/2021 saylı qətnaməsi ilə onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait getdikcə artır və o, təkbaşına uşaqların maddi və sair ehtiyacının təmin olunmasında çətinlik çəkir. Cavabdeh Rusiya Federasiyasında yaşayır, geniş imkanlara malik olan tanınmış və uğurlu iş adamıdır. Onun şəxsi şirkəti ("xxxx" MMC) , böyük məbləğlərlə ölçülən qiymətli əmlakı (bahalı avtomobillər və daşınmaz əmlak obyektləri) və hər ay artan gəlirləri vardır. Ona görə də, uşaqların saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər biri üçün 500 manat aliment olmaqla ayda 1000 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırmışdır.

3. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Cavabdeh Rusiya Federasiyasında daimi olaraq yaşayır və "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 69.600,0 rubl təşkil edir və başqa gəlirləri yoxdur. Bundan başqa Eldəniz Məmmədov xx.xx.2021-ci il tarixində yenidən evlənmişdir və müharibə şəraiti ilə əlaqədar artan infilyasiya və bahalaşma səbəbindən ailənin maddi təlabatını çətinliklə təmin edtdiyi üçün İddiaçı tələb etdiyi məbləğdə alimenti odəmək iqtidarında deyil. Ona görədə, iddia tələbi əsassız hesab edilməlidir.

4. Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsi ilə, (hakim Ü.Qənbərov) iddia tələbinin qismən təmin edilməsi. birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470,0 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi, bu qətnamə ilə müəyyən edilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun tutulub Dövlət Büdcəsinə keçirilməsi qət edilmişir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

5. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh baş direktor vəzifəsində olduğu "xxxx" MMC-nin hüquqi vəziyyətinə dair sənədləri (təsis müqaviləsi, nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.) tələb olunmasına baxmayaraq təqdim etmədiyindən cəmiyyətin ona məxsus olması və mənfəətlə işləməsi barədə iddiaçı tərəfin dəlilləri qəbul edilməlidir.

6. Məhkəmə həmçinin hesab etmişdir ki, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmalıdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 75.4, 76.1, 76.2, 77.1, 78.1, 78.2, 106.1, 106.2, 112.1 maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarının 2-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin ailə vəziyyəti, maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi, kreditinin olub-olmaması və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Bildirir ki, o, Rusiya Federasiyasında daimi olaraq yaşayır və "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir, aylıq əmək haqqısı məcburi tutulmalardan sonra 55.680 rubl təşkil edir və başqa gəlirləri yoxdur. Bundan başqa xx.xx.2021-ci il tarixində X11 ilə yenidən evlənmişdir və hazırda məhkəmə tərəfindən təyin edilmiş məbləğdə alimenti odəmək iqtidarında deyildir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Hesab edir ki, alimentin miqdarı artırılaraq ondan hər ay 235 manat sabit pul məbləğində aliment tutularsa onun və ailəsinin yaşamağında maddi məhrumiyyətlər yaranacaqdır. Ona görə də o, məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir, qeyd etdikləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. Eyni zamanda uşaqların saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan, uşaqların saxlanılmasında köməklik etməlidir. O, hal-hazırkı maddi vəziyyətinə görə hər bir uşağa 160-170 manat civarında aliment ödəyə bilər. Göründüyü kimi onun maddi vəziyyətində çox az dəyişiklik baş vermişdir.

10. Məhkəmə tərəfindən alimentin miqdarı artırılarkən onun rəsmi olaraq işləyərək yuxarıda qeyd etdiyi miqdarda əmək haqqı aldığı, başqa digər gəlirlərinin olmaması, yenidən ailə qurduğu və s. nəzərə alınmamışdır.

11. İddiaçı alimentin miqdarının artırılmasını xahiş etməyinə baxmayaraq onun maddi vəziyyətinin nə qədər yüksəlməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

12. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)- 790/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən hər uşağa görə 160 manat olmaqla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən, yəni hər ay hər uşağa görə 160 manat həddində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

18. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

19. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin yekununda qətnamənin tam ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarilə birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirmiş, iddia tələbinin qismən hər uşağa görə 160 manat olmaqla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

28. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 02 aprel 2012-ci il tarixdə bağlanmış nikah Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(025)-411/2021 nömrəli qətnaməsi əsasında pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016- cı il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat olmaqla, sabit məbləğində cəmi 260 manat aliment qət edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.

31. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(025)-411/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470,0 manat müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin ailə vəziyyəti, maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsinin qanunvericiliyə müvafiq olaraq müəyyən edilməməsi, aylıq əmək haqqısı olan 55.680 rubldan başqa gəlirlərinin olmaması, hazırda məhkəmə tərəfindən təyin edilmiş məbləğdə alimenti odəmək iqtidarında olmaması, onun maddi vəziyyətinin nə qədər yüksəlməsi barədə məhkəməyə hər hansı sübutun təqdim edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan cavabdehin iş və qazancına dair elektron məlumatlardan göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də müddətsiz əmək müqaviləsi ilə baş direktor vəzifəsində işləyir və 69600 rubl əmək haqqı alır. Həmçinin o, həmin müəssisənin təsisçisi olmaqla "xxxx" MMC-nin 2023-cü il üçün illik gəliri 8.8 milyon rubl təşkil etmişdir. Yəni Cavabdeh yalnız "xxxx" MMC-nin aylıq 69600 rubl əmək haqqı alan baş direktoru deyildir. Həmçinin 2023-cü il üçün illik gəliri 8.8 milyon rubl təşkil etmiş həmin müəssisənin sahibidir.

34. Bundan əlavə 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəlki məhkəmə aktı ilə təyin edilmiş alimentin məbləğini artıraraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470,0 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınmışdır. Uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470,0 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(025)-790/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar