Məhkəmə qərarları › İş №2(107)-1152/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1152/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1152/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(014)-162/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 660 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(014)-162/2021 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 660 (altı yüz altmış) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 X1 ASC-nin Bərdə rayon şöbəsinin hesabına ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq özünə məxsus 21 (iyirmi bir) baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsümündə salınmış 15 ha aqrobağ mədəni meşə əkinlərinin 3.0 ha əkininin və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə 10.08.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 660 manat ziyan vurulduğu aşkar edilmişdir. Cavabdeh X10 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 660 manat dəyərində ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Repsublikası Ekologiya və X4 yanında Meşələrin İnkişaf Xidmətinin X8 Təsərrüfatı Mərkəzi barəsində tam yalnış, qərəzli iddia qaldıraraq 660 manat məbləğin onlara ödənilməsi məhkəmə tərəfindən təmin edilmişdir. o, iddianı qəbul etməmişdir. Həqiqətən evində mal-qarası var. Heç bir vaxt meşəyə malqara göndərməmişdir. Çünki, ona məxsus heyvanlar evində saxlanılır. Hər hansı bir şəxsin heyvanlarının meşəyə vurduğu ziyanı dərk edir. Amma həmin heyvanlar onun deyildir. Barəsində qəbul olunmuş heç bir akt, protokol və qərarlarla bağlı məlumatı olmamışdır. İddiaçı özü öz işçiləri ilə akt tərtib edib, burada münasibət kimlərinsə sözü əsasında formalaşıb. Onun heyvanları meşəyə getmədiyi halda bu şəxslər nə ilə barəsində qərar qəbul edərək məhkəmədə hazırkı iddianı təmin etdiriblər o, dərk edə bilmir. Barəsində 14.08.2020-ci il tarixli protokolun tərtib edildiyi bildirilir. Guya onun 21 baş heyvanı həmin əraziyə daxil olub. Onun bu sayda iri buynuzlu heyvanı yoxdur. Bu protokol əsasında qərar qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsi bu barədə yalnış qərar qəbul etmişdir. Ona görə də hazırkı qətnamə ilə razı deyildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o özünə məxsus olan heyvanları meşə sahəsində otarmamış, ərazidə olan “qamışlıq” deyilən yerə buraxmışdır. Ola bilər ki, heyvanlar hərdən nəzarətsiz olanda həmin sahəyə girsin, lakin bu daimi xarakter daşımamışdır. Hətta bir dəfə meşə mühafizəçisi ona zəng edərək, heyvanlarının yenə də meşə ərazisinə girdiyini bildirmiş, o da bir az vaxtdan sonra həmin əraziyə getmiş, lakin heyvanlarını orada görməmişdir. Hesab edir ki, iddiaçı tərəf onunla qərəzlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onların heç kiminlə qəsd-qərəzliyi yoxdur. Cavabdehə məxsus olan heyvanlar bir neçə dəfə mühafizə olunan əraziyə daxil olmuş, bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh hər dəfə biganə yanaşmışdır. Sonda müsbət nəticə əldə olunmadığından akt və protokol tərtib etmişlər. Cavabdehə məxsus olan heyvanlar meşə ərazisinə daxil olmaqla orada olan yaşıllığı, o cümlədən pöhrələnmiş ağacları məhv etmişdir. Apellyasiya şikayətini qəbul etmir və Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Birinci instansiya məhkəməsində şahid Yasin İslamov ifadə verərək bildirmişdir ki, o, iddiaçı orqanda mühafizə mühəndisi işləyir. Qeyd edir ki, o, kəndin bütün mal-qarasını tanıyır. Malqaraların kimə məxsus olduğunu bilir. Meşəbəyliyin bir saylı meşə dolayının ərazisində qəfləti reys keçirən zaman Cavabdeh məxsus 21 baş iribuynuzlu mal-qaranın dolayın Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısında 2017-ci ilin payız mövsümundə salınmış 15 hektar aqrobağın 3 hektar ərazisində otlamış və həmin ərazini məhv etmişdir. Belə ki, heyvanlar nar ağaclarının pöhrələrini yemişlər. Cavabdeh bu barədə xəbərdarlıq edərək akt tərtib etmişlər. Lakin Cavabdeh akta imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 10 avqust 2020-ci il tarixli Aktından və fotoşəkillərdən məlum olur ki, Müəssisənin əməkdaşları Qarxun meşəbəyliyinin 1 saylı meşə dolayısına baxış keçirərkən Ağdaş rayonu Ərəbşəki kənd sakini Cavabdeh özünün 21 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payız mövsumundə salınmış 15 hektar aqrobağın 3 hektar ərazisində otarmaqla həmin ərazini məhv etdiyini aşkar etmişlər. Onlar Cavabdeh məxsus heyvanların fotoşəkillərini çəkmiş, bu barədə akt tərtib etmişlər, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. 14 avqust 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh özünün 21 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payızında salınmış 15 ha aqrobağın 3 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh özünün 21 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payızında salınmış 15 ha aqrobağın 3 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. 481 saylı, 25 avqust 2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, X7 və Bərpası Müəssisəsi tərəfindən Ağdaş rayonu, Ərəbşəki kənd sakini Cavabdeh Müəssisənin özünün 21 baş iri buynuzlu mal-qara heyvanlarını meşə sahəsinə gətirərək 2017-ci ilin payızında salınmış 15 ha aqrobağın 5 ha mədəni meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 1 saylı meşə dolayısında otardığı üçün ona tətbiq edilmiş 660 manat cərimənin 10 gün müddətində ödənilməsini təmin etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya məhkəməsinin icraatı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, cavabdehə məxsus olan heyvanlar nəzarətsiz olduğundan bir neçə dəfə mühafizə olunan meşə ərazisinə daxil olmuş və meşəyə ciddi ziyan vurmuşlar. Bu barədə cavabdehə bir neçə dəfə xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh hər dəfə biganə yanaşmışdır. Sonuncu dəfə heyvanların yenə də həmin əraziyə daxil olması barədə cavabdehə zəng edəndə, cavabdeh “mən kənardayam” deyə cavab vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliktlər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. - 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyri-qanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, cavabdeh iddia tələbinə etirazla bağlı nə birinci instansiya məhkəməsində, apllyasiya şikayətinin dəlilləri ilə bağlı isə apellyasiya məhkəməsində hər hansı mötəbər sübut təqdim etməmiş, şikayətini özünün mülahizəsi əsasında əsasdlandırmağa çalışmışdır. İkincisi, iş materiallarından müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsi zamanı da özünə məxsus olan heyvanları həmin əraziyə buraxmadığını bildirsə də, sonradan heyvanların nəzarətsiz qaldığından əraziyə girə biləcəyini də istisna etməmişdir. Cavabdeh eyni məzmunlu fikri apellyasiya məhkəməsində də bildirmişdir. Üçüncüsü, işin faktiki hallarından görünür ki, cavabdehin hüquqazidd əməli ilə bağlı inzibati protokol tərtib edilmiş və həmin protokol hazırda qüvvədədir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(014)-162/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar