Məhkəmə qərarları › İş №2(107)-1153/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1153/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1153/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə İddiaçı Cavabdeh tərəfindən satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvan tələf olduğu üçün cavabdehə ödədiyi 900 manat pulun və dəymiş zərərə görə 500 manat olmaqla, cəmi 1400 (bir min dörd yüz) manat Cavabdeh alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh 900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2021 saylı 08.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadından Cavabdeh şikayət verərək Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadını ləğv edib apellyasiya şikayətinə baxılması üçün işi Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün ı Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o həqiqətən də qətnamənin surətini 26 fevral 2021-ci il tarixində almışdır. 26 mart 2021-ci il tarixi isə qeyri-iş günü olduğundan o apellyasiya şikayətini 29 mart 2021-ci il tarixində vermişdir. Hesab edir ki, şikayət vermə müddətini ötürməmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialından görünür ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)- 324/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qətnaməsini 26 fevral 2021-ci il tarixində rəsmi qaydada almışdır. İşdə olan apellyasiya şikayətinin göndərildiyi zərfdən görünür ki, Cavabdeh şikayəti 29 mart 2021-ci il tarixində poçta təqdim etmişdir. Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən 20-28 mart tarixi qeyri iş günü hesab edilmişdir. MPM-in 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Bundan başqa, MPM-in 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Öyrənilən işdən bəlli olur ki, 26 mart 2021-ci il tarixi müddətin son günü olmasına baxmayaraq qeyri-iş gününə düşmüş və vətəndaş haqlı olaraq şikayəti 29 mart 2021-ci il tarixində vermişdir. Yuxarıda qeyd edilən əsaslara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti vermək hüququndan qanunvercilikdə nəzərdə tutulmuş qaydada vaxtında istifadə etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apellyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, MPM-in 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(046)-324/2021 nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar