Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1160/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair (Açar sözlər: borc tələbi, müqavilə üzrə borcun tutulması, kiçik iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 471 manat məbləğində əsas, 200 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 701 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMCdən dəyəri 754 manat olan məişət avadanlığı almış və nəticədə 471 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Ona görə də ona güzəştlə 200 manat faiz hesablanmışdır. Odur ki, sözügedən müqavilə üzrə yaranmış 471 manat məbləğində əsas, 200 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 701 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-cu il tarixli müqavilə üzrə 471 (dörd yüz yetmiş bir) manat məbləğində pulun tutularaq İddiaçın xeyrinə ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun alınıb, İddiaçınə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan dəyəri 754 manat olan məişət avadanlığı almış, ilkin olaraq 46 manat ödəmiş, qalan 708 manat məbləği pulu isə 12 ay müddətə aylıq 59 manat olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüş, lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya 471 manat əsas borcu qalmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğə iddiaçı tərəfindən 200 manat məbləğində faiz hesablanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdehdən 471 manat məbləğdə əsas borc alınmalı, lakin hesablanmış faiz borcu müqavilədə nəzərdə tutulmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “borc müqaviləsi” adlandırılmış müqavilənin ümumi mətninə nəzər yetiriləndə müəyyən edilir ki, həmin müqavilə borc müqaviləsi adlandırılsa da, əslində cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla belə müqavilədə borcun faizlər ilə verilməsi şərtləndirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 406.1, 442, 448.2, 567, 600.4, 601.1, 739.1, 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217.4, 284-1, 284-5.1, 284- 5.2, 284-5.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən Cavabdeh müqavilə öhdəliyini tam icra etməyib. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faizlə bağlı hissəsini rədd edib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində faizlə bağlı hissənin rədd edilməsini qət etmişdir. İş üzrə toplanmış materiallardan göründüyü kimi, cavabdehlə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 31 oktyabr 2020-ci il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 754 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra kreditora 471 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 31 oktyabr 2021-ci il tarixdən sonra qaytarılmayan 471 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 989 manat faiz borcu yaranmışdır (471 manat x 210 gün x 1%=989 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh əsas borc öhdəliyini 200 gündən artıq müddətdə icra etməyib, hazırda da, borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Hazırkı işdə borclunun barəsində digər icra sənədləri də, mövcuddur ki, bu da, borclunun ayrı-ayrı fiziki şəxslərdən, eləcə də banklardan və məişət texnikası satan hüquqi şəxslərdən nəğd pul və ya əşya alaraq dəyərini ödəməməyi özünün həyat tərzinə çevirməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı-nin iddiaçı tərəf olduğu işlərdə faiz borcunun tutulamasına dair məhkəmələrin çoxsaylı qətnamələrinin mövcud olmasını sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsi qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 31 oktyabr 2020-ci il tarixli MİK540776 saylı müqaviləyə əsasən hesablanmış 200 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. İddia tələbinin rədd edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 31 oktyabr 2020-ci il tarixli MİK540776 saylı müqaviləyə əsasən hesablanmış 200 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Kollegiya müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan dəyəri 754 manat olan məişət avadanlığı almış, ilkin olaraq 46 manat ödəmiş, qalan 708 manat məbləği pulu isə 12 ay müddətə aylıq 59 manat olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüş, lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya 471 manat əsas borcu qalmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğə iddiaçı tərəfindən 200 manat məbləğində faiz hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-cu il tarixli MİK540776 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 754 manat olan məişət avadanlığı almışdır. Cavabdeh ilkin olaraq 46 manat ödəmiş, qalan 708 manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 59 manat olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçınə müqavilə üzrə cəmi 471 manat borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun bu dəlili əsassızdır. Belə ki, iş materiallarında olan “borc müqaviləsi” adlandırılmış müqavilənin ümumi mətninə nəzər yetiriləndə müəyyən edilir ki, həmin müqavilə borc müqaviləsi adlandırılsa da, əslində cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla belə müqavilədə borcun faizlər ilə verilməsi şərtləndirilməmişdir. Bundan başqa apellyatorun verdiyi apellyasiya şikayətində cavabdehin əsas borc öhdəliyini 200 gündən artıq müddətdə icra etmədiyini, hazırda da, borc öhdəliyini icra etməməkdə davam etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyatorun bu dəlilini araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən apellyatorun bu dəlili ilə bağlı yetərli qədər araşdırma aparmış və müəyyən etmişdir ki, xx.xx.2020-cu il tarixli MİK540776 saylı müqavilə əsasən İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 754 manat olan məişət avadanlığı almış və hazırda cavabdehin İddiaçınə müqavilə üzrə cəmi 471 manat borcu vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən dəlillə də bağlı birinci instansiya məhkəməsi ədalətli mövqedə olmuşdur. Bu səbəbdən də apellyatorun bu dəlili də əsassızdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin qeyd edilmiş dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər və sübutlara əsasən qətnamə qəbul etmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(051)-1581/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1160/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1160/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver