Məhkəmə qərarları › İş №2(107)-1168/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1168/2021

10.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1168/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 09 mart 2021-ci il tarixli 2(024)- 65/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “miras qalmış torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilərək mərhum X1 miras qalmış Qax rayonu Qıpçaq kəndində yerləşən 0.10 ha həyətyanı, 0.61 ha və 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən aparılacaq ölçü işlərinə Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 miras qalmış Qax rayonu Qıpçaq kəndində yerləşən 0.10 ha həyətyanı, 0.61 ha və 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən aparılacaq ölçü işlərinə Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, onun mərhum atası X5 05 may 2011-ci ildə vəfat etmişdir. Mərhum atasından Qax rayonu Qıpçaq kəndində 0.10 ha həyətyanı, 0.61 ha və 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras əmlak olaraq qalmışdır. Atasının vəfatından sonra o miras qalmış əmlaka dair vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04.02.2020-ci il tarixli 248 nömrəli məktubu ilə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə bildirilmişdir ki, 05.05.2011-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı İddiaçıdır. Bundan sonra o atasından miras qalmış həmin əmlaklar üzərində vərəsəliyinin qeydiyyata alınması məqsədi ilə notariat orqanına təqdim edilməsi üçün forma 1 almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları həmin torpaq sahələrində ölçü işlərinin aparılması üçün əraziyə getsələr də, atasının bacısı oğlu Cavabdeh ərazidə ölçü işlərinin aparılmasına maneə yaratmışdır. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ölçü işləri aparıla bilməmişdir. Ona görə də o məcbur qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(024)-65/2021 saylı qətnaməsi qəbul edilərkən prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılaraq hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə olunan torpaq sahəsi islahat aparıldıqdan sonra onun istifadəsində olmuş və zəbt torpaq sahəsi kimi onun adına işlənsə də, hüquqi sənədi verilməmişdir. Bu faktı Qıpçaq Bələdiyyəsi tərəfindən verilmiş 14.12.2007-ci il tarixli 102 saylı və 31.03.2021-ci il tarixli 25 saylı arayışlar təsdiq edir. Bundan əlavə olaraq Qax Rayon Məhkəməsinin 2-1/2008 saylı 08.02.2008-ci il tarixli qətnaməsinə əsasən X2 Qax rayonu Qaysarlı kəndində yerləşən 0.10 ha həyətyanı və 0.76 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilmişdir. Hazırda iddiaçının mübahisə yaratdığı torpaq sahəsinin plan və ölçü sənədi məhkəmə qərarı əsasında verilsə də, məhkəmə qərarında həmin torpaq sahəsinin məhz onun istifadəsində olan torpaq sahəsindən verilməsi göstərilməmişdir. Qax Rayon Məhkəməsinin 2-1/2008 saylı 08.02.2008-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəf olmuş Qaysarlı (hazırkı Qıpçaq Bələdiyyəsi) bələdiyyəsi iddiaçının mərhum atasına başqa ərazidən torpaq sahəsi verilməsinə heç bir etiraz etmir. Beləliklə, məhkəmə MPM-nin 271-ci və 272-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla qərar çıxarmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X4 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Torpaq sahəsinin plan və ölçüsünə dair sənədlərdən görünür ki, Qax Rayon Məhkəməsinin 12.02.2008-ci il tarixli 2-7 saylı qətnaməsinə əsasən X3 Qax rayonu Qıpçaq kəndində torpaq sahələri verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 05.05.2011-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04.02.2020-ci il tarixli 248 nömrəli məktubundan görünür ki, 05.05.2011-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı İddiaçıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “İş materialları və işin faktiki halları ilə Cavabdeh sözügedən mübahisəli torpaq sahəsinə müvafiq hüquqi sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsi sübuta yetirlmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçının mərhum atası X5 05 may 2011-ci ildə vəfat etmişdir. İddiaçıya mərhum atasından Qax rayonu Qıpçaq kəndində 0.10 ha həyətyanı, 0.61 ha və 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İddiaçı hazırda həmin torpaq sahələrinə dair vərəsəlik işləri ilə bağlı əməliyyat etmək üçün Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. İddiaçı bununla bağlı DƏDRX-nin 12 saylı Ərazi idarəsinin Qax rayon şöbəsinə müraciət etmiş, həmin idarənin nümayəndələri iddiaçının mərhum atasına məxsus olan həmin torpaq sahələrinə gedib ölçü işləri aparmaq istəyən zaman cavabdeh buna mane olmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, tоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2-ci bəndinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi iddiaçı atasından miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-nin 12 saylı Ərazi idarəsinin Qax rayon şöbəsinə müraciət etmiş, DƏDRX-nin nümayəndəsi həmin torpaq sahələrində ölçü işləri aparmaq istəyən zaman cavabdeh buna mane olmuşdur. İşdən də göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehin torpaq sahəsində ölçü işlərinin aparılmasına etdiyi maneələrin olması sübuta yetirilmişdir. Kollegiya hesab edir ki, iddiaçı mərhum atasından miras qalmış Qax rayonu Qıpçaq kəndində 0.10 ha həyətyanı, 0.61 ha və 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından sərbəst (maneəsiz) istifadə etmək hüququ vardır. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdiyi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(024)-65/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar