Məhkəmə qərarları › İş №2(107)-1169/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1169/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1169/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 29 mart 2021-ci il tarixli 2(075)- 598/2021 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı ”alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin 24 yanvar 2014cü il tarixli, 2 (075)-66/2014 nömrəli qətnaməsi ilə 06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X1 üçün təyin edilmiş aliment məbləğini artıraraq hər ay hər uşaq üçün 175 manat olmaqla sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 06 may 2010-cu il tarixdə Nərmin və 12 iyun 2011-ci il tarixdə Dərya adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən azyaşlı uşaqları onun yanında saxlanılmış və həmin uşaqların saxlanılması üçün hər ay hər bir uşaq üçün 60 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh işləməklə gündəlik qazancı yaxşıdır. Cavabdeh kifayət qədər qazanc əldə etməsinə baxmayaraq qazancından uşağın saxlanılması üçün ona ayda hər uşaq üçün 60 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşaqıarının pal-paltarının, təhsilinin, sağlamlığının və maddi təminatının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşaqların səhhətləri ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaqlar böyüdükcə tələbatları artır. O isə təkbaşına himayəsində olan uşaqlarının tələbatlarını ödəyə bilmir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin aylıq qazancının dəqiq məbləği barədə məlumatı yoxdur. Lakin, cavabdeh təyin edilmiş aliment məbləğini gecikmələrlə ödəyir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 120 manat aliment məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 80-90 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almamışdır. O, 3-cü qrup əlildir. Himayəsində xəstə ata və anası vardır. Səhhətinə görə işləyə bilmir. Aldığı əlillik pensiyası ilə yaşayır. Hazırda təyin edilmiş aliment məbləğini ödəmək iqtidarında deyil. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli deyildir İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 80-90 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Apellyasiya Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2 (107)-494/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən “X6 ilə Cavabdeh arasında 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində bağlanmış 25 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-06 may 2010-cu il tarixdə anadan olmuş X7 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X8 anaları X2 himayəsində saxlanılması, Cavabdeh hər ay hər uşaq üçün 60 (altmış ) manat olmaqla sabit pul məbləğində cəmi 120 manat aliment alınaraq 06 may 2010-cu il tarixdə anadan olmuş X4 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X3 verilməsi, alimentin tutulmasının əvvəlinin 12 mart 2013-cü il tarixdən hesablanmasə, 20 manat dövlət rüsumunun X2 özünə aid ediməsi və Cavabdeh 30 manat rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi barədə Şəki Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi dəyişdirilmiş, alimentin tutulmasının əvvəlinin iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 16 sentyabr 2013-cü il tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 06 may 2009-cu il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kəndi üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 06 may 2010-cu il tarixdə Nərmin və 12 iyun 2011-ci il tarixdə Dərya adlı uşaqları anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah 24 yanvar 2014-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozularkən azyaşlı uşaqlar İddiaçı yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdehndan hər ay hər bir uşaq üçün 60 manat məbləğində alimentin alınıb ona verilməsi qərara alınmışdır. İddiaçı müəyyən edilmiş 60 manat aliment məbləği ilə uşaqlarının tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq hüquqları haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2021-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 120 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh hər ay 120 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh tərəfin göstərdiyi digər hallar isə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar