Məhkəmə qərarları › İş №2(107)-117/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-117/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-117/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Muğanbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli (hakim Malik Qarayev) iddia tələbi təmin edilmiş, Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 26.05.2021-ci il tarixdə ərizəyə etiraz etmiş və onun etirazı təmin edilərək materiallar iddia icraatına keçirilmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 03.08.2016-ci il tarixdə № 51-16-11-056820 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 18 % olmaqla 60 ay müddətinədək 2495 manat məbləğində kredit verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti vermişdir. apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, ondan iddiaçı Muğan Bank ASC tərəfindən artıq tutulmuş 3683.30 AZN və 15 Azn dövlət rüsümunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh izahatında əlavə olaraq bildirdi ki, onun iddiaçı Muğan Bank ASC-yə heç bir borcu yoxdur. Bankdan aldığı krediti artıqlaması ilə ödəyib. Apellyasiya məhkəməsi araşdırlması zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı deyil. İş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. İddiaçı Muğan Bank ASC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsi - “Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi.” məbləğinə münasibətdə dəyişdirilməli, Cavabdeh İddiaçı Muğanbank ASCnin xeyrinə tutulmalı olan məbləğ əsas borc olaraq 619,66 AZN, faiz borcu 115,57 AZN, cəmi 735,23 AZN müəyyən edilməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.08.2016-cı il tarixli, № 51-16-11-056820 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh illik 18% olmaqla, 60 ay müddətinə 2495 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh öhdəliklərini icra etməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 20.04.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, pul tələbi barədə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442.2, 443.1, 445.1, 448.1 və 449.1, maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, əsas borcun məbləğini 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat qət etməsi ilə razılaşmır. Cavabdeh apellyasiya şikayətində əsas borcun məbləğini mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən – faiz borcunun və cəmi kredit borcu məbləğinə aid hissədə dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tаrixli, 2(107)- 1882/2021 nömrəli qərаrdаdına əsasən verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/8200 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 03 avqust 2016-cı il tarixli 51-16-11-056820 saylı kredit razılaşması üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 01.04.2021-ci il tarixə: əsas borc üzrə - 619,66 AZN faiz borcu üzrə - 115,57 AZN cəmi – 735,23 AZN 03.08.2021-ci il tarixə əsas borc üzrə - 619,66 AZN faiz borcu üzrə - 153,37 AZN cəmi – 773,03 AZN Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat hesablamaqla əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat həcmində təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsi - “Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsinə münasibətdə dəyişdirilməli, Cavabdeh iddiaçı Muğanbank ASC-nin xeyrinə tutulmalı olan məbləğ əsas borc olaraq 619,66 AZN, faiz borcu 115,57 AZN, cəmi 735,23 AZN müəyyən edilməli, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(024)-390/2021 nömrəli qətnaməsi - “Cavabdeh 652,53 manat əsas borc, 161,55 manat faiz borcu, cəmi 814,08 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı Muğanbank ASC-nin xeyrinə tutulmalı olan məbləğ əsas borc olaraq 619,66 AZN, faiz borcu 115,57 AZN, cəmi 735,23 AZN müəyyən edilsin. Aparılmış ekspertizanın dəyəri olan 50 manat (əlli) manat cavabdehdən alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar