Məhkəmə qərarları › İş №2(107)-1170/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1170/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1170/2024 04.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin e-2(075)-2191/2023 saylı mülki iş üzrə qəbul etdiyi 05 iyun 2024-cü il tarixli qərardadından işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2191/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbinin qismən təmin edilməsi, 01 avqust 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay üçün 180 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 33,20 (otuz üç manat, 20 qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə işdə iştirak etməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından iş üzrə Cavabdeh Maraqlı şəxs aliment ödəməsi müəyyən edilmədiyindən, eyni zamanda qəbul edilmiş qətnamənin Maraqlı şəxs maraqlarına toxunması halı aşkar edilmədiyindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan Maraqlı şəxs isə qərardaddan verdiyi şikayətdə bildirir ki, o, 2011-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə ailə qurub. Birgə nikahlarından 04 iyul 2022-ci il tarixdə X9 qızı adlı bir övladları anadan olmuşdur. İddiaçı onun ərinin keçmiş arvadıdır. İddia tələbinin qismən təmin edilərək alimentin miqdarının artırılması onun və azyaşlı uşağının hüquqlarını pozur. Alimentin miqdarının artırılması onların yaşayış səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır və beləliklə onların hüquqlarını pozur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər(maddə 364.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin Qərarın 8.8-ci bəndində qeyd edilmişdir ki, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs iş üzrə Cavabdeh ilə rəsmi nikahda olsa da, sonuncunun həmin nikahdan doğulmuş uşağa görə aliment ödədiyi iş materialları ilə müəyyən olunmur. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar