Məhkəmə qərarları › İş №2(107)-1180/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1180/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1180/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta məbləğinin tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)-102/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. "xxxx" ASC-də 13 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Honda CRV” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, 20 may 2022-ci il tarixdə, Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2,000 manat məbləğində verilmiş sığorta ödənilmiş və 40.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 13 avqust 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Honda CRV” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, 20 may 2022-ci il tarixdə, Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Opel Astra” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhəri BDYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 2,000 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

4. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin ASC-nin nümayəndəsi Pərviz Rzayev ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş, iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə əvvəlki iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 20 may 2022-ci il tarixdə Bakı şəhərində “Honda CRV” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin, dəymiş ziyan şişirdilmiş, bu ziyan cavabdehlər tərəfindən ödənilməli deyil. İddianın təmin edilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 20 may 2022-ci il tarixdə Cavabdeh1 məxsus, "xxxx" ASC tərəfindən sığortalanmış Honda CRV markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili milli qanunvericiliyin tələblərinə görə sürücülük hüququ olmadan idarə edərək Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sahibinə maddi zərər vurmuşdur. Vurulmuş zərər 2,000 manat məbləğində qiymətləndirilmiş, iddiaçı tərəfindən vurulmuş maddi zərərin əvəzi ödənilmiş, bununla da zərəri tələb etmək hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh2 təqsiri üzündən baş verməsi İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarla təsdiq edilmiş, sonuncu bunu mübahisələndirməmişdir.

7. Cavabdeh1 özünə məxsus avtomobilin Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki cavabdeh iddiaçı qarşısında vurulmuş zərərə görə müştərək məsuliyyət daşıyırlar. Cavabdeh tərəf vurulmuş zərərin məbləğini mübahisələndirmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin məbləğ 1,800 manat təşkil edir. Ekspertiza rəyi ilə müəyyən edilmiş həmin məbləğin düzgün hesablanmadığına dair tərəflər hər hansı sübut təqdim etməmişlər.

8. Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)-102/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1,800 manat vurulmuş zərərin əvəzi və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,838 (bir min səkkiz yüz otuz səkkiz) manatın iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936 və 1108-ci maddələrinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, 13 avqust 2021ci il tarixdə bağlanmış müqavilə ilə Honda CRV markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək sığortalanmışdır.

11. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 həmin tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı tıqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

12. Sığorta aktından müəyyən olunur ki, sığorta predmeti olan, Cəsur Əsgərxanlıya məxsus Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 idarə etdiyi, sığorta predmeti olan Honda CRV markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyanın məbləği 2,000 manat müəyyən edilmişdir.

13. Ödəniş tapşırığından müəyyən olunur ki, 2,000 manat Opel Astra markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ödənilmişdir.

14. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2,000 manat zərər dəymişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 9/1488 nömrəli rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı Opel Astra markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1,800.0 manat müəyyən edilmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddianı qəbul etmirlər. Onun sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə tam səlahiyyətlidir. Belə vəziyyətdə onun avtomobili də zərər çəkmişdir. O da avtomobilini sığortalamışdır. Onun sürücülük vəsiqəsinin rəsmi qeydiyyatdan keçməsi və tanınması danılmazdır. Belə olan təqdirdə birmənalı qaydada ödənilən sığorta xərciilə bağlı o maddi məsuliyyət daşımır. Məhkəmə işin faktiki hallarını tam və hərtərəli araşdırmadı. Belə ki, onun sürücülük vəsiqəsinin olmadığı qənaətinə gələrək sığortanı ödəmiş, "xxxx" təşkilatı qarşısında onun da avtomobilinin sığortalı olduğunu dəyərləndirmədi. Bununla da işin faktiki hallarını tam və hərtərəfli qaydada araşdırmamışdır.

18. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)- 102/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 35-1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli Qərarı

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdehlər Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)- 102/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə subroqasiya hüququ üzrə yaranmışdır. Subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “İcbari sığortalar haqqında” Qanunun sığorta münasibətlərində subroqasiya hüququnun yaranması əsaslarını tənzimləyən 25-ci maddəsi təşkil edir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili hüququ olmadan idarə etməsinə istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalıdır. Hazırki iş üzrə Cavabdeh2 7 mart 2004-cü ildə X1 Florida ştatında verilmiş və 2025ci ilə qədər qüvvədə olan sürücülük vəsiqəsi vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Göründüyü kimi, Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan sürmüşdür.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)-102/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(039)-102/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar