Məhkəmə qərarları › İş №2(107)-1181/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1181/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1181/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərardaddan cavabdeh X4 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Borclu1 və Borclu3 müştərək qaydada xeyrinə 7732,35 ABŞ dolları əsas borc, 53,39 ABŞ dolları faiz borcu və 2,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7788,29 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor-nın ərizəsi Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı əmri ilə təmin olunmuş, əmrin surəti həmin tarixdə poçt vasitəsi ilə borclu X3 göndərilmişdir. 23 fevral 2021-ci il tarixdə cavabdeh X2 Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı əmrindən etirazı məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2 (075)-857/2015 saylı qərardadına əsasən cavabdeh X2 Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı əmrindən verdiyi 23 fevral 2021-ci il tarixli etirazın geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X2 29 aprel 2021-ci il tarixdə şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki Borclu X3 göndərilmiş Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)- 857/2015 saylı məhkəmə əmrinin yekununda məhkəmə əmrinin surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə məhkəmə əmrindən borclunun etiraz vermək hüququ izah olunmuşdur. Lakin, X2 etiraz vermək üçün qanunvericiliklə müəyyən edilmiş 10 gün müddəti ötürdükdən sonra, yəni həmin məhkəmə əmrinin qəbul edilməsindən 6 ildən artıq müddət keçdikdən sonra etirazı məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin şikayətinə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin məcəllənin 269.3-cü maddəsinə əsasən məhkəmə şikayəti əsassız hesab edərsə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılığı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi etiraz qanunla müəyyən edilmiş 10 gün müddətində verilməmişdir. Borclunun şikayətində qeyd edilən hallara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsaslandırılmamışdır. Belə ki, borclu X1 Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı məhkəmə əmrinin ona göndərilmədiyini və həmin əmrdən məlumatsız olduğunu bildirsə də, sorğu edilərək iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı məhkəmə əmri əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu X3 göndərilmiş tələbin könüllü icrası haqqında 03 mart 2015-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişdə borclu X3 Şəki Rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli 2(075)-857/2015 saylı məhkəmə əmrində göstərilən tələbin könüllü icra etməsi üçü ona 10 gün vaxt verilmişdir. Qeyd edilən tələbin könüllü icrası haqqında 03 mart 2015-ci il tarixli bildirişə icra sənədinin, yəni məhkəmə əmrinin və məzmununda məhkəmə əmrində göstərilmiş tələbi nəzərdə tutun icraata başlama haqqında qərarın surəti əlavə edilmişdir. Həmin sənədlər borclu X3 xəbərnaməli zərflə göndərilmiş və həmin zərf 12 mart 2015-ci il tarixdə xəbərnaməyə imza etdirilməklə borclu X3 şəxsən təqdim edilmişdir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-857/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddan şikayət verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar