Məhkəmə qərarları › İş №2(107)-1185/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1185/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1185/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibаrət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-462/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxx 2020-ci il tаrixli 2(075)- 462/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 10115 manat əsas borc və 505 manat faiz borcu olmaqla, cəmi 10620 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilərək Cavabdeh ona borclu olduğu 10620 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 20000 manat borc pul vermiş və bununla bağlı onlar arasında Sumqayıt “ASAN XİDMƏT” X1 xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və Cavabdeh İddiaçı olan 20000 manat borcundan 2018-ci ilin sonuna qədər müddət ərzində cəmi 9885 manat ödəmiş, qalan 10115 manatı qaytarmamışdır. Cavabdeh həmin vaxtdan sonra keçən bir ildən artıq müddət ərzində İddiaçı hər hansı bir məbləğdə ödəniş etməmişdir. Buna görə də İddiaçı bir ildən artıq müddətdə ödənilməmiş 10115 manatın 5 faizini təşkil edən 505 manatda daxil olmaqla, Cavabdeh 10620 manatın alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh borcun ödənilməsini təmin etmədiyindən iddiaçı öz istifadəsində olan mobil telefonla cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dəfələrlə zəng etmiş, hətta əvvəllər görüşərək borcun ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh əvvəllər borcunu ödəyəcəyinə söz versə də, sonradan borcun ödənilməsindən yayınmışdır. Hesab etmişdir ki, iddia əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(075)-462/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təxminən 2017-ci il tarixində Sumqayıt şəhəri ətrafında yerləşən “Aryon” adı ilə fəaliyyət göstərən yuyucu vasitələr istehsal edən şirkətin nümayəndəsi Toğrul müəllimlə tanış olmuş və həmin şirkətin məhsullarının Şəki və ətraf rayonlarında satışını həyata keçirmək üçün bir hissəsini nağd və bir hissəsini də nisyə olaraq həmin yuyucu vasitələrin ona verilməsini xahiş etmişdir. Lakin şirkətin nümayəndəsi nisyə mal verilməyəcəyini bildirmişdir. Onu da bildirmişlər ki, əgər qabaqcadan şirkətdə işləyən işçilərdən biri ilə notoriat qaydada borc müqviləsi bağlanarsa ona nisyə mal verəcəklər. Şirkətin həmin təklifi ilə razılaşmış və formal olaraq Sumqayıtda yerləşən Notariat Kontorunda qanunsuz kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsini əvvəllər heç görmədiyi, tanımadığı İddiaçı ilə imzalamışlar. Kredit müqaviləsi bağlanarkən notoriat kontorunun müdiri borc verən İddiaçı borc kimi veriləcək 20000 (iyirmi min) manat pulu onun hesabına köçürüb çekini təqdim etməklərini bildirmişdir. Lakin ortada hər hansı bir pul məbləği olmadığı üçün belə bir çeki təqdim edə bilməmişdir. Sonradan notoriat kontorunun rəhbərinə kimsə telefonla zəng vurub həmin müqavilənin bağlanması üçün xahiş etmiş, bildiyinə görə zəng edən həmin şəxs notoriat kontorun rəhbərinin tanışı imiş. Beləliklə, formal xarakter daşıyan qanunsuz bir müqavilə gerçəkləşmişdir. Bundan sonra həmin şirkətdən özünə məxsus ford markalı aftomobillə birinci dəfə təxminən 4000 (dörd min) manat məbləğində mal götürmüşdür. Götürdüyü malı marketlərə nisyə olaraq paylamış və yenidən mal götürmək üçün şirkətə gəlmişdir. Marketlərə satdığı malların bəzilərini nağd olaraq satdığı üçün ikinci dəfə şirkətdən mal alarkən 2000 (iki min) manat nağd ödəniş etmişdir. Danışıqlarına görə şirkət ona 2000 (iyirmi min) manata qədər nisyə mal verməyə razılıq vermişdir. Ancaq cəmi bir ay ərzində cəmi 10000 (on min) manata yaxın mal götürmüş və həmin məbləğin təxminən 5000 (beş min) manatını mal götürdüyü müddətdə, qalan məbləği də sonradan ödəmişdir. İşin dayandırma səbəbi də istehsal etdikləri məhsulların daxili bazarda çox tanınmaması və həmçinin satdığı mallardan xeyir götürə bilməməsi olmuşdur. O, hal-hazırda Bakı şəhərində yaşadığı üçün Şəki Rayon Məhkəməsinin göndərdiyi bildirişlərin heç biri ona çatmamışdır. Qərar qəbul olunan günü məhkəmə iclas katibi ona zəng vuraraq məlumat vermişdir. O vaxta kimi məhkəmə iclasları barədə məlumatı olmamışdır. Şəki Rayon Məhkəməsi qərar qəbul edərkən iddiaçıdan ona, guya borc kimi verilən 20000 (iyirmi min) manat pulun ödənilməsi barədə çek tələb edilməmiş, həmçinin onun 20000 (iyirmi min) manatdan guya 10000 manatın ödənilməsi barədə ödəniş çeklərini tələb etməmişdir. Şirkətin 2017-ci il satış fakturaları araşdırılsa onun adına nə qədər şirkətdən malın çıxdığını aydınlaşdırmaq olar. Sumqayıt “Asan Xidmət” X2 müdirinin ortada hər hansı pul məbləğinin olmadığı təqdirdə belə bir müqavilənin bağlanmasına şərait yaratdığı üçün həmin şəxs barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Beləliklə, Şəki Rayon Məhkəməsi işin gedişatını tam olaraq araşdırmamış və qanunsuz qərar qəbul etmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(075)-462/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında sözügedən kredit müqaviləsinin ona əvəzində mal verilməsi məqsədilə bağlandığını bildirdi və apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(075)- 462/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(075)-462/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsinin (bundansonra AzərbaycanRespublikasınınMPM və ya MPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 20000 manat borc pul vermiş, Cavabdeh da İddiaçı aldığı borcu xx xxxx 2019-cu il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin 3cü maddəsinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan 20000 manat borc pul almasına, Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini tam icra etməyərək iddiaçıya olan 20000 manat borcundan 9885 manat qaytarmış, qalan 10115 manatı qaytarmamış və bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də İddiaçı Cavabdeh borc verdiyi 20000 manatın qaytarılmayan 10115 manatını tələb etməkdə haqlıdır. Həmçinin, Cavabdeh İddiaçı olan 20000 manat borcunun qalan 10115 manat hissəsini bir ildən artıq müddətdə qaytarmadığına görə, Cavabdeh qaytarılmayan 10115 manatın illik beş faizinə bərabər olan 505 manatı İddiaçı verməyə borcludur. Buna görə də İddiaçı gecikdirilmiş vaxt üçün qaytarılmayan 10115 manatın illik beş faizinə bərabər olan 505 manatı Cavabdeh tələb etməsi əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 505 manat faiz borcunun cavabdehdən tutulması hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-462/2020 nömrəliqətnaməsi qismən, 505 manat faiz borcunun cavabdehdən tutulması hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbinin həmin hissəsi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 20000 manat borc pul vermiş, Cavabdeh da İddiaçı aldığı borcu xx xxxx 2019-cu il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. xx xxxx 2017-ci il tarixli borc müqaviləsinin 3cü maddəsinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, sözügedən borc müqaviləsi ona işlədiyi şirkət tərəfindən mal verilməsi müqabilində bağlanmış müqavilədir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 20000 manat borc pul vermiş, Cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və Cavabdeh İddiaçı olan 20000 manat borcundan 2018-ci ilin sonuna qədər müddət ərzində cəmi 9885 manat ödəmiş, qalan 10115 manatı qaytarmamışdır. Cavabdeh dəfələrlə borcun ödənilməsini tələb etməsinə baxmayaraq bu nəticə verməmişdir. Beləliklə, Cavabdeh iddiaçıdan 20000 manat borc pul almasına, Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini tam icra etməyərək iddiaçıya olan 20000 manat borcundan 9885 manat qaytarmış, qalan 10115 manatı qaytarmamış və bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də İddiaçı Cavabdeh borc verdiyi 20000 manatın qaytarılmayan 10115 manatını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsı müəyyən edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə isə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsini sübut növü kimi qəbul edərək, Cavabdeh 10115 manat əsas borcu İddiaçı xeyrinə tutmaqda haqlı olmuşdur. Buna baxmayaraq Sumqayıt “ASAN XİDMƏT” X1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 20000 manat borc pul vermiş, Cavabdeh da İddiaçı aldığı borcu xx xxxx 2019-cu il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüş, həmin müqavilənin 3-cü maddəsinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən, müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7-ci maddəsinə əsasən, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3-cü maddəsinə əsasən, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, tərəflər müqavilə bağlayarkən bağlanmış müqavilənin şərtləri daxilində məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, cavabdehdən faiz borcunun tutulması nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə faiz borcu olaraq 505 manat pulun tutulması qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Mülki Prossesual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli2(075)-462/2020 nömrəli qətnaməsi qismən, yəni 505 manat faiz borcunun cavabdehdən tutulması hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-462/2020 nömrəli qətnaməsi qismən, iddia tələbinin 505 manat faiz borcunun Cavabdeh tutulmasının təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edərək, iddia tələbi 505 manat faiz borcunun Cavabdeh tutulması hissədə təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-462/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar