Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1186/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, pul tələbi, kiçik iddia) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)-1140/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4427tkBRD/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27.9% ödəmək şərtilə 300 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. X3 müqavilə üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Sonuncu xx.xx.2017-cı il tarixdə ölmüşdür. Vərəsələri olaraq oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4427tkBRD/15 saylı kredit müqaviləsi üzrə 206.75ABŞ dolları əsas və 3.08AZN faiz olmaqla, cəmi 209.83ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40AZN məbləğində vəsaitin vərəsələricavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4427tkBRD/15 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 84 ay müddətinə illik 27.9% ödəmək şərtilə 300 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Qəbələ Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələrinin Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4427tkBRD/15 saylı kredit müqaviləsinə əsasən borcluya 84 ay müddətinə illik 27.9%-dək olmaq şərtilə 300 ABŞ dolları məbləğində kredit verilmişdir. X3 həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh xx.xx.2017-cı il tarixində vəfat etmişdir. Nəticədə banka borcu yaranmışdır. Qəbələ Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələrinin Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. "xxxx" Kommersiya Bankı ASC Cavabdeh2 və Cavabdeh1 206.75 ABŞ dolları əsas borc və 3.08 AZN məbləğində faiz borc cəmi 209.83 ABŞ dolları borcunun yarandığını bildirir və həmin məbləği bankın xeyrinə ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 AZN məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir.
7. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
8. Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)-1140/2023 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 206.75 ABŞ dolları əsas borc və 3.08 AZN faiz borc olmaqla cəmi 209.83 ABŞ dolları borc və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448, 462 və 465-ci maddələrinə istinad etmişdir.
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, kredit müqaviləsi 2015-ci ildə bağlanılıb və 2017-ci ildə əri öldürülüb. 2023-cü ildə isə iddiaçı məhkəməyə müraciət edib ki, 209,83 ABŞ dolları borc ödənilsin. Yəni 8 il keçəndən sonra iddiaçı müraciət edib. Beləliklə, iddia müddəti ötürülüb.
12. Cavabdeh bildirir ki, qızı şagirddir və məktəbdə təhsil alır. Oğlu isə tələbədir. 8 ildir ki, təkbaşına iki övladını çətinliklə böyüdür. Əlavə gəlir yeri yoxdur. Üstəlik, övladlarının bütün xərclərini, təhsil, sağlamlıq, geyim, ərzaq və sair. ərindən qalmış pensiya ilə ödəməyə çalışır. Bankın bu tələbi nə üçün ona və oğluna yönəlib? Nə üçün onun yetkinlik yaşına çatmayan övladları işgəncə ilə öldürülən atalarının kreditini ödəməlidir? Əri sağ olsaydı, günahsız yerə işgəncə ilə öldürülməsəydi həm kreditini ödəyəcəkdi, həm də ailəsini maddi cəhətdən təmin edəcəkdi. Lakin işgəncə ilə öldürüldü və bəraət verildi.
13. Cavabdeh1 müddətin ötürülməsinə dair vəsatət təqdim edə bilməyib. Çünki ümumiyyətlə iddiadan və məhkəmədən məlumatsız olub.
14. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)- 1140/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan vaxt qüvvədə olan: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 284-1-ci mаddəsinə əsаsən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 394-1.1-ci mаddəsinə əsаsən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3-cü mаddəsinə əsаsən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)- 1140/2023 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehlərin borcu ödəməyə hər birinin payına mütənasib surətdə borclu olduğunu qeyd etməməklə səhvə yol vermişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə də iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Lakin, borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X2 vərəsəlik qaydasında keçdiyindən cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 12-ci bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar və şikayətdə göstərilən həmin hallar borcun ödənilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 11-ci bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4427tkBRD/15 saylı kredit müqaviləsi 84 ay müddətinə, yəni 7 illik bağlanmış, müqavilənin müddəti 2022-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda, iddiaçı "xxxx" KB ASC hüququnun pozulduğunu müqavilənin müddətinin bitdiyi gün, yəni xx.xx.2022-ci ildə bilmiş və 1 ildən daha az müddət sonra xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 13-18-ci vərəqlərindən görünür ki, birinci instansiya məhkəməsi tyərəfindən hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərin hər ikisinə 11 iyul 2023-cü ildə göndərilmiş və Qəbələ rayon Aydınbulaq kəndində 16 iyul 2023-cü il tarixdə hər iki xəbərnaməyə “Cavabdeh1” adı ilə imza edilməklə alınmışdır. Göründüyü kimi, apelylatorun məhkəmə prosesindən məlumatı olmuşdur.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)-1140/2023 saylı qətnaməsi nəticə hissəsinin 2-ci abzasında “206.75” rəqəmindən əvvəl “hər birinin mirasdan payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qəbələ Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(025)-1140/2023 saylı qətnaməsi nəticə hissəsinin 2-ci abzasında “206.75” rəqəmindən əvvəl “hər birinin mirasdan payına mütənasib surətdə” sözləri əlavə edilməklə dəyişdirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev