Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1187/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı ”alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh alınaraq 21 iyun 2012-ci il təvəllüdlü X4 və 16 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 2(033)- 1967/2017 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 21 iyun 2012-ci il tarixdə anadan olmuş X4 və 16 sentyabr 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə birgə nikahdan onların 21 iyun 2012-ci il tarixdə X7 və 16 sentyabr 2013-cü il tarixdə X8 adlı övladları anadan olmuşdur. Cavabdehlə olan nikahları pozulmuşdur. Uşağın saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay cavabdehdən 117 manat olmaqla, cəmi 234 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, uşaqlarına təkbaşına baxır, uşaqlara baxmaqda çətinlik çəkir. Lakin, məhkəmə qərarı ilə təyin olunmuş aliment hazırki vəziyyətdə uşaqların normal böyüdülməsinə kifayət etmir. Ailəsinin xərcləri isə günügündən artır. Cavabdehin isə qazancı sabit deyil, hazırda o fərdi əməklə məşğul olur. Maddi vəziyyəti yaxşıdır. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin də maddi imkanını nəzərə alaraq heç olmasa alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat məbləğində aliment müəyyən olunsun. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan onların 21 iyun 2012-ci il tarixdə X7 və 16 sentyabr 2013-cü il tarixdə X8 adlı övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə iddiaçıya ödənilən alimentin miqdarı 117 manat olmaqla, cəmi 234 manat məbləğində müəyyən edilmişdir. Hazırda maddi imkanı aşağıdır, yüsək gəlir yeri yoxdur. Alimenti ödəməkdən boyun qaçırmır. İddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanı yoxdur. Alimentin miqdarı hər ay hər uşaq üçün 130 manat məbləğində artırıldığı təqdirdə ödəyə bilər. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(075)-598/2021 nömrəli qətnaməsini ləğv edib, alimentin artırılmaması, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 2(033)-1967/2017 nömrəli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarının dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyil, o, “xxxx” MMC-də gözətçi (mühafizəçi) vəizfəsində işləyir və 235 manat əmək haqqı alır. O, 1 il 6 ay qabaq ağacdan yıxılmışdır. Bunun nəticəsində qabırğaları sınmışdır. O, həmin dövrdə 11 gün xəstəxanada müalicə almışdır. Bundan əlavə o, ağciyər əməliyyatı olunmuşdur. Səhhətində olan problemlər ilə əlaqədar fiziki iş görə bilmir, ağırlıq qaldıra, ağır işlərdə işləyə bilmir. Qətnamədə göstərilən aliment məbləği ilə razı deyildir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala RİHB-nin Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 16 iyul 2012ci il tarixdə verilmiş AZ-İİ 838619 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 21 iyun 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X3r. Zaqatala RİHB-nin Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 11 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ 190814 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 16 sentyabr 2013-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X3r. Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 2(033)-1967/2017 nömrəli qətnaməsindən görünür ki, tərəflərin nikahından 21 iyun 2012-ci il tarixdə anadan olmuş X4 və 16 sentyabr 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdehndan hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması və alimentin tutulmasının əvvəlinin 31.10.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(033)-675/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X6 ilə Cavabdeh arasında Zaqatala rayon Qeydiyyat şöbəsində bağlanmış 21 fevral 2012-ci il tarixli 45 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-21 iyun 2012-ci il təvəllüdlü X4 və 16 sentyabr 2013-cü il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, iddiaçı X2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(033)-11/2021 nömrəli qərardadının surətindən görünür ki, şikayət təmin edilərək Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmin Kərimovun 01 fevral 2019-cu il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılmasına dair və 11 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarları ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. İşin gerçək halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 iyun 2012-ci il tarixdə X7 və 16 sentyabr 2013-cü il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan nikah pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 2(033)1967/2017 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahından 21 iyun 2012-ci il tarixdə anadan olmuş X4 və 16 sentyabr 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdehndan hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8-ci mаddəsinə əsаsən, hər bir uşаğın yаşаmаq, nоrmаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf еtmək hüququ vаrdır. Dövlət bu şərаiti təmin еdən iqtisаdi, sоsiаlhüquqi və digər tədbirlər görməyi, sаğlаm və təhlükəsizlik mühiti yаrаtmаğı öz öhdəsinə götürür. 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq Hüquqları Haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Həmin Bəyannamənin 6-cı prinsipində deyilir ki, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq hüquqları haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci mаddəsinə görə, аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2021-ci il tarixdən yaşayış minumumu uşaqlar üçün artırılaraq 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə mövcud bazar qiymətlərini nəzərə aldıqda görünür ki, bir nəfər uşağın saxlanılması üçün qət edilmiş 140 manat sabit pul məbləğində aliment məbləği ağlabatandır və heç də çox deyildir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, o cümlədən uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh hər ay hər uşaq üçün 140 manat məbləğində alimenti ödəməyə imkanının olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Cavabdeh tərəfin göstərdiyi digər hallar isə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli 2(033)-1967/2017 nömrəli qətnaməsinə əsasən 21 iyun 2012-ci il təvəllüdlü X4 və 16 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 117 manat olmaqla, cəmi 234 manat məbləğində aliment almışdır. Hazırkı iddiada alimentin məbləğinin hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manata artırılması tələb edilir. Deməli, artırılması tələb olunan məbləğ 116 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Tələb olunan məbləğin bir il ərzində məcmusu (116 x 12 ay = 1392 manat) təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(033)-329/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1187/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1187/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver