Məhkəmə qərarları › İş №2(107)-1187/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1187/2025

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1187/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyan» tələbinə dair mülki iş üzrə (Açar sözlər: «dəymiş maddi ziyan» tələbi, qismən ləğv, qismən təmin) X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyan» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş olan 7.560 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 97 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax şəhəri, Qaxmuğal küçəsi ev 17 də yaşayır. 12 fevral 2025-ci il tarixdə idarə etdiyi «HYUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, H.Əliyev prospekti ilə İlisu kənd istiqamətində hərəkətdə olan zaman qarşıda sağ zolaqda bir avtomaşın və onun da qarşısında başqa «Ford» markalı avtomobil olmuşdur. Onun avtomobili 60 km saat sürətlə hərəkət etmişdir. «Ford» markalı avtomobil geriyə dönmək istəyirdi və ondan qabaqda olan başqa avtomobili buraxmış və o yolayrıcına çatan zaman «Ford» markalı avtomobil sol zolağa çıxaraq geri dönmək istəmişdir. Bu zaman o avtomobili nə qədər çalışsa da qaçıra bilməmişdir. Hadisə baş verdi. Hadisə baş verdikdən sonra «Ford» markalı avtomobilin sürücüsü Qax rayonu, Qaxingiloy kənd sakini Cavabdeh ona dəymiş ziyanı ödəyəcəyini bildirdi. Daha sonra hadisə yerinə DYP-in əməkdaşları gəldilər. Avtomobil qəza nəticəsində yararsız hala düşdü. Həmin vaxt onun barəsində protokol tərtib olundu. Onun avtomobilə olan ziyanı mütəxəssis hesablamış və məlum olmuşdur ki, usta xərci ilə birlikdə ümumilikdə 7.560 manat miqdarında ziyan dəymişdir. Avtomobilin çox hissəsi yararsız hala düşmüşdür. O, bununla bağlı pul verməsini cavabdehə təklif etsə də həmin şəxs razı olmamışdır O, dəymiş ziyanla bağlı ona dəfələrlə desə də heç bir nəticəsi olmamışdır. Qax rayonu, Qaxingiloy kənd sakini Cavabdeh qəsdən pulu ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 97 manat dövlət rüsumu ödəmişdir.

3. Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: İlqam Həsənquliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7.560 manat maddi ziyan və 97 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «HYUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Nümayəndədur. «Qax Avtoservis 343»-ü direktoru fərdi sahibkar X3 tərtib etdiyi 11 fevral 2025-ci il tarixli 09 №li ziyan aktından görünür ki, İddiaçı məxsus «HYUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtomobilin aktda qeyd olunan ehtiyat hissələri və təmir xərcləri ümumilikdə 7.560 manat təşkil edir. ƏN-Vİİ 248275 №li etibarnamənin surətindən görünür ki, Nümayəndə tərəfindən İddiaçı etibarnamədə qeyd olunan səlahiyyətlər etibar olunmuşdur.

6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə razılaşmır. Hesab edir ki, məhkəmə iş üzrə tam obyektiv araşdırma aparmamışdır. Məhz buna görə də apellyasiya şikayəti ilə müraciət edirlər. İş materiallarından göründüyü kimi, 12 fevral2025- ci il tarixdə «HYUNDAİ SANTAFE» markalı, 77DO734 dövlət qeydiyyatnişanlı avtomobillə «X8» markalı, 34BF 326 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisədən sonra əraziyə Qax rayon Polis şöbəsinin DYP əməkdaşları gəlmiş və Cavabdeh hadisədətəqsirli bilinərək barəsində inzibati qaydada protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Həm hadisə vaxtı, həm də barəsində inzibati tənbeh vermə barədə qərar qəbuledilərkən Cavabdeh hadisədəözünü təqsirli bilməmişdir. Məhz buna görə də TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayət vermişdir. Onun şikayətinə Qax rayon məhkəməsində baxılaraq 3(024)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarla TP7036375 №li, 08 fevral 2025-ci il tarixli qərar ləğv edilmişdir. Yekunda yol nəqliyyat hadisəsinə görə hər iki tərəf inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. Buna baxmayaraq, iddia tələbini araşdıran məhkəmə «HYUNDAİ SANTAFE» markalı, «77DO734» dövlət qeydiyyat nişanlıavtomobillə dəymiş ziyan məbləğini cavabdehdən tutulması barədə qərar çıxarmışdır. Məhkəmə qərarında Mülki Məcəllənin 1096.1-ci maddəsinə - mülki hüquq pozuntusuna (delikt) əsaslanmışdır. Məhkəmənin mövqeyi ilə razılaşmırlar. Belə ki, cavabdehin təqsirli əməli olmalıdır ki, mülki hüquq pozuntusu baş vermiş olsun. 12 fevral 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki sürücü barəsində təqsirliyi müəyyən edən qüvvəyə minmiş qərar mövcud deyildir. O zaman sual–yaranır. Hadisə zamanı hansı sürücü Delikt törətmişdir. İddiaçı bildirir ki, cavabdeh dönmə hərəkətini düzgün yerinə yetirməyib. Cavabdeh bildirir ki, iddiaçı sürrət həddini pozub. Nə dönmə hərəkətinin pozulmasın görə, nə də sürət həddinə görə inzibati qaydada tənbeh edilən yoxdur. Onda işi araşdıran məhkəmə nə ilə müəyyən etdi ki, hadisəni törətməkdə cavabdeh təqsirlidir və dəymiş ziyanı ödəməldir. Məhkəmə yalnız ehtimalara əsaslnamış və iş üzrə sübut olmadan ərizəni təmin etmişdir. Qətnamədə sübutların siyahısında yalnız «Qax Avtoservis 343»-ü direktoru fərdi sahibkar X3tərtib etdiyi 11 fevral 2025-ci il tarixli 09 №li ziyan aktı mövcuddur. Cavabdehin hadisəyə görə təqsirliyini müəyyən edən və məhkəmənin istinad etdiyi sübut- DYP inspektorunun inzibati tənbeh vermə barədə qərarını məhkəmə özü ləğv etsədə həmin qərara istinad etməklə ziyan məbləğini cavabdehdən tutmaqla yanlış nəticəyə gəlmişdir. Hesab edir ki, işə baxan məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmadan qərar vermişdir. İşdən göründüyü kimi məhkəmə 2(024)-311/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin ekspertiza mərkəzi rəy verməkdən imtina etmişdir. Səbəb səlahiyyətlərinə aid olmadığını göstərmişdir. Bundan sonra məhkəmə icraatı təzələyərək iddia tələbini təmin etmişdir. Maraqlıdır əgər məhkəmə ekspertizanın keçirilməsini zəruri hesab etmişdirsə nə üçün sona kimi həmin rəyin alınmasına maraqlı olmamışdır. Bu gün həmin rəyin verilməsi ekspertiza mərkəzinin səlahiyyətlərində olmasa da bu işdə ixtisaslaşmış "xxxx"na üzv olan MMC-lər mövcuddur. Məhz buna görə də həmin rəyin alınması vacibdir.

8. Odur ki, Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Apellyasiya şikayəti verən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus «HUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən 7560 (yeddi min beş yüz altımş) manat maddi ziyan dəyməsi məhkəməyə təqdim olunmuş avtomobilə dəymiş ziyan aktı, Qax RPŞ-nin YPX inspektoru tərəfindən Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh barədə qərarı və tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın iddiaçının təqsiri ucbatından dəydiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut təqdim etməmiş, ziyan məbləği ilə razılaşmasa da ziyan aktında göstərilən məbləği təkzib edəcək hər hansı bir qiymətləndirici rəyi, sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

25. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

26. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli, 2(107)- 1187/2025 nömrəli qərardadı ilə hаzırkı iş üzrə yol nəqliyyat hadisəsi nəticəsində «HUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici-ekspert dəvət edilmiş «HUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi "xxxx" MMC-nə həvаlə edilmişdir.

27. İşdə olan "xxxx" MMC-nin rəyindən görünür ki, «HUNDAİ SANTAFE» markalı, «az ** DO ***» dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 7150 manat təşkil edə bilərdi.

28. "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, qiymətləndirmə xərci 500 (beş yüz) manat təşkil edir.

29. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mütəxəssis rəyi nəzərə alınmaqla (7150 manat), İddiaçı avtomobilinə dəymiş maddi zərər Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 30.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 410 manat və 6 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh 410 manat və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair hissələrdə rədd edilməli, rayon məhkəməsinin qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manatın 250 manatı İddiaçı, qalan 250 manatı Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) köçürülməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 410 manat və 6 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 410 manat və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair hissələrdə rədd edilsin. Qax Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(024)-311/2025 nömrəli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manatın 250 manatı İddiaçı, qalan 250 manatı Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar