Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1189/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Avtomobilə dəymiş ziyan-pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-440/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq cəmi 1265 (bir min iki yüz altmış beş) manat məbləğində pulun və 32,65 (otuz iki manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 noyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində Qəbələ rayonu, Mıxlıqovaq kəndi istiqamətində ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən günün qaranlıq vaxtı olduğundan sahibsiz 1 baş iribuynuzlu inək balası ilə birlikdə asvalt örtüklü yolda onun hərəkət zolağına çıxdığına görə idarə etdiyi nəqliyyat vasitəsi inəyi vurmuşdur. Avtomobildə tək imiş və xəsarət almasa da, yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Qəbələ Rayon Poliş X7 Polis Bölməsinin YPX-nin əməkdaşı polis baş serjantı X5 yol nəqliyyat hadisəsi baş verdiyindən inəyin sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Qəbələ Rayon Məhkəməsin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə zamanı Cavabdeh məxsus inək ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyməklə avtomobili əzmiş və nəticədə ona maddi zərər vurmuşdur. Maddi zərərin miqdarı Qəbələ rayonundakı avtomabillərə texniki xidmət stansiyasının müdüri Fərhad Yusibov tərəfindən xx.xx.2022-ci il tarixli, Ziyan Aktına əsasən hesablanmış və cəmi 1265 manat miqdarında müəyyənləşdirilmişdir. Həmçinin, ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan məhkəmə qərarında da təsdiq olunaraq öz əksini tapmış və cavabdehdən ziyanın əvəzini ödəməsini tələb etdikdə isə bundan imtina etmişdir. Ona görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, hadisə baş verəndən sonra İddiaçı avtomobilinə dəymiş ziyanın 200 manat olmasını bildirmişdir. Belə olub ona 100 manat verə biləcəyini qeyd etmişdir. Hal-hazırda isə iddiaçı avtomobilini tamamilə təmir etmiş, təmirinə xərcləmiş pulu ondan tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-440/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1215 (bir min iki yüz on beş) manat və 32,65 (otuz iki manat altmış beş qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə sübuta yetmişdir.
8. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 1265 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 9/3534 nömrəli rəyi ilə 2008-ci il buraxılışlı “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1215,00 manat müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 1215 manat maddi zərərin tutulmasını əsaslı hesab etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1215 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, 32,65 (otuz iki manat altmış beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
11. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.2, 1096, 1097.1, 1111.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmədə göstərmişdir ki, iddiaçının avtomobilinə 200 manat maddi ziyan dəymişdir və ona hadisə yerində 100 manat pul verə biləcəyini bildirmişdir. Beləki, iddiaçının avtomobili tamamilə köhnə avtomobildir. Hadisə zamanı onun avtomobilinin az miqdarda kapotu əzilmiş, farası sınmış və radiatoruna ziyan dəymişdir. Dəymiş ziyanın ümumi həcmi 200 manat ancaq edərdi. Görünür ki, iddiaçı köhnəlmiş avtomobilininə yeni ehtiyat hissələri almaqla çəkdiyi xərcləri ondan almaq istəmişdir.
15. Məhkəmə verilmiş mütəxəssis rəyinə tənqidi yanaşmamış və həmin rəyi ehkam kimi qəbul etmişdir. Deliktlərin anlayışı Azərbaycan Republikası MM-nin 1096-cı maddəsində verilmişdir. Həmin maddədə birbaşa qəsddən söhbət getmişdir. Onun əməlində birbaşa qəsdin olmadığını demişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, o, bilərəkdən və arzu edərək heyvanı iddiaçının hərəkət zolağına çıxarmışdır.
16. Qəbələ Rayon Məhkəməsi 09 avqust 2023-cü il tarixli, 2(025)-440/2023 saylı qətnaməsini qəbul edərkən sübutlara tənqidi yanaşmamış və qiymətləndirməmişdir. Qətnamə ilə o razı deyil. Çünki, sübutlara tənqidi yanaşılmamış və düzgün hüquqi qiymət verilməmişdir.
17. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-440/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-440/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi teleqramında məhkəmə prosesində xəstə olduğu üçün iştirak edə bilməyəcəyindən məhkəmə prosesinin başqa vaxta keçirilməsini xahiş etmişdir. Lakin o, səhhətinin vəziyyəti barədə məhkəməyə heç bir sənəd göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinin tələbinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ rayon Məhkəməsinin 09 avqust .2022-ci il tarixli, 2(025)-440/2023 saylı qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Ona görə də kollegiya Qəbələ rayon Məhkəməsinin 09 avqust .2022-ci il tarixli, 2(025)-440/2023 saylı nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
28. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə zamanı Cavabdeh məxsus inək ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyməklə avtomobili əzmiş və nəticədə ona maddi zərər vurmuşdur. Maddi zərərin miqdarı Qəbələ rayonundakı avtomabillərə texniki xidmət stansiyasının müdüri Fərhad Yusibov tərəfindən xx.xx.2022-ci il tarixli, Ziyan Aktına əsasən hesablanmış və cəmi 1265 manat miqdarında müəyyənləşdirilmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
31. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə görə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, Həmin Məcəllənin 338.5.2-ci maddəsinə əsasən isə mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə məhz mal sahibinin məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
32. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhz Cavabdeh özünə məxsus heyvanı nəzarətsiz qoyması nəticəsində İddiaçı maddi ziyan dəyməsi müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mütəxəssis rəyinə tənqidi yanaşılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.
34. Belə ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
35. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli 9/3534 saylı ekspert rəyindən görünür ki, Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1215,00 manat müəyyən edilir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
37. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir.
38. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-440/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-440/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.