Məhkəmə qərarları › İş №2(107)-1192/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1192/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1192/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada əsas borc 14580 manat, faiz borcu 4242,78 manat olmaqla, cəmi 18822,78 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 78 qəpik) manat borcun və 146.47 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə (bundan sonra - “Tələbin güzəşti müqaviləsi”) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 15 fevral 2018-ci il tarixli, S-DİPK-367 saylı təhvil- təslim aktı (bundan sonra - Akt) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-city” yaşayış massivindəki 22 saylı küçəsinin 6 saylı binasında yerləşən 1 saylı mənzilin alınması məqsədi ilə 60 ay müddətinə illik 12%-lə 19636 (on doqquz min altı yüz otuz altı) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialı ilə zamin olmuş şəxs "AAAF- İNŞAAT” MMC arasında 12 sentyabr 2013-cü il tarixli, 830 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Cəlil X3 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 11.1 -ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Bağlanmış zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bağlanmış zaminlik müqaviləsinin 13.2ci bəndinə əsasən, borclu kreditorla bağladığı 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödənəyədək bu müqavilə qüvvədə olur. Bağlanmış zaminlik müqaviləsinin 13.4-cü bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik borclu, zamin və ya üçüncü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. xx.xx.2022-ci il tarixə cavabdehin "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 14580 manat, faiz borcu 4242,78 manat, cəmi borcu 18822,78 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 78 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Hesab edirlər ki, cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğu üçün 18822,78 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi 16 may 2024-cü il tarixdə məhkəməyə "iddia tələbinin həcminin azaldılması’’ barədə ərizə ünvanlayaraq "AAAF-İNŞAAT” MMC-in cavabdehlikdən azad edilməsini xahiş etmiş və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir.

4. Cavabdeh iddiaya etirazının onunla əsaslandırmışdır ki, hazırda xəstəliyi ilə (xərçəng) bağlı olaraq Almaniya Federativ Respublikasında kimyaterapiya vasitəsi ilə müalicə alır. Böyük ehtimalla bu yaxınlarda əməliyyat olunmalıdır. Bu səbəbdən də məhkəmə proseslərində üzrlü səbəbdən iştirak edə bilmir. Məhkəmə prosesi barədə bu ayın (2024-cü ilin iyun ayı) məlumatı olmuşdur. Qeydiyyatda olduğu Zaqatala rayonu, Bəhmətli kəndində heç kim yaşamadığı üçün ola bilsin ki, məktublar onlara çatdırılmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı hazırki işdə haqlı olsa belə, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürülmüşdür. Belə ki, iş materiallarında olan kredit müqaviləsi 12 sentyabr 2013-cü il tarixli, 7629 nömrəli kredit müqaviləsindən də göründüyü kimi, həmin müqavilə 60 (altmış) ay müddətinə bağlanmışdır. Bu isə o deməkdir ki, həmin müqavilə üzrə müddət 12 sentyabr 2018-ci il tarixdə başa çatmış və keçən 6 (altı) il müddət ərzində iddiaçı onlara qarşı hər hansı tələblə müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, "....Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukravn Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışma hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)." Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Zaminə münasibətdə: İş materiallarında olan 12 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsindən də göründüyü kimi, "xxxx" MMC hazırki iş üzrə zamindir. Lakin, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı hazırki tələblə məhkəmə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş l(bir) illik kəsici müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, "...Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca "solidus"- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiär (latınca "subsidiarius" - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (477.0.4) "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dasıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər o, və "AAAF- İNŞAAT" MMC-yə qarşı "pul (kredit müqaviləsi üzrə borcun tutulması) tələbinə dair" iddiasının (iş №2(033)-402/2024), iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçirməsi (ötürülməsi) səbəbindən rədd edilməsi (iddiadan imtina) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 tərəfindən sonuncu ödəniş 2018-ci ildə olunmuşdur. Həmin vaxtdan cavabdehin yeri məlum deyil. Onlara çatdırılan məlumatlara görə cavabdeh xaricdə yaşayır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

8. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsi (hakim V.Məmmədov) ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı Cavabdeh1 əsas borc 14580 (on dörd min beş yüz səksən) manat, faiz borcu 4242,78 (dörd min iki yüz qırx iki manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 18822,78 (on səkkiz min səkkiz yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, "AAAF-city” yaşayış massivindəki 22 saylı küçəsinin 6 saylı binasında yerləşən 1 saylı mənzilin alınması məqsədi ilə cavabdehə 60 ay müddətinə illik 12%-lə 19636 (on doqquz min altı yüz otuz altı) manat məbləğində kredit verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC- nin 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsi üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 14580,00 manat, faiz üzrə 4242,78 manat ödənilməmiş qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitsə də, iddiaçı hazırki iddia ərizəsi ilə 16 fevral 2024-cü il tarixdə, iddia müddətini keçirdikdən sonra müraciət etmişdir.

10. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə müraciət edənədək iddia müddətini keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı Cavabdeh1 əsas borc 14580 manat, faiz borcu 4242,78 manat olmaqla, cəmi 18822,78 (on səkkiz min səkkiz yüz iyirmi iki manat 78 qəpik) manat borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 148 manat onun özünə aid edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2, 739.1, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi-hüquq normalarını düzgün təbiq etməmişdir.

17. Belə ki, məhkəmə Cavabdeh1 məhkəməyə göndərdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2 və 377.2-ci maddələrinə istinad etmişdir. Hesab edirlər ki, məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir.

18. Cavabdehlə bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsininin 18.2-ci bəndində göstərilir ki, Bu müqaviləyə aşağıdakı hallarda xitam verilir. 18.3. Bu müqavilə üzrə öhdəliklər borc alan və üçüncü şəxslər tərəfindən tam yerinə yetirildikdə. Öhdəlik isə borcalan tərəfindən tam yerinə yetirilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1,399.3, 399.4-cü maddələrinin tələblərinə görə həmin şərt onu göstərir ki, müqavilənn qüvvəsi bitməmişdir, hal- hazıradək davam edir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir.

20. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəlyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda qeyd edilən əssaslardan göründüyü kimi cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etmşdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir.

21. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9,10.1.3, 88, 172, 185.2-ci və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur.

22. İddiaçı və cavabdeh tərəf sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Bu balda məhkəmə tərəflərin iştirakı olmadan həmin işə baxıb qətnamə qəbul etməyə səlahiyyətli deyildi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3.-cü maddəsinə əsasən Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Yəni birinci instansiya məhkəməsi iddiaçı və cavabdehinin nümayəndəsinin məhkəmədə iştirak etmədiyi halda, işə tərəflərinin iştirakı olmadan qətnamə çıxarmağa haqlı deyildir. Belə olan halda, məhkəmənin məhkəmə iclasını təxirə sala, digər halda isə işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edə bilərdi. Lakin birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını kobud şəkildə pozaraq qanunsuz bir qətnamənin qəbul edilməsinə nail olmuşdur. Bu isə məhkəmənin işin nəticəsində maraqlı olduğuna, qərzəli və qeyri - obyektivliyinə dəlalət edir.

23. Bundan başqa Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsininin 19.2-ci bəndində tərəflərin razılığı ilə mübahisənin Bakı şəhəri məhkəmələrində həll edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən kredit müqaviləsinin bu şərti nəzərə alınmamışdır. Lakin qətnamədən göründüyü kimi o, qanuni və əsaslı deyildir. Qətnamədən göründüyü kimi məhkəmə tərəfindən yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır.

24. Odur ki, Zaqatala rayon Məhkəməsininxx.xx.2024- cü il tarixli e-2(033)- 402/2024 saylı qətnaməsini ləğv edib, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və “AAAF- İNŞAAT” MMCnin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

36. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, "AAAF-city” yaşayış massivindəki 22 saylı küçəsinin 6 saylı binasında yerləşən 1 saylı mənzilin alınması məqsədi ilə cavabdehə 60 ay müddətinə illik 12%-lə 19636 (on doqquz min altı yüz otuz altı) manat məbləğində kredit verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC- nin 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsi üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 14580,00 manat, faiz üzrə 4242,78 manat ödənilməmiş qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitsə də, iddiaçı hazırki iddia ərizəsi ilə 16 fevral 2024cü il tarixdə, iddia müddətini keçirdikdən sonra müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı və cavabdeh tərəfin sonuncu məhkəmə iclasında iştirak etmədikləri balda məhkəmənin tərəflərin iştirakı olmadan işə baxıb qətnamə qəbul etməyə səlahiyyətli olmaması, belə olan halda, məhkəmənin məhkəmə iclasını təxirə sala, digər halda isə işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edə bilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Cavabdeh1 25 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, o, həmin ərizəsində Almaniya Federativ Respublikasında kimyaterapiya vasitəsi ilə müalicə aldığını, bu səbəbdən məhkəmə proseslərində üzrlü səbəblərdən iştirak edə bilmədiyini göstərmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona və “AAAF- İNŞAAT” MMC-nə qarşı pul (kredit müqaviləsi üzrə borcun tutulması) tələbinə dair iddiasının iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçirməsi (ötürülməsi) səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi 25 iyul 2024-cü il tarixdən əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak etməklə onun tərəfindən iddia tələbi müdafiə edilmiş, Cavabdeh1 isə birinci instansiya məhkəməsinə göndərdiyi iddia müddətinin tətbiqinə dair ərizəsi ilə işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilmədiyini göstərmişdir.

43. Beləliklə iddianın baxılmamış saxlanılması, məhkəmə iclasının təxirə salınması üçün əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi 25 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisəyə mahiyyəti üzrə baxılmasının mümkün olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

45. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

46. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

47. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

48. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsininin 19.2-ci bəndində tərəflərin razılığı ilə mübahisənin Bakı şəhəri məhkəmələrində həll edilməsi nəzərdə tutulması, məhkəmə tərəfindən kredit müqaviləsinin bu şərtinin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

50. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

51. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

52. Tərəflər arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinin 19.2-ci bəndində tərəflərin öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Bakı şəhər məhkəmələrində həll edilməsi nəzərdə tutulmasına baxmayaraq həmin bənddə mübahisəyə Bakı şəhərinin məhz hansı məhkəməsində baxılmalı olması nəzərdə tutulmamış, həmçinin iddiaçı öz seçimi əsasında mübahisəyə məhz cavabdehin rəsmi qeydə alındığı yer üzrə Zaqatala Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir.

53. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin ərazi aidiyyəti üzrə qaydalarının pozuntusuna yol verilməmişdir.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-402/2024 nömrəli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar