Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1194/2021 31.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı “əsassız olaraq cavabdehlərin özlərində saxladıqları qoyunların artan balalarının və ya onların dəyərinin alınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(039)-116/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı ilə onlardan alınıb cavabdehlərə verilmiş qoyunların saxlanılmasına görə 7800 manat əmək haqqının, 26 ay ərzində qoyun-quzunun otarılması üçün icarəyə götürülmüş 2 ha torpaq sahəsinə görə 600 manat otlaq pulunun, 26 ay ərzində qoyun-quzunun dava-dərmanına və baytar həkiminə hər il üçün sərf olunan cəmi 320 manat, hər il qışda əlavə qida-arpa ilə saxlanması üçün cəmi 480 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 1 il 10 ay ərzində əsassız olaraq özlərində saxladıqları 32 baş ana qoyundan artan balaların, balalayan qoyunların ildə 2 dəfə artmasını nəzərə alaraq, 100 baş qoyunun (50 baş qoyun, 50 baş quzu) natura qaydasında, olmadıqda isə onların dəyərinin, hər birinin qiymətinin 250 manat olmaqla, pul şəklində cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmamışdır. Qeyd olunan qətnamə ilə razı olmayan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 21 oktyabr 2020-ci il tarixli qətnamənin ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 13 aprel 2021-ci il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-116/2020 saylı mülki iş üzrə qəbul etdiyi 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə razılaşmayan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardad qeyri-qanuni və əsassız olmaqla yanaşı, həm də ədalətsiz hesab edir. Dünyada yayılmış koronavirus (COVİD -19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya - epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin regiminin müddətinin uzadılması Koronavirus (C0VİD- 19)infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin regimi müddəti (2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməklə )01 iyun 2021- ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, tərəfimdən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən ötürülmüşdür. Koronavirus (C0VİD-19)infeksiyasına şübhəli olaraq xeyli müddət ev şəraitində olmuşdur. Gediş-gəliş məhdudiyyətləri olmuşdur. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)-116/2020 nömrəli 13.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirlməsini və ya əks təqdirdə şikayətinin işlə birlikdə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-116/2020 nömrəli qərаrdаdı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(039)-116/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Beləliklə iş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi tərəflərə poçt vasitəsi ilə göndərilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 29 oktyabr 2020-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini qanunvericiliyin tələblərini pozmaqla, yəni apellyasiya şikayəti vermə müddətini ötürməklə vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(039)-116/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(039)-116/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1194/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1194/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver