Məhkəmə qərarları › İş №2(107)-1198/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1198/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1198/2025 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı - LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnаməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında оlаn İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, LPO "xxxx" ASC tərəfindən Cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında оlаn İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh "xxxx" ASC qarşısında öhdəliyinin qalığı 9732,64 manat müəyyən edilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin olunmuşdur.

3. İş materiallarında оlаn 26 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

4. İş materiallarında оlаn 16 yanvar 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 10000 manat verilmişdir.

5. İş materiallarında оlаn 26 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25 fevral 2025-ci il tarixinə 5607,03 manat əsas borcu, 4077,65 manat faiz borcu, 5564,31 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 806,52 manat olmaqla, cəmi 16055,51 manat borcu yaranmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 16.055,51 (on altı min əlli beş manat 51 qəpik) manat - bundan 5.607,03 (beş min altı yüz yeddi manat 03 qəpik) manat əsas, 4.077,65 (dörd min yetmiş yeddi manat 65 qəpik) manat faiz, 5.564,31 (beş min beş yüz altmış dörd manat 31 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,52 (səkkiz yüz altı manat 52 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 138,17 (bir yüz otuz səkkiz manat 17 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 16 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Daha sonra ********* №-li 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.732,64 (doqquz min yeddi yüz otuz iki manat 64 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.143,88 (altı min bir yüz qırx üç Manat 88 qəpik) Manat əsas borc, 2.581,47 (iki min beş yüz səksən bir Manat 47 qəpik) Manat faiz borcu və 1.007,29 (bir min yeddi Manat 29 qəpik) Manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-X-41-3429/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə XanəlizadəArif Pərviz oğlunun kredit üzrə cəmi borcu 16.055,51 (on altı min əlli beş manat 51 qəpik) manat təşkil edir. Bundan 5.607,03 (beş min altı yüz yeddi manat 03 qəpik) manat əsas, 4.077,65 (dörd min yetmiş yeddi manat 65 qəpik) Manat faiz, 5.564,31 (beş min beş yüz altmış dörd manat 31 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,52 (səkkiz yüz altı Manat 52 qəpik) Manat faiz borcu təşkil edir.

8. Birinci instansiya məhkəməsi hazırkı mülki işə tərəflərin iştirakı olmadan baxmışdır.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5607,03 (beş min altı yüz yeddi manat üç qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 76,95 (yetmiş altı manat doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, 61,22 (altmış bir manat iyirmi iki qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun özünə aid edilməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 4077,65 manat faiz borcunun, 5564,31 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,52 manat borcun tutulması hissəsində hesab etmişdir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

12. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 445.7, 448.1, 448.2, 458.1, 465.2, 467, 739, 741-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən portaldan çıxarışdan görünü Cavabdeh mübahisələndirilən kredit üzrə borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahıs düşməmişdir. Fərmanın heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və restrukturizasiya olunmayan kredit müqavilələri üzrə faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının məhkəmələr tərəfindən silinməsi səlahiyyətləri göstərilməmişdir. Fərmanın 8.6-cı bəndində qeyd olunur ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Qaydanın 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar mənasını ifadə edir. Qeyd edirlər ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir. Belə ki, Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borcu üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı”nın konkret hansı bəndinin tələblərinə əsaslandığını göstərməmişdir. Qeyd edirlər ki, iddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 16.055,51 manat təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Bildirirlər ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. Zaqatala Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara və həmçinin Problemli Kredit Məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışa düzgün diqqət yetirməmişdir. Məhkəmə Problemli Kredit Məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışın düzgün qiymətləndirilməməsi nəticəsində borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda, səhvən həmin siyahıya düşdüyünü ehtimal edərək 5.607,03 manat əsas borcu təmin etmiş, digər borc tələblərini (faiz, cərimə, Kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini) təmin etməmişdir. Bu da nəticədə Bankın maraqlarına toxunan əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsinin qismən – mübahisələndirilən hissələrdə (faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasınını iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunaraq iddianın həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini – iddianın təmin edilməyən faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.7. Borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

28. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

29. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Maddə 739. Borc müqaviləsi (01 oktyabr 2023-cü il tarixədək olan redaksiyada)

- 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh həmin tarixdə 10000 manat kredit verilmişdir. Cavabdeh kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. xx.xx.2017-ci il tarixlərdə Cavabdeh ilə iddiaçı arasında 16 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə saziş bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 9732,64 manat borcu olması və kredit müddətinin xx.xx.2022-ci i il olması tərəflər arasında razılaşdırılmışdır. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etmiş və borcunun az olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2025 il tarixli 9/3331 nömrəli ekspert rəyi ilə 16 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh LPO İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 5694,72 manat, faiz borcu üzrə 3767,01 manat olması müəyyən edilmişdir.

51. İddianın faiz və cərimə borcları hissəsində təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 4077,65 manat faiz borcunun, 5564,31 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,52 manat borcun tutulması hissəsində təmin edilməməlidir.

52. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

53. Beləliklə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

54. Apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilməyən, yəni 4.077,65 manat faiz, 5.564,31 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,52 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır.

55. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

57. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449, 465-ci maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehdən faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh hazırkı vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişlər. Buradan da görünür ki, cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməmələrinə şərait yaratmışdır.

58. Qeyd olunmalıdır ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən əsas borcun və əsas borca hesablanmış faiz borcunun olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmiş və ekspert rəyini almışdır. Həmin rəydə göstərilir ki; - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə olaraq imzalanmış xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı əlavə saziş üzrə Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə kredit müddətinin bitdiyi tarixə, yəni xx.xx.2022ci il tarixinə LPO İddiaçı ASC olan borcu aşağıdaki kimi müəyyən edilir:

xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə --------------------------- 5.694,72 manat, - faiz borcu üzrə --------------------------- 3.767,01 manat.

59. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

60. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

61. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

63. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

64. Ona görə də Cavabdeh əsas borcla yanaşı faiz, cərimə və müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu da tutulmalıdır.

65. Cəriməyə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, hesablanmış 5.564,31 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır (bax: qətnamənin 30-cu bəndi).

66. Kollegiya hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə məbləği azaldılaraq 280,35 manat müəyyən edilməlidir ki, bu da bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğundur.

67. Bundan başqa apellyasiya baxışı zamanı yaranmış zərurətlə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi və həmin kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixli, 1 nömrəli Əlavə Sazişə əsasən yaranmış kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli, 551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri altına düşüb-düşməməsi və eləcə də həmin Fərmanın qeyd olunan kredit borcuna tətbiq olunubolunmaması barədə Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu verilmiş, soruğuya cavab olaraq Mərkəzi Bankın 28 yanvar 2026-cı il tarixli, 6-1-21/2-1379/2026 saylı məktubunda qeyd olunmuşdur ki, ...Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış hər hansı kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir.

68. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin iddianın təmin edilməyən hissələrində ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

70. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

73. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsi qismən - “kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcunun tutulmasının rədd edilməsi” hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə qismən təmin edilməlidir.

74. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 46-cı bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tаrixli, e-2(033)-811/2025 saylı qətnaməsi qismən – “faiz, cərimə və kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcunun tutulmasının rədd edilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3.767,01 manat faiz borcu, 280,35 manat cərimə borcu və 806,52 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcu tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 121,38 (bir yüz iyirmi bir manat otuz səkkiz qəpik) manatı cavabdehə aid edilsin. Cavabdeh 121,38 manat məbləğində pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 16,79 (on altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar