Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1199/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə,Məmmədov Emin Nizami oğlunun katibliyi, iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadından iş üzrə iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx xxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadı ilə İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair ərizəsi və baxılmamış saxlanılmışdır. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 472/2020 nömrəli qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Ərizənin baxılmamış saxlanmasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanında nəzərdə tutulan qaydalar göstərilmişdir. Halbuki, Cavabdeh işi üzrə olan kredit müqaviləsi Azərbaycan valyutası(AZN) ilə olduğuna görə fərrmana görə kompensasiyanın hesablanması təbii olaraq nəzərdə tutulmamışdır. Sadəcə olaraq cavabdehin ABŞ Dolları valyutası ilə olan digər krediti üzrə hesablanan kompensasiya sözügedən bu kredit müqaviləsindən (AZN-lə olan) silinmişdir. Bundan başqa kredit müqaviləsi xx.xx.2018-ci ildə bağlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı isə xx.xx.2019-cu ildə qəbul edilmişdir. Kredit müqaviləsi üzrə gecikmə günləri ilkin ödəniş tarixindən sonra ödəniş olmazsa hesablanmağa başlanır. Yəni sözügedən kredit müqaviləsi üzrə gecikmə günlərinin başlanması üçün müqavilənin bağlandığı (xx.xx.2018-ci il) tarixdən ən azı 1 ay keçməli idi. Buna görə də həmin kredit müqaviləsinin fərmanın çıxdığı dövrə olan gecikməsi 360 gündən azdır. Bu da o deməkdir ki, həmin kredit müqaviləsinə fərmanda nəzərdə tutulan restrukturizasiya şərtlərinin də aid edilməsi qeyri-mümkündür. Çünki, fərmanda yalnız 360 gündən çox gecikməsi olan kreditlərə restrukturizasiyanın təklif edilməsi vurğulanmışdır. Bütün yazılanlardan aydın olur ki, sözügedən kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmür. Bu səbəbdən də fərmanda nəzərdə tutulan qaydalara istinad edərək ərizəmizin baxılmamış saxlanması qeyri-mümkündür. Buna baxmayaraq məhkəmə əsassız olaraq ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qərardad ləğv edilməli və iş üzrə icraat təzələnərək məhkəmə prosesi davam etdirilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadı ilə iddiaçı «xxxx»KB ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən «xxxx»KB ASC-nin nümayəndəsi X2 bildirdi ki, kredit müqaviləsi xx.xx.2018-ci ildə bağlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı isə xx.xx.2019-cu ildə qəbul edilmişdir. Kredit müqaviləsi üzrə gecikmə günləri ilkin ödəniş tarixindən sonra ödəniş olmazsa hesablanmağa başlanır. Yəni sözügedən kredit müqaviləsi üzrə gecikmə günlərinin başlanması üçün müqavilənin bağlandığı tarixdən ən azı 1 ay keçməli idi. Buna görə də həmin kredit müqaviləsinin fərmanın çıxdığı dövrə olan gecikməsi 360 gündən azdır. Bu da o deməkdir ki, həmin kredit müqaviləsinə fərmanda nəzərdə tutulan restrukturizasiya şərtlərinin də aid edilməsi qeyri-mümkündür. Çünki, fərmanda yalnız 360 gündən çox gecikməsi olan kreditlərə restrukturizasiyanın təklif edilməsi vurğulanmışdır. Bütün yazılanlardan aydın olur ki, sözügedən kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmür. Bu səbəbdən də fərmanda nəzərdə tutulan qaydalara istinad edərək ərizəmizin baxılmamış saxlanması qeyrimümkündür. Buna baxmayaraq, məhkəmə əsassız olaraq ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. bundan əlavə fərmanın icra müddəti 2019-cu ilin dekabr ayının 31-nə qədər olmuşdur. Göstərilənlərə əsasən qərardad ləğv edilməsini və iş üzrə icraat təzələnərək məhkəmə prosesi davam etdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadı ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Lakin, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, MPM-in 259-cu maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa; işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normanın tələblərindən çıxış etməmiş müəyyən etmişdir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə mövqeyi ondan ibarətdir ki, fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı baxılmamış saxlanılması barədə mövqeyi əsassızdır. MPM-inn 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məzmunundan görünür ki, i İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi onu nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. İddia predmeti olan kredit müqaviləsi xx.xx.2018-ci ildə bağlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı isə xx.xx.2019-cu ildə qəbul edilmişdir. Kredit müqaviləsi üzrə gecikmə günləri ilkin ödəniş tarixindən sonra ödəniş olmazsa hesablanmağa başlanır. Yəni sözügedən kredit müqaviləsi üzrə gecikmə günlərinin başlanması üçün müqavilənin bağlandığı (xx.xx.2018-ci il) tarixdən ən azı 1 ay keçməli idi. Buna görə də həmin kredit müqaviləsinin fərmanın çıxdığı dövrə olan gecikməsi 360 gündən azdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən kredit müqaviləsinə fərmanda nəzərdə tutulan restrukturizasiya şərtlərinin də aid edilməsi qeyri-mümkündür. Çünki fərmanda yalnız 360 gündən çox gecikməsi olan kreditlərə restrukturizasiyanın təklif edilməsi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın baxılmamış üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1 şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-472/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1199/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1199/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver