Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1199/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, idddiaçı İddiaçı iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və X1 qarşı “Ağdaş şəhəri Məşəd küçəsində yerləşən yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısının alınması barədə cavabdehlər tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdaş rayonu Məşəd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının və onun mərhum anası Nazilə Rasulovanın birgə mülkiyyət hüququ, həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqdan ibarət, yaşayış sahəsi 45,03 kv.m, yardımçı sahə 85,57 kv.m, ümumi sahəsi 130,60 kv.m olan fərdi yaşayış evinə(bundan sonramübahisəli ev) isə mərhum Nazilə Rasulovanın tam mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi və mübahisəli ev iddiaçı və mərhum anası Nazilə Rasulova tərəfindən xx.xx.2012-ci il tarixdə bağışlama müqaviləsinə əsasən cavabdehiddiaçının qardaşı Cavabdeh1 bağışlanmışdır və sonuncu daşınmaz əmlakla bağlı hüquqlarını xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın reyestrində qeydiyyata aldıraraq müvafiq çıxarış almışdır. İddiaçı 2008-ci ildə ailə qurmuş və mübahisəli evi tərk etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri Məşəd küçəsində yerləşən yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısının alınması barədə cavabdehlər tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir cavabdehlərlə birlikdə mərhum atasına məxsus, qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 6 otaq, 1 mətbəx və 1 eyvandan ibarət yaşayış evində yaşayır. Ancaq son bir neçə ildə cavabdehlər tərəfindən qeydiyyatda olduğu evdə yaşamağa imkan verilmir, cavabdehlər tərəfindən müxtəlif təzyiqlərə və hücumlara məruz qalır. Cavabdehlər onu evdən qovmaq və didərgin salmaq üçün hər cür vasitəyə əl atır, ona gün verib, işıq vermirlər. Onun cavabdehlərdən sadəcə istəyi qeydiyyatda olduğu evdə sakit yaşamaqdır. Ancaq cavabdehlər buna imkan vermirlər. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində o, demək olar ki, hər gün döyülür, söyülür və qeydiyyatda olduğu evdə yaşamağına maneələr törədilir. Bugünədək cavabdehlərlə heç bir mülk davası etməmiş, sadəcə ahıl vaxtında ömrünün sonunadək maneəsiz, sakit yaşamaq istəyir. Beləliklə, onun qeydiyyatda olduğu evdə yaşamaq və ondan istifadə etmək hüququnun olmağına baxmayaraq, cavabdehlər qanunsuz olaraq ona bu hüquqlarından yararlanmaq hüququna süni maneələr yaradırlar. Cavabdehlərin onun qeydiyyatda olduğu yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısının alınması barədə hərəkətləri qanunsuzdur. Dəfələrlə cavabdehlərlə olan problemi aralarında həll etməyə çalışsa da, cavabdehlərlə aralarında razılığa gələ bilmədikləri üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısını alması barədə Cavabdeh1 və X3 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)- 1142/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 6 otaq, 1 mətbəx və 1 eyvandan ibarət məhrum atasına məxsus olan yaşayış evində doğulmuş, yəni evin mülkiyyətçisinin ailə üzvü olmuş, 04 il ərdə olduğu müddət istisna olmaqla həmin evdə yaşamışdır və hazırda da yaşayır, 2012-ci ildə yenidən ata evinə qayıdan zaman evin mülkiyyətçisi olan qardaşı, iş üzrə Cavabdeh1 tərəfindən ailə üzvü kimi qəbul edilmişdir, ancaq hazırda heç bir səbəb olmadan hər iki cavabdeh tərəfindən evdə sərbəst yaşamasına maneələr yaradılır, buna görə də iddia təmin edilməlidir. Rayon Məhkəməsi öz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı 2008-ci ildə ailə qurduqdan sonra ərinə məxsus evə köçərək orda yaşamışdır. O, 2013-cü ilin ortalarına qədər əri ilə həmin evdə yaşamışdır. İddiaçı daimi yaşamaq üçün mübahisəli evdən köçdüyündən həmin evdən istifadə hüquqlarını itirmişdir. 2013-cü ildə iddiaçı və əri evlərini satdıqlarını və yeni ev alana qədər onlara məxsus evdə yaşamaq istədiklərini ona bildirmişlər və o, iddiaçı yeni ev alana kimi həyətdə ayrıca tikilmiş “yer evində” (texniki paportda təsərrüfat binası kimi qeyd edilmişdir) yaşamaları üçün icazə vermişdir. Bundan sonra iddiaçı və əri arxayınlaşmış və başqa yerdən ev almamışlar. Dəfələrlə deməyinə baxmayaraq iddiaçı və əri həmin evdən (təsərrüfat binasından) çıxmamışlar. 2021-ci ildə iddiaçının əri ölmüş və ərinin yas mərasimi qurtarana qədər iddiaçı mübahisəli evin otaqlarından birinə müvəqqəti köçüb orda yaşamaq üçün icazə istəmiş və o, bununla razılaşmışdır. Yas mərasimindən sonra iddiaçı nəinki əvvəllər yaşadığı “yer evinə” qayıtmış, əksinə mübahisəli evin açıq eyvanını kərpiclə ortadan bağlayaraq, evin yarısının ona məxsus olduğunu bildirmişdir. Bundan sonra iddiaçı ilə aralarında söz-söhbətlər və mübahisələr başlamışdır. Mübahisəli ev - yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alındıqdan sonra, yəni 2013cü ildə mübahisəli evdə deyil, təsərrüfat anbarı kimi qeyd olunan yer evində yaşadığına və ən əsası onun mübahisəli evdə yaşamasına və istifadəsinə mülkiyyətçi kimi rəsmi əcazəsi olmadığına və bu barədə aralarında heç bir müqavilə rəsmiləşdirilmədiyinə görə iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Rayon Məhkəməsi iddianı təmin etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb - qeydiyyatda olduğu Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədədir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbinə hüquqi qiymət verilməsi üçün, ilk öncə onun, yəni iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iş üzrə tərəflərin anası olan mərhum Nazilə Rasulovanın mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə sonuncunun və iddiaçının paylı mülkiyyətində olmuşdur. 2008-ci ildə iddiaçı ailə qurmuş və daimi yaşamaq üçün mübahisəli yaşayış evindən çıxıb getmişdir. xx.xx.2012-ci il tarixdə mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi əvvəlki mülkiyyətçilər (mərhum Nazilə Rasulova və iddiaçı) tərəfindən hazırki iş üzrə cavabdehə bağışlanmışdır. Cavabdeh1 iddiaçı və onun mərhum ərinə evin həyətində yerləşən “yer evində” yaşamağa müvəqqəti icazə vermişdir. Qeyd olunanlara əsasən işin halları kimi müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evində doğulan və böyüyən iddiaçının həmin evə istifadə hüququ mövcud olmuşdur. Lakin iddiaçı, 2008-ci ildə ailə quraraq daimi olaraq əri ilə birlikdə yaşamaq üçün mübahisəli yaşayış sahəsini tərk edərək başqa ünvana köçmüşdür. Bununla da iddiaçı, mübahisəli yaşayış sahəsindən istifadə hüqununu itirmişdir. Daha sonra iddiaçı, mərhum əri ilə 2013cü ildən mübahisəli evdə deyil, həmin evin həyətyanı sahəsində yerləşən “yer evində” yaşamışdır. İddiaçının əri 2021-ci ildə öldükdən sonra yas mərasimlərinin keçirilməsi üçün cavabdeh iddiaçıya müvəqqəti olaraq mübahisəli evdə yaşamasına icazə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsində xx.xx.2009-cu il tarixdən sonra yaşamağı başladığından iddiaçının həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələbləri tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh bacı-qardaş olsalar da, iddiaçının cavabdehin ayrıca mülkiyyətində olan mübahisəli yaşayış sahərindən istifadə etmək hüququ yaranmış olmur. Bunun üçün Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iki halın mövcud olması vacibdir. Birincisi – iddiaçı cavabdehin ailə üzvü olmalı, ikincisi – yaşayış sahəsinə köçürülməli və onunla birlikdə yaşamalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçı cavabdehin bacısı olsa da, Mənzil Məcəlləsinin tələblərinə görə, mülkiyyətçinin (cavabdehin) ailə üzvü deyil. Bundan başqa, iddiaçı evin hazırki mülkiyyətçisi olan cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilmədiyindən ona münasibədə “digər qohum” statusu da daşımır. Digər tərəfdən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi daimi məqsəd daşımamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə etmək hüququ 2008-ci ilədək mövcud olsa da, sonradan könüllü olaraq daimi əsaslarla həmin evi tərk etdiyindən o, bu hüququnu itirmişdir. Hazırda da onun belə bir hüququnun tanınması üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəyə yaradılan manelərin aradan qaldırılması barədə iddiaçının irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən, Məhkəmə bu qənaətə gəlir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iiddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “Ağdaş şəhəri Məşəd küçəsində yerləşən yaşayış evində yaşamağının və ondan istifadə etməyinin qarşısının alınması barədə cavabdehlər tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1199/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1199/2022
15.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver