Məhkəmə qərarları › İş №2(107)-1199/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1199/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1199/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, 2(035)-631/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, 2(035)-631/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər(maddə 360). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır (maddə 363.1.3). İş materiallarından müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, 2(035)-631/2022 saylı qətnaməsi 06 fevral 2023-cü il tarixdə rəsmi qaydada Cavabdeh təqdim edilmişdir(iş vər.168). Sözügedən qətnamədən cavabdeh tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Növbəti dəfə apellyasiya şikayəti cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixdə imzalanmış və 02 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 06 mart 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Odur ki, bu səbəbdən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Zərdab Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, 2(035)-631/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar