Məhkəmə qərarları › İş №2(107)-1201/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1201/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1201/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-128/2019 nömrəli qərardadından iş üzrə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər X7, X8, X13, X9 və X2 qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X19 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı “xxxx” ASC ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********28013 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 22% ödənilməsi şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı “xxxx” ASC ilə X14 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, evin 13 nömrəli mənzilin ipotekaya qoyulması barədə xx.xx.2013-cü il tarixli **********28013/1 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Daha sonra ipoteka qoyan X14 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Bu hal Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 687309 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Bundan sonra X6 qanun üzrə vərəsələri X8, X7, Cavabdeh və X13 tərəfindən Mingəçevir şəhəri 2 saylı xüsusi Notariat Kontoruna müraciət edilmiş, müvafiq olaraq həmin notariat kontoru tərəfindən onlara xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-269, 2V-270, 2V-271 və 2V-272 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bununla da həmin şəxslərin hər biri müvafiq olaraq Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli evin 13 nömrəli mənzildən ¼ hissəsə pay əldə etmişlər. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən borc alan X10 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud pozmuşdur. Kredit borcu ödənilməmişdir. xx.xx.2013-cü il tarixli **********28013/1 nömrəli ipoteka müaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və ümumi paylı mülkiyyət hüququ əsasənda cavabdehlər X3 (¼ hissə), Cavabdeh ( ¼ hissə), X4 (¼ hissə), X11 (¼ hissə) məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 nömrəli, 13 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışın və xx.xx.2013-cü il tarixli **********8013 nömrəli kredit müqaviləsi üzrə borc alan X1 iddiaçı “xxxx” ASC qarşısındakı 8935,91 (səkkiz min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat vaxtı keçmiş əsas borc, xx.xx.2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 22% (iyirmi iki faiz ) dərəcəsi ilə hesablanmış 928,21 (doqquz yüz iyirmi səkkiz manat iyirmi bir qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 2966,47 (iki min doqquz yüz altmış altı manat qırx yeddi qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 2840,56 (iki min səkkiz yüz qırx manat əlli altı qəpik) manat məbləğində penya, cəmi 15671,16 (on beş min altı yüz yetmiş bir manat on altı qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) xx xxxxxx 2019-cu il tarixli 2(051)-128/2019 nömrəli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh, X7, X8, X13, X9 və X2 qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-128/2019 nömrəli qərardadından iddiaçı “xxxx” ASC şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə xx.xx.2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və bununla əlaqədar olaraq iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 262544 nömrəli rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Ekspert rəyindən narazı qalan bank xx.xx.2019-cu il tarixdə vəsatət verərək məhkəmədən təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bankın vəsatətinin təmin edildiyi və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunduğu məhkəmə tərəfindən elan edilmişdir. Bank işin müvafiq ekspertizanın keçirilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini zənn edərək və bu prosesin müəyyən vaxt tələb etdiyini nəzərə alaraq uzun müddət məhkəmə ilə əlaqə saxlamamışdır. Məhkəmə isə ekspertizanın təyin edildiyini elan etdiyi halda iş üzrə bankın ərizəsinin baxılmamış saxlanılması haqqında bəhs edilən qərardadı çıxarmış, həmin qərardad barədə banka hər hansı şəkildə məlumat verməmiş və MPM-in tələblərini pozaraq onun banka rəsmi qaydada təqdim edilməsini təmin etməmişdir. Yalnız cari ilin mart ayında məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlanılmasından sonra banka həmin qərardad barədə məlumat verilmiş və qərardadın surəti bankın xx.xx.2020-ci il tarixli ərizəsi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Göründüyü kimi məhkəmə qərardadı qəbul edərkən və bundan sonra MPM-in tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunandan əlavə, bankın ərizəsinin baxılmamış saxlanılması əsas kimi çıxış edən qərardadda göstərilən dəlillərin hazırkı vəziyyətdə hüquqi qüvvəsi mövcud deyildir. Belə ki, Fərmanın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə X5 xx xxxx 2019-cu il tarixli, ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatacağı göstərilmişdir. Fərmanın icrası ilə əlaqədar Bank tərəfındən borc alan R.B.Allahverdiyevə kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün banka gəlməsi barədə bir necə dəfə şifahi şəkildə (telefon vasitəsi ilə) məlumat verilməsinə, bu barədə ona poçt vasitəsilə xx.xx.2019-cu il tarixli 571 nömrəli məktubla təklif göndərilməsinə və həmin məktubu onun xx.xx.2019-cu il tarixdə şəxsən qəbul etməsinə baxmayaraq o, kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün banka müraciət etməmişdir və artıq qeyd edilən hüququnu itirmişdir. Bu isə Qərardadın hazırkı vəziyyətdə əsassız olduğunu təsdiq edir. Ona görə də qərardadın ləğv edilməsini və həmin mülki işə məhkəmədə baxılmasının davam etdirilməsi üzrə növbəti prossesual hərəkətlərin həyata keçirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(051)-128/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh, X7, X8, X13, X9 və X10 məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxx” ASC məktub göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-128/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X5 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10-cu bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Bununla yanaşı şikayətə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 571 nömrəli məktubdan görünür ki, X10 ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixli bağlanmış kredit müqaviləsi/kredit xətti müqaviləsi üzrə kredit borcu da Azərbaycan Respublikasının Maliyyə X12 tərəfindən “xxxx” ASC-yə göndərilmiş kredit borcu restrukturizasiya olunmalı müştərilərin siyahısında göstərilmiş və iddiaçı “xxxx” ASC tərəfindən X2 yeni güzəştli kredit müqaviləsinin bağlanması təklif edilmişdir. Həmin məktub xx.xx.2019-cu il tarixdə “Allahverdiyeva” adlı şəxs tərəfindən alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki,analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. - 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. -402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-128/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar