Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1204/2023 28.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1, onun nümayəndəsi və vəkili X1 və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)-137/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin noyabr ayında verdiyi 20000 manat borcu, cavabdehlərin iribuynuzlu mal alış-verişindən ona borclu olduqları 3000 manat pulu, 28.050 manat məhrum olduğu qazancı, iddianın verilməsi üçün ödədiyi 245 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödədiyi 500 manat pul tələb edir. Qəbələ rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 icraatında Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bağlı olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 Oğuz rayon sakini İddiaçı 20.000 manat borc pul aldığı müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı 20.000 manat borc alması işin mübahisəsiz halıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi, 23000 (iyirmi üç min) manat əsas borcun, 28050 (iyirmi səkkiz min əlli) manat əldən çıxmış faydanın, dövlət rüsumu qismində ödənilmiş 245 (iki yüz qırx beş) manat və vəkilə iddia ərizəsinin tərtibi, lazımi sənədlərin toplanması, birinci məhkəmə instansiyasında hüquqi yardım və digər hüquqi xidmətlər üçün ödənilmiş 500 (beş yüz) manat, cəmi 51795 (əlli bir min yeddi yüz doxsan beş) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonun Xaçmaz Qışlaq kəndində yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 ildir tanıyır. Cavabdeh1 qəssablıqla, Cavabdeh2 isə heyvan alıb satmaqla məşğul olur. Əvəllər onlar bir neçə dəfə iribuynuzlu heyvan aldıqları üçün münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayında onlar müraciət edərək işlərini böyütmək üçün onlara 20.000 (iyirmi min) manat borc pul verilməsini xahiş etmişlər. Qeyd edilən müddətdə həmin şəxslərə heyvan alış-verişi etdiyi üçün onlara borc pul vermək qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında günü dəqiq yadında qalmayan tarixdə Qəbələ rayonunda cavabdehlərə 13.000 (on üç min) manat, bir həftə sonra isə Cavabdeh1 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Həmin pulu Yunusa verdikdən sonra Ayazla telefon vasitəsi ilə əlaqə saxlayanda Ayaz ona 7000 manatla bağlı heç bir problem olmadığını, işlərini görüb qurtardıqdan sonra 3-4 ay ərzində cəmi 20000 manat pulu tam şəkildə qaytaracaqlarını ona demişdir. Cavabdehlərlə münasibətləri yaxın olduğu üçün nə vaxt imkanları olsa pulu qaytara bildiklərini onlara demişdir. Bundan sonra da cavabdehlərə aralarında mal alış-verişi olmuş, onlar yenə heyvan alıb satdıqdan sonra pulu vermişlər. Bu alış-verişlərdən də cavabdehlərin ona əlavə 3000 manat borcları yaranmışdır. Beləliklə, cavabdehlərin ona 23000 manat məbləğində borcları yaranmışdır. Bundan bir müddət sonra cavabdehlərin ona olan bu borclarını verməyi gecikdirdikləri üçün aralarında narazılıqlar yaranmışdır. Cavabdehlərə borclarının qaytarılması barədə təkid etdikdə onlar pul borclarının olmadığını, bu barədə aidiyyəti üzrə şikayət edəcəyini bildirdikdə isə pulun onlara sələmə verdiyini deyərək məsuliyyətdən yaxa qurtaracaqlarını bildirmişlər. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Qeyd edilən məsələ ilə bağlı Cavabdeh1 Qəbələ rayon polis çöbəsində izahat verərək ona 20000 manat borcun olduğunu etiraf etmiş, Cavabdeh2 isə bu məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, 2020-ci ilin noyabr ayında Cavabdeh1 borcu olduğuna görə ondan 20000 manat borc pul almağı istədiyini, Qəbələ rayonu Uludaş kəndində Yunusa 13.000 manat pul verildiyini,7000 manat pulun Yunusa harada verildiyindən məlumatının olmadığını və görmədiyini, pulun Yunus tərəfindən alındığını və ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bildirir ki, o, belə bildirsə də qeyd edilən məbləği cavabehlərin birlikdə ona müraciət etməsi nəticəsində 13000 manatı Ayazın yaşadığı Qəbələ rayonu Uludaş kəndində hər iksinin iştirakı ilə Cavabdeh2, 7000 manatı isə bir həftə sonra Oğuz rayonunda Cavabdeh1 vermişdir. Həmin pulu o, Yunusa verəndən dərhal sonra Ayaz Məmmədov telefon vasitəsi ilə ona bu məsələdən xəbərdar olduğunu, heç bir problem olmadığını, işlərinin qaydaya salandan sonra borcu qaytaracağını bildirmişdir. Onun özü iribuynuzlu mal-qara alıb böyüdüb sataraq qazanc olaraq bir baş 2-3 aylıq dananı 400-450 manata satın alır, 6-7 ay bəsləyib ən azı 1200- 1300 manata satır. Cavabdehlərə verdiyi 20000 manat və onların iribuynuzlu mal alışverişindən ona borclu olduqları 3000 manat, cəmi 23000 manat pula keçən müddət ərzində bir dəfə belə hər biri ən çoxu 450 manatdan ən azı 51 baş dana alıb, 9 ay bəsləyib ən azı 1200 manata sataraq, hər baş danaya 9 ay bəsləmək üçün ən çoxu 200 manat xərci çıxsa belə 51 x 550 =2 8.050 manat qazanc əldə edə bilərdi. Bu əməliyyatı keçən müddət ərzində bir neçə dəfə təkrar edə biləcəyi halda cəmi bir dəfənin qazancını hesablamışdır. Cavabdehlərin ona borclu olduqları 23.000 manat pulu vəd etdikləri müddətdə qaytarmadıqlarına görə bu qazancdan məhrum olmuşdur. O, 245 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması, təmsil və digər hüquqi yardımlar üçün vəkilə 500 manat pul ödəmişdir. Nəticədə onun maddi mənafeyinə cəmi 23000 + 28.050 + 500 + 245 = 51.795 manat maddi ziyan dəymişdir. Buna görə də bu məsələ ilə əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Oğuz rayon sakini İddiaçı ayrı-ayrı vaxtlarda cəmi 4 baş heyvan almışdır. Həmin heyvanların pulunu ona vermişdir. Borclarının altından çıxmaq üçün İddiaçı borc pul istəmişdir. Buna görə də Sadiq ona ayda 600 manat məbləğində pul ödəmək şərti ilə 20000 manat faizə pul vermişdir. 2018-ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi həmin pulu Sadiqə qaytarmışdır. Onun İddiaçı borcu qalmamışdır. Cavabdeh2 bu işlərdə heçbir rolu olmamışdır. Sadiq borcu yalnız onun özünə vermişdir, Ayaza borc verməmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, təxminən 5-6 ildir iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Cavabdeh1 uşaqlıq vaxtından tanıyır. Yunus qəssablıqla məşğul olduğu üçün bir neçə dəfə iribuynuzlu heyvanlar satmış, lakin onunla heç bir ortaqlığı olmamışdır. 2020ci ilin noyabr ayında günü yadında qalmadığı vaxtda Yunus ona bir neçə şəxsdən nisyə heyvan alaraq satdığını və buna görə borcunun yarandığını, bu səbəbdən də Oğuz rayon sakini İddiaçı faizə pul aldığını, həmin pula heyvan alaraq kəsməklə satacağını və borclarını ödəyəcəyini bildirmişdir. Buna görə də 2020-ci ilin noyabr ayında Yunus Sadiqdən ayda 600 manat faiz olmaqla 20000 manat pul almaq qərarına gəlmişdir. Həmin pulun 13000 manatını Sadiq Qəbələ rayonun Uludaş kəndinə gələrək Yunusa onun iştirakı ilə vermişdir. 7000 manat pulu isə Sadiqin Yunusa harada və nə vaxt verməsindən onun məlumatı olmamış və bunu görməmişdir. Onun özü İddiaçı pul almamış, pulu Cavabdeh1 aldığı üçün ona heç bir aidiyyəti yoxdur. Qeyd olunan xüsusatlara əsasən də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
8. X6 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, o, qəssəblıqla məşğul olduğu üçün Cavabdeh1 tanıyır. Buna görə də cavabdehin İddiaçı borcunun olduğu barədə məlumatı vardır. X10 borcunun məbləğini, onun borcunu qaytardığını bilmir.
9. X7 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, özü də qəssab kimi fəaliyyət göstərdiyi üçün Cavabdeh1 tanıyır. Yunusun Sadiqə borcunun olduğu barədə məlumatı olsa da həmin borcun nə qədər olduğunu və həmin borcu qaytardığı barədə heç nə bilmir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 icraatında Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 Oğuz rayon sakini İddiaçı 20.000 manat borc pul aldığını etiraf etmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 da verdiyi ifadəsində İddiaçı Cavabdeh1 20.000 manat məbləğində pul verdiyindən məlumatının olduğunu bildirmişdir.
11. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
12. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında yaranmış borc müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 20.000 (iyirmi min) manat məbləğində borcun yaranması, həmin pulun iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. İddiaçı Cavabdeh2 qarşı da eyni iddia tələbi ilə çıxış etsə də, onun həmin cavabdehlə borc pula dair hüquq münasibətlərində olması və sonuncunun üzərinə hər hansı borcun ödənilməsinə dair öhdəliklərin götürməsi sübuta yetməmişdir. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilə bilməz. Göstərilən xüsusatlara və qanunvericiliyin şərh olunan tələblərinə əsasən iddia tələbi həmin hissədə və Cavabdeh1 münasibətdə təmin edilməlidir.
13. Cavabdeh1 həmin pulu iddiaçıya qaytardığını bildirsə də etirazının əsası olaraq istinad etdiyi heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də onun iddiaçıya olan borcunu qaytarmasına dair verdiyi izahatındakı xüsusatlara tənqidi yanaşan məhkəmə hesab edir ki, Cavabdeh1 öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda üzərinə düşən öhdəliklərin icrasından yayınmaq məqsədi ilə mülki işin məhkəmə araşdırılması zamanı bu cür ifadələr vermişdir.
14. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində 20000 manat borcdan əlavə olaraq iribuynuzlu mal alış-verişindən ona borclu olduqları 3000 (üç min) manat borcun, 28.050 (iyirmi səkkiz min əlli) manat əldən çıxmış faydanın da müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə iddia tələbini irəli sürmüşdür.
15. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisələndirilən həmin məbləğlərə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)-137/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Cavabdeh1 20.000 (iyirmi min) manat məbləğində borc, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və 245 (iki yüz qırx beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. İşdə olan Qəbələ rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X4 04 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qaldırılaraq icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 Oğuz rayon sakini İddiaçı ayrı-ayrı vaxtlarda cəmi 4 baş heyvan aldığını, borclarının altından çıxmaq üçün ondan borc pul istədiyini və Sadiqin ona 20000 manat məbləğində hər ayda 600 manat ödəmək şərti ilə pul verdiyini etiraf etmişdir.
19. İşdə olan X4 04 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət işi üzrə Cavabdeh2 da verdiyi ifadəsində təxminən 5-6 ildir iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu, 2020-ci ilin noyabr ayında Yunusun Sadiqdən ayda 600 manat faiz olmaqla 20.000 manat pul almaq qərarına gəldiyini, həmin pulun 13.000 manatını Sadiq Qəbələ rayonun Uludaş kəndinə gələrək ona vermdiyini, 7000 manat pulu isə Sadiqin Yunusa harada və nə vaxt verməsindən onun məlumatı olmadığını və bunu görmədiyini, özünün İddiaçı pul almadığını və pulu Cavabdeh1 aldığı üçün ona heç bir aidiyyətinin olmadığını göstərmişdir.
20. İşdə olan Oğuz şəhər bazarının xx.xx.2022-ci il tarixli 27 saylı arayışında 2022-ci ilin əvvəllərində bir baş xüsusi cins 2-3 aylıq dananın alış qiymətinin 400-450 manat olduğu, hazırda isə yaxşı bəslənmiş həmin cür 09-10 aylıq iri buynuzlu heyvanın qiymətinin 1200-1300 manat təşkil etdiyi qeyd edilmişdir.
21. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş nömrəsi 26154, terminal nömrəsi 1410 olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ona gösrətilən hüquqi yardıma görə Vəkil 500 manat məbləğində ödəniş etmişdir.
22. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, iddiaçıdan borc aldığını etiraf etsə də, hazırda ona borcunun olmadığını bildirmişdir, lakin məhkəmə tərəfindən qeyd etdiyi faktiki hallar nəzərə alınmamış, iddia ərizəsində həqiqətən olmayan, yalanlar qeyd edilmiş, iddiaçı ona borclu olduğu barədə məhkəməyə hər hansı sənəd, sübut təqdim etməməsinə baxmayaraq, iddia tələbi qismən təmin edilmişdir. Onunla iddiaçı arasında 20.000 manat borc məbləğinin alınmasına dair hər hansı yazılı sənəd mövcud olmamış və qanunvericiliyin tələbi pozulmuşdur. İddia ərizəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etmiş, guya ona olan borcun mal alınmasında yaranan borc olduğu göstərilmişdir. Digər tərəfdən borc əsassız olaraq şişirdilmiş və guya həmin borcun geri qaytarılmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən zaman o cəzaçəkmə müəssisəsində olmuş və məhkəməyə borcun qaytarılması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, onun iddiaçıya olan borcunun qaytarıldığını görən şəxslər şahidlər olmuş, onlar pulun alınıb verilməsində iştirak etdiklərinə görə bu məsələdən xəbərdar olmuş və həmin şəxslər məhkəməyə dəvət etmək imkanı olmamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)- 137/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)-137/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında digər Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla oxşar məzmunda izahat verərək ədalətli qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)- 137/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 10-15-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə cavabdehə borcun verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşdən görünür ki, Cavabdeh1 iddiaçıya borclu olması həm iddiaçı, həm də hər iki cavabdehin ifadələri ilə təsdiq olunur. Buna baxmayaraq, Cavabdeh1 borcun alınması vaxtını mübahisələndirmişdir. Həm hazırki iş üzrə, həm də Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bağlı ********* nömrəli cinayət işi üzrə iddiaçının izahatları ilə digər Cavabdeh2 izahatları iddiaçı tərəfindən Cavabdeh1 borcun 2020-ci ildə verildiyini bildirməklə bir-birini təsdiq etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni iddiaçıdan borcun alınmasına münasibətdə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırki iş üzrə Cavabdeh1 iddiaçıdan 20.000 manat borc almasını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Qəbələ Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı şəraitdə etiraf etdiyindən iddiaçı Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən həmin faktı sübut etmə vəzifəsindən azad olmuşdur. Cavabdeh1 isə borcu aldığını etiraf etsə də, həmin borcu qaytardığını iddia edir. Cavabdeh1 iddiaçıya olan borcunu qaytardığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyator birinci instansiya məhkəməsinin iclası vaxtı cəzaçəkmə müəssisəsində olduğundan məhkəməyə borcun qaytarılması barədə hər hansı sübut təqdim edə bilmədiyini iddia etsə də, nə verdiyi apellyasiya şikayətinə hər hansı yeni sübut əlavə etmiş, nə də məhkəmə kollegiyasının iclasında yeni sübutlar təqdim etmişdir.
34. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)-137/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(025)-137/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.