Məhkəmə qərarları › İş №2(107)-1205/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1205/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1205/2020 04.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi İddiaçı Seyfulla oğlu (bundan sonra iddiaçı), onun vəkili X12, Cavabdeh (bundan sonra cavabdeh) və onun vəkili Vəkil iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zaqatala Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq 51900 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslanmışdır ki, o 2015-ci ilin yanvar ayından 2015-ci ilin noyabr ayınadək müxtəlif vaxtlarda Cavabdeh icarəyə götürərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazalara birgə əməkdaşlıqla məşğul olmaq məqsədi ilə ümumilikdə 37.000 manat pul qoyuluşu etmişdir. Həmin pullar cavabdehə nağd verilmişdir. Həmin razılaşmaya əsasən, o, cavabdehin ondan götürdüyü pulu istədiyi vaxt geri tələb edərək əməkdaşlıqdan imtina edə bilərdi. Razılaşmaya əsasən Cavabdehla aralarındakı birgə fəaliyyət bir il müddətinə olmuş, lakin cavabdeh ondan götürdüyü 37.000 manat pulu qaytara bilmədiyi üçün məcburən birgə fəaliyyətin müddəti qarşılıqlı razılıq əsasında uzadılmışdır. Həmin razılaşmanın tələblərinə əsasən, cavabdeh hər min manat üçün ona 20 manat qazanca görə pay ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı, cavabdeh ona mağazalarda həyata keçirilən alqı-satqıya nəzarət etməyə şərait yaratmağı da öhdəsinə götürüb. Birgə sahibkarlıq məqsədi ilə ödənilmiş 37.000 manat pulun 7.000 manatı Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayınadək hissə-hissə ona ödənilmişdir. Hazırda birgə sahibkarlıq fəaliyyəti ilə bağlı cavabdehdə dövriyyədə olan pulu 30.000 manat təşkil edir. 2018-ci ilin sentyabr ayınadək cavabdehlə aralarındakı razılaşmaya əsasən ona hər ay 1000 manat üçün 20 manat ödəmiş, lakin 2018-ci ilin sentyabr ayından bu yana qazanca uyğun pay qismən ödənilmişdir. Hazırda Cavabdeh ona əldə olunmuş gəlirdən verəcəyi pul 2018-ci ilin sentyabr ayınadək 1700 manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək 4200 manat (600 manat x 7 ay) təşkil edir. O cümlədən, xx xxxxxx 2018-ci ildə Cavabdeh ondan təkrar aldığı 10000 manat pulun qazancının qalıq hissəsi olan 1000 manat təşkil edir. Cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyədə olan 30.000 manat pulu 2019-cu ilin sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh 2015-ci ilin fevral və dekabr aylarındakı devalivasiva nəticəsində ondan götürdüyü pula əsasən arada yaranmış fərqin yarısını ona verməyi öz öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün İddiaçı verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalivasiyada (2015 fevral: 0,78 manatdan - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalvasiyada isə dekabr: 1,05 manatdan - 1,55 manat) 0,50 manat gəlir əldə etmişdir. Həmin gəlir 30.000 manat təşkil edir ki, onun da yarısı 15000 manatdır. Cavabdeh etiraf edir ki, onun verdiyi pullar hesabına ucuz aldığı malı devalivasiyadan sonra baha qiymətə sata bilmiş və daha çox gəlir əldə etmişdir. Hazırda Cavabdeh ona ödəməli olduğu pul 30.000 manat dövriyyədə olan pul, 6900 manat əldə olunmuş gəlirdən payın qalıqları və devalivasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 manat təşkil edir. Cavabdeh ona ödənilməli olan vəsaiti nəğd qaydada ödəyə bilməyəcəyi təqdirdə, mağazalarda olan xalçaları ilkin aldığı qiymətə ona verməyi öhdəsinə götürmüş və mağazada olan 51.900 manat dəyərində xalçaları bu məqsədlə ona girov olaraq təqdim etmişdir. Göstərilən bütün hallar, iş üzrə cavabdeh, həmçinin şahidlər Zaqatala rayonu, Göyəm kənd sakini X3, Zaqatala rayonu, Aşağı Tala kənd sakini X9, Zaqatala rayon, Gözbarax kənd sakini X1 iştirakı ilə tərtib olunmuş xx xxx 2019-cu il tarixli aktla bir daha öz təsdiqini tapmışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi, iş üzrə Cavabdeh aralmızda olan razılaşmanın tələblərinə riayət etməməsi olmuşdur. Belə ki, cavabdeh onun birgə fəaliyyətlərinə nəzarətinə maneçilik törədir, əldə edilmiş gəlirdən ona ödəməli olduğu pulu və ona vermiş olduğu borcu ödəmir. Bu səbəbdən də o, hazırki vəziyyətdə cavabdehlə birgə fəaliyyəti dayandırmaq və 30.000 manat dövriyyədə olan pulun, 6900 manat əldə olunmuş gəlirdən payının və devalivasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 manat, cəmi 51900 manat pulun Cavabdeh alınaraq ona ödənilməsini istəyir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti qətnamənin şübhəli sübutlar əsasında tərtib edilməsi, iddiaçının ona bir neçə dəfə borc pul verdiyini, lakin həmin borcu artıqlaması ilə geri qaytardığı, iddiaçının 37.000 manat borc verməsinə dair notariusda sənəd yazdırmadığı, məhkəmənin qətnamədə xx xxx 2019-cu il tarixli akta əsaslandığını, lakin qətnamə qəbul edilərkən aktı tərtib etmiş şəxsləri dindirməməsi, aktın etibarsız olması barədə olan şübhələrin aydınlaşdırmaması, xx xxx 2019-cu ildə iddiaçı ilə birlikdə heç bir akt tərtib etməməsi, Sahib Ramazanovun ifadəsinin tam şəkildə göstərilməməsi, birinci instansiya məhkəməsində "Mən İddiaçı 37000 manat borc götürmüşəm və Əhmədin tərtib etdiyi saxta aktlarla razılaşmışam" kimi ifadə verməməsi, məhkəmənin xx.xx.2015-ci il tarixli saxta aktda istinad etməsi, həmin aktın saxta olması barədə Elvin, Sona və Sahibin xx xxxx 2019-cu il tarixdə akt tərtib etmələri, məhkəmə qətnaməsində xx xxxx 2016 və xx xxxxx 2019-cu il tarixli izahatlara, 25 iyul və 25 aprel tarixli aktlara istinad edilsə də, belə bir izahat yazmaması, hər min manat üçün iddiaçıya 20 manat verəcəyi barədə sözün olmaması, xx xxx 2019-cu il tarixdə tərtib edilmiş aktla razı olmaması, iddiaçının ona pulu 2015-ci ilin yanvar ayından noyabr ayınadək manatla verməsi, dolların devalvasiyasının isə 2015-ci ilin fevral və noyabr aylarında olması, borc pul manatla verildiyi üçün devalvasiyadan söhbətin gedə bilməməsi, qətnamədə istinad edilən xx xxx 2019-cu il tarixli aktın etibarsız və saxta olmasını sübut edən 25 iyul tarixli akta istinad edilməməsi ilə əsaslandırılmış və ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh bildirmişdir: -Mən iddiaçıdan hissə-hissə, yəni 300-500 manat olmaqla borc alıb həmin borcu qaytarmışam. Mən iddiaçıdan 37 min manat borc almamışam, iddiaçı mənə 300, 500, 600 manat verib sonradan götürmüşdür. 2015-ci ildə aramızda borc müqaviləsinin bağlanıb-bağlanmadığını bilmirəm, mənə nəyisə qol çəkdirib. Mənə nə qədər borc verdiyini bilmirəm, belə ki, iddiaçı mənə 300-500 manat civarında pul verib və bir həftədən sonra məndən götürüb, hər dəfə bu, təkrarlanıb. Mən ona inandığım üçün heç nəyi yazmamışam. Latın əlifbasını bilmədiyimə və gözlərim zəif olduğuna görə oxumayıb aktlara qol çəkmişəm. İddiaçıdan aldığım pulu qaytarmışam. Mən iddiaçıya gündə 500-600-800 manat ödəmişəm. Gündə məndən pul alıblar. Niyə bunu göstərməyiblər. Məndən aldığı pul üçün ona qəbzə imza etdirmədiyimə görə günahkaram. İddiaçı pulu oğluma verib, nə qədər verdiyini bilmirəm. Özləri yaxşı bilir. İddiaçı məndən 32 min manat pul alıb. İddiaçı mənə yox, oğluma pul verib. Mənim VÖEN-im olduğuna görə orada mənim adım yazılıb. Bu məsələni oğlum yaxşı bilir, mən iddiaçıdan bir manat pul almamışam. İddiaçıya pul vermişəm. İddiaçı hər gün məndən pul alıb, orta hesabla məndən 32 min manatdan yuxarı pul alıb. Yaddaşım yoxdur, gözlərim zəif görür, iddiaçının nə yazdığı yadımda deyil. Bu işlə mənim oğlum məşğul olub. Mən 37 min manatı iddiaçıdan birdəfəyə götürməmişəm. Zaqatala Rayon Məhkəməsində danışdığımı yazıblar. Devalvasiya ilə bağlı əldə edilmiş gəlirin yarısını iddiaçıya vəd etməmişəm. Belə bir söz deməmişəm. Aktları oxumayıb qol çəkmişəm. İş materiallara əlavə edilmiş xx xxxx 2016-cı il tarixli izahatımdakı xətt mənim xəttimdir. Bu məsələnin məhkəmədən kənar qaydasında həll edilməsi mümkün deyil. Aktların heç birindən mənim xəbərim olmayıb, mən özüm onları oxuya bilmirdim, onlar mənə oxunmayıb. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı bildirmişdir ki, xx xxxxxx 2015-ci ildən etibarən birgə əməkdaşlıq üçün cavabdehə hissə-hissə olaraq 15 min manat nağd pul vermişəm. Cavabdeh verdiyim pulu və gəlirinin bir hissəsini mənə ödəməyi vəd etsə də, ödəməmişdir. Ona görə mən 2019-cu ildə öz etirazımı bildirmişəm. Həm də o, birgə fəaliyyətimizə maneçilik törədirdi. Mən pulumu tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmaq üçün mağazada 200 min manat dəyərində xalçaların olduğunu, narahatçılıq olmadığını və pulu qaytaracağını deyirdi. Lakin o, pulumu qaytarmadığına görə məhkəməyə müraciət etmək qərarına gəldim. Cavabdeh borcunu ödəməkdən boyun qaçırsa da, birinci instansiya məhkəməsində və burada verdiyi izahatlar iddialarımı təsdiq edir. Bundan başqa, iddiaçı verilən suallara cavab olaraq demişdir: Cavabdeh 37 min manatdan 7 min manatı nağd olaraq qaytarıb, onu mən etiraf edirəm. Hər 1000 manata 20 manat vermək şərtindən başqa şərtimiz olmayıb. Borc müqaviləmizin əsas şərti bu olub. 1700 manat cavabdehin özünün etiraf etdiyi qazanca görə verəcəyi pay olub. 2018-ci ilin sentyabr ayına qədər qismən ödənilməyən məbləğ 1700 manat təşkil edir. 10 min manatı xx xxxxxx 2018-ci ildə cavabdehə vermişəm. Bu barədə özünün xx xxxxxx 2018-ci il tarixdə yazdığı izahatı da var. Həmin pula görə də mənə 1000 manat verilməlidir. Cavabdeh manatla verdiyim pulu dərhal mənim yanımda dollara çevirib malı sifariş edirdi. 2019-cu ildə tərtib edilmiş aktda olan şərtlər xx xxxx 2016-cı il, x xxxxx 2019-cu il tarixli və digər aktlarda var. 2015-2016-ci illərdə tərtib olunmuş aktlarla bağlı qeyd edirəm ki, həmin aktların məzmunu ilə bağlı cavabdehlə əvvəlcədən razılığa gəldikdən sonra onları imzamızla təsdiq etmişik. 2015-2016-cı illərda çox sayda akt tərtib olunub, lakin məndə onların əsli olmadığına görə məhkəməyə təqdim etməmişəm. Ancaq onlar cavabdehlə razılaşdıqdan sonra tərtib edimişdir. Cavabdeh 37 min manatdan 7 min nağd, 2 min də qazanca görə, cəmi 9 min manat ödəyib. 2018-ci ilin sentyabr ayınadək qazanca görə 2 min manat pay hissəsi ödənilib, qalıq hissəsi 1700 manat təşkil edirdi. 10 min manat qaytarılsa da, həmin pulun qazanc payı, yəni bir min manat mənə verilməyib. 17xx xxxxx 2015-2018-ci ilin sentyabr ayınadək olan dövrün qalıq hissəsidir. Həmin müddətdə cavabdeh tərəfindən 3700 manatın ödənilməsi nəzərdə tutulsa da, cavabdeh 2 min manat ödəmiş, 1700 manat qalmışdır. Onu da cavabdeh ödəməmişdir. Cavabdeh mənə bildirmişdir ki, devalvasiya ilə əlaqədar olaraq malların bahalaşması nətəcəsində əldə edilmiş gəlirindən mənə pay verəcək. Mən cavabdehə hər min manat üçün ayda iyirmi manat qazanca görə pay ödəmək şərti ilə pul vermişəm. Devalvasiya bağlı məsələlər cavabdehin xx xxxx 2016-cı il tarixli izahatında artıq göstərilib. Qalan şərtlərimiz xx xxx 2019-cu il tarixli aktda dəqiqləşdirdik. Cavabdehlə əməkdaşlıq etdiyim 4 il yarım müddətində hər min manat üçün iyirmi manat qazanca görə pay ödəmək şərtimizi nəzərə alaraq, o, mənə 29800 manat ödəməli idi. Lakin bunu edə bilmədiyinə görə, cavabdehin devalvasiya ilə əlaqədar olaraq malların bahalaşması nətəcəsində əldə etdiyi gələrin 50 faizini, yəni 15 min manatını mənə verməli olduğu həmin pulun əvəzinə ödəyəcəyinə dair təklifi ilə razılaşdım və bu səbəbdən bundan əvvəl razılaşdığımız hər min manata görə aybaay ödəməli olduğu qazanc hissəsindən imtina etdim. Əgər cavabdehin devalvasiya nəticəsində əldə etdiyi gəlirdən mənə vermək istədiyi puldan da imtina etsəm, onda o hər min manata görə mənə verməli olduğu faizi də ödəməmiş olur. Cavabdeh ilkin şifahi razılaşmamıza əsasən mənə verməli olduğu hər min manata görə aylıq 20 manat qazanc əvəzinə mənə devalvasiya nəticəsində əldə etdiyi 30 min manatın yarısını vermək istəyirdi ki, bundan da imtina etmirəm. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Samir Şərifov əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)869/2019 nömrəli qərardadı ilə hazırki mülki işə mahiyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixli 31844 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 37-ci vərəqəsində olan xx xxxxx 2019-cu il tarixli aktda “Мəммəдов Абдулла” yazıları qarşısındakı imza, 40-41-ci vərəqələrində olan xx xxx 2019-cu il tarixli aktda ”2” rəqəminin qarşısındakı və “İmza:” qrafasında “Cavabdeh” ad və soyadı qarşısındakı imzalar, 148-ci vərəqəsində olan xx xxxxx 2019-cu il tarixli izahatdakı yazılar və “Имза:” qrafasındakı imza, 149-cu vərəqəsində olan xx xxxxxx 2018-ci il tarixli izahatdakı yazılar və “Имза:” qrafasındakı imza, 160-cı vərəqəsində olan xx xxxx 2016-cı il tarixli izahatdakı yazılar və “Имза:” qrafasındakı imza (cəmi-6 imza) Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan başqa, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Cavabdeh, X9 və Zaqatala rayonunun Göyəm kəndində yaşayan X3 tərəfindən imzalanmış xx xxx 2019-cu il tarixdə tərtib edilmiş akt etibarsız hesab edilir. Ona görə ki, həmin akt onların heç biri tərəfindən tərtib edilməmiş, həmin akt imzalanan zaman məzmununun nədən ibarət olması onlara məlum olmamışdır. Həmin akt İddiaçı tərəfindən onlara məlum olmayan yerdə və şəraitdə hazırlanaraq Zaqatala bazarında başları alverə qarışan zaman onları aldadaraq imza etdirilmişdir. Həmin aktın saxta olması onunla sübut olunur ki, aktda göstərilən şərtlər qaydalar heç bir nəticələr doğurmur. Belə ki, aktda Abdulla Yusif oğlunun İddiaçı götürdüyü pullar barədə yazılır, Abdulla Yusif oğlunun İddiaçı verdiyi faizlər, gəlirlər və dolların kursunun artıb azalması nəticəsində Abdulla Yusif oğlunun gəlir əldə edəcəyi barədə, həmin gəlirin Abdulla Yusif oğlu tərəfindən İddiaçı veriləcəyi barədə şərtlər yazılır. Bu şərtlərin heç biri bizə oxunmamış, aktın məzmununun nədən ibarət olması bildirilməmiş və akt saxtalaşdırılmışdır. Bundan başqa, Cavabdeh bildirir ki, o latın əlifbası ilə oxuya bilmir, akt ona və bizə ucadan oxunmamış və Əhməd X6 verib aldığı pulları təkrar almaq, onu aldatmaq, onu əlverişsiz vəziyyətə salmaq məqsədilə bu aktı tərtib etmişdir. Həmin aktda göstərilən şərtlər Mülki Məcəlləyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə ilə həyata keçirilən bir iş olduğundan biz həmin aktı etibarsız hesab edirik. Sahib Ramazanov bildirir ki, ümumiyyətlə o, İddiaçı ilə Cavabdeh arasında pulların alınıb verilməsində iştirak etməmişdir. Yalnız onu bilir ki, Abdulla Yusif oğlunun İddiaçı bu günkü gün üçün borcu yoxdur. Bu barədə ona Abdulla və onun ailəsi bildirmişdir. xx xxxx 2019cu il tarixli aktdan görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Cavabdeh, X9, Zaqatala rayonunun Göyəm kəndində yaşayan X3 tərəfindən imzalanmış xx xxxxxx 2015-ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndində tərtib edilmiş akt etibarsız hesab edilir. Ona görə ki, həmin akt onların heç biri tərəfindən tərtib edilməmiş, həmin akt imzalanan zaman məzmununun nədən ibarət olması onlara məlum olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini müfəssəl araşdırıb müəyyən etmişdir ki, Cavabdeh İddiaçıla şifahi formada bağladığı borc müqaviləsinə əsasən, ondan 37.000 manat pulun alınması barədə razılığa gəlmişdir. Müqavilənin şərtinə görə, 2015-ci ilin yanvar ayının 22-də pulun bir bir hissəsini, 15000 manatı almış və 2015-ci ilin sentyabr ayında tam ödəyəcəyini bildirmişdir. Borc məbləğinin digər hissəsini, 15000 manatı isə 2015-ci ilin dekabr ayında tam olaraq qaytarmaq şərti ilə 2015-ci ilin may ayının 8-də almışdır. Borcun qalan 7000 manatını isə 2016-cı ilin yanvar ayında qaytarmaq şərtilə xx xxxxxx 2015-ci ildə almışdır. Bütün məbləğlər nağd formada verilmişdir. Həmin razılaşmaya əsasən, iddiaçı cavabdehin ondan götürdüyü pulu istədiyi vaxt geri tələb edərək əməkdaşlıqdan imtina edə bilər. Razılaşmaya əsasən iddiaçı ilə cavabdeh arasındakı birgə fəaliyyət bir il müddətə olmuş, lakin cavabdeh ondan götürdüyü 37.000 manat pulu qaytara bilmədiyi üçün məcburən birgə fəaliyyətin müddəti qarşılıqlı razılıq əsasında uzadılmışdır. Tərəflərin şifahi razılıqlarına əsasən, borcun verilməsində iddiaçının marağı onda olmuşdur ki, cavabdeh aldığı borcun hər bir min manatına görə əldə etdiyi qazancdan hər ay iddiaçıya iyirmi manat verəcəkdir. Cavabdeh aldığı 37.000 manat borcun 7.000 manatını 2017-ci ilin oktyabr ayınadək hissə-hissə iddiaçıya qaytarmışdır. Hazırda 37.000 manat borcun 30.000 manatı cavabdehdədir. Razılaşmaya əsasən, cavabdeh 2018-ci ilin sentyabr ayınadək hər ay 1000 manata görə iddiaçıya 20 manat ödəmiş, lakin 2018-ci ilin sentyabr ayından sonra ödənilməmişdir. Hazırda cavabdehin əldə olunmuş gəlirdən iddiaçıya verəcəyi pul 2018-ci ilin sentyabr ayınadək 1700 manat, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək 4200 manat (600 manat x 7 ay) təşkil edir. Bundan əlavə, xx xxxxxx 2018-ci ildə cavabdeh təkrar olaraq əvvəlki şərtlə iddiaçıdan 10.000 manat borc almış, lakin buna görə də min manata aylıq iyirmi manat ödəmək şərti ilə qazancından iddiaçıya verməli olduğu 1000 manatı da verməmişdir. Həmçinin, cavabdeh götürdüyü 37.000 manat borca görə 4 il 6 ay müddətində iddiaçıya hər min manata iyirmi manat olmaqla iddiaçıya ödəməli olduğu pulu ödəmədiyi üçün cavabdehin devalvasiya ilə əlaqədar malların bahalaşması nətəcəsində əldə etdiyi gələrin 50 faizini, yəni 15.000 manatını iddiaçıya verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyini də icra etməmişdir. Birinci instansiya məhkəməsi də müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə yazılı öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Belə ki, MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsindən irəli gələn öhdəlik münasibəti yarandığından, iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəlik, o cümlədən kredit müqaviləsi üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Bununla razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (mad. 739). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (mad. 741). Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır (742.1). İşdən görünür ki, cavabdeh iddiaçıdan hər ay hər bir min manata iyirmi manat olmaqla faiz ödəmək şərti ilə 37.000 manat borc almış və borc alması barədə kredit “akt”, “izahat” adları ilə faktiki olaraq müqaviləsi bağlamışdır. Ancaq cavabdeh bağladığı müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya olan borcunu lazımi qaydada ödəməmişdir. İşin bu halı cavabdehin izahatından və onun tərəfində ifadə vermiş şahidlərin ifadələrindən də aydın şəkildə müəyyən olunur. MM-in tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (mad. 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (mad. 386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (mad. 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (mad. 442). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (mad. 448.1). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (mad. 449.1). İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli aktdan, cavabdehin yazaraq imzaladığı xx xxxx 2016 və xx xxxxx 2019-cu il tarixli izahatlarından, iddiaçının, cavabdehin, cavabdehin oğlu Elvin Məmmədovun, cavabdehin tərəfində şahidlik edən Sahib Ramazanovun və Zaqatala rayonunun Gözbarax kənd sakini X1 iştirakı ilə tərtib edilərək imzalanmış və imzaların doğruluğu ekspertiza yolu ilə təsdiq edilmiş xx xxx 2019-cu il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh 2015-ci ilin yanvar ayından noyabr ayınadək İddiaçı müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazalarda birgə əməkdaşlıqla məşğul olmaq məqsədi ilə, ümumilikdə 37.000 manat məbləğində borc pul almış, razılaşmaya əsasən iddiaçının istədiyi vaxt borcu geri tələb etmək hüququ təsbit edilmiş, razılaşmanın şərtlərinə görə cavabdeh hər min manat üçün iddiaçıya 20 manat qazanca görə pay ödəməyi öz öhdəsinə götürmüş, cavabdeh 37.000 manat borcun 7.000 manatını 2017-ci ilin oktyabr ayınadək hissə-hissə ödəmişdir. Hazırda əsas borcun qalıq hissəsi 30.000 manat təşkil edir. Cavabdeh 30 000 manat borcu 2019-cu ilin oktyabr, noyabr və dekabr ayının sonuna qədər hissə-hissə olaraq tam ödəməyi öhdəsinə götürmüş, ancaq həmin müddət başa çatsa da, cavabdeh aldığı pulu qaytarmamışdır. İddiaçı borcunu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdeh iddiaçı qarşısında şərtləşdirilmiş vaxtda və lazımi şəkildə, öhdəliyin şərtlərini yerinə yetirməmiş, öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət başa çatandan sonra iddiaçının etdiyi xəbərdarlıqlara əməl etməyərək, öhdəliyini indiyədək icra etməmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar da bunu təsdiq edir. Belə ki, məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçıdan hissə-hissə, yəni 300-500 manat olmaqla borc alıb həmin borcu qaytarmışam... ...Mən iddiaçıdan 37 min manat borc almamışam, iddiaçı mənə 300, 500, 600 manat verib sonradan götürmüşdür. ...Mən iddiaçıya gündə 500-600-800 manat ödəmişəm. ...İddiaçı pulu oğluma verib, nə qədər verdiyini bilmirəm... ...İddiaçı məndən 32 min manat pul alıb. ...İddiaçı mənə yox, oğluma pul verib. Mənim VOEN-im olduğuna görə orada mənim adım yazılıb. Bu məsələni oğlum yaxşı bilir, mən iddiaçıdan bir manat pul almamışam. ...Mən 37 min manatı iddiaçıdan birdəfəyə götürməmişəm. ...Zaqatala Rayon Məhkəməsində danışdığımı yazıblar. ...Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu ildə keçirilən iclasında izahat verən Cavabdeh bildirmişdir ki, İddiaçı 37.000 manat borc pul götürmüşəm və buna dair xx xxx 2019-cu il tarixli aktı və izahatları özüm şəxsən imzalamışam, həmin aktlarla razılaşmışam. Sonradan hissə-hissə olmaq şərtilə cavabdehə olan borcumu qaytara bilməmişəm. Bunlardan başqa, cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci ildə keçirilən iclasında da izahat verərək bildirmişdir ki, ...İddiaçıdan həqiqətən 37.000 manat borc almışam, lakin götürdüyüm pulları ona hissə-hissə geri qaytarmışam və hazırda İddiaçı heç bir borcum yoxdur. Göründüyü kimi, cavabdeh izahatlarında gah iddiaçıdan hissə-hissə, yəni 300-500 manat olmaqla borc alıb qaytardığını, gah 37 min manat borc aldığını, gah iddiaçının ona 300, 500, 600 manat verib sonradan götürdüyünü, gah iddiaçının pulu oğluna verdiyini və nə qədər verdiyini bilmədiyin, gah iddiaçının ondan 32 min manat pul aldığını, gah iddiaçıdan bir manat da almadığını, gah 37 min manatı iddiaçıdan birdəfəyə götürmədiyini, gah Zaqatala Rayon Məhkəməsində etirafedici izahat vermədiyini, gah da “Zaqatala Rayon Məhkəməsində danışdığımı yazıblar” kimi bir-birinə zidd, biri-digərini təkzib edən və bir-biri ilə uzlaşmayan izahatlar vermişdir ki, bu da cavabdehin izahatının mötəbər sübut kimi qəbul edilməsini qeyrimümkün edir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında cavabdehin tərəfində şahid qismində ifadə vermiş oğlu X9 bildirmişdir ki, atamın VOEN-i olduğu üçün sənədlərə atam qol çəkib, amma pulu atam yox, mən götürmüşəm. Mən 2015-ci ildə iddiaçıdan 37 min manat götürmüşəm. Daha sonra 39 min 860 manat qaytarmışam. Pulu alver üçün götürmüşəm. 37 min manatı 2015-ci ildə üç dəfəyə götürmüşəm. Götürdüyüm pul üçün iddiaçıya 3-4 min manat hörmət edəsi idim, belə də etdim. Satışdan asılı olaraq qazancımın iki faizini iddiaçıya verəsi idim. Oxumadan aktları imza etmişəm, iddiaçıya inamışam, bilməmişəm ki, o, pulu məndən iki dəfə istəyəcək. Özüm verdiyim pul üçün ona qol çəkdirməmişəm. İddiçıya ümumi 39 min 860 manat pul vermişəm. Pul verildiyi zaman bunu cibində olan bloknota yazırdı. Sonradan eşitmişəm ki, iddiaçı məhkəməyə verib bizdən ikinci dəfə pul almaq istədiyini deyib. Bizim şahidimiz var. Onun vasitəsi ilə pulun 80 faizini iddiaçıya qaytarmışıq. Qalan pulu mən qaytarmışam. Mən Gözbarax kəndinə gedib heç bir akt tərtib etməmişəm. Özü aktı çayxanada yazıb. Deyib ki, narahat olma sənin xeyirinədir, mən rahat olum deyə bunu edirəm. Xeyr, aramızda hər bir min manat üçün 20 manat ödənilməsi barədə razılaşmamız olmayıb. Bu qaydada pul ödəməmişik. Dəqiq yadımda olmasa da, 39 min 860 manatı 2019-cu ilin dekabr ayında ödəmişəm. Anlayışım olmadığı üçün birinci instansiya məhkəməsində belə izahat verməmişəm. İddiaçı ilə münasibəti mən qurmuşam. Mən iddiaçıya inandığım üçün borcumu qaytaranda ondan qəbz almamışam. Belə olacağının bilmirdim. Məhkəmə kollegiyasının iclasında cavabdehin tərəfində ifadə verən digər şahid X3 isə bildirmişdir ki, mən şahidəm ki, X14 Qurbanovdan 37 min manat alıb və 39.860 manat qaytarıb. Elvin Məmmmədov pulu hissə-hissə alıb və hissə-hissə qaytarıb. 37 min manatı 2015-ci ildə üç dəfəyə götürmüşdür. Pul 3-4 il ərzində qaytarıldığına görə pulun hamısının alınmasında və qaytarılmasında iştirak etməmişəm. Mənim iştirakımla alınan və qaytarılan pulun miqdarı dəqiq yadımda deyil. Yadımda deyil, neçə mini mənim yanımda alıb. Qalanını bilmirəm. Sadəcə deyiblər ki, almışıq və vermişik. Bu da qaytaranda deyib ki, bu qədər qaytarmışıq. Elvin Məmmədov mənim yanımda İddiaçı 15 min alıb, qalanını bilmirəm. Sadəcə deyiblər ki, almışıq və vermişik, onlara inanıram. İddiaçıya gündəlik pul qaytarıldı. Elvinin dediyinə istinad edib deyirəm ki, Elvin 39.860 manat pul qaytarıb. Aktlarda olan imzamı təsdiq edirəm. Aktlarda nə yazıldığı dəqiq yadımda deyil. Aktları öz dükanımda imzalamışam. Aktların şərtlərini deyə bilmirəm. Onlar mənim dükanıma gəlirdilər, mən görürdüm ki, onlar razılaşıb imza çəkdilər, özüm də qol çəkirdim. Mənim də öz işim var idi. Başqa məsələlərə qarışmırdım. Bir-birimizə güvənirdik. 2019-cu ilin may ayında akt tərtib edilənədək nə qədər pul qaytarıldığını bilmirəm. Mənim yanımda bir dəfə 7 min manat pul qaytarıldı. Dedilər ki, qalanı maldadır. Malı satıb qaytaracağıq. Amma İddiaçı razılaşmadı. Dedi ki, biz belə danışmamışdıq. Sizə verilən pulun 2 faizini qaytaracaqsınız. Çox mübahisələr oldu. Aktları ciddi qəbul etmədilər. Ona görə aktlara qol çəkdilər ki, İddiaçı gəlib mağazada oturmasın. Ona görə mən də qol çəkdim. Pulu alan da, qaytaran da Elvin olub. Göründüyü kimi, cavabdehin tərəfində olan şahidlərin də ifadələri birmənalı, dəqiq və aydın deyil. İddiaçının izahatı ilə uzlaşmır. Hər üç nəfərin ifadələri vahid hadisə, obyektiv gerçəkliklə bağlı eyni olmalı olduğu halda, dəyişməz gerçəklik barədə onu bilavasitə görən, şahidi olan şəxslərin təsvir etdikləri hallar fərqli göstərilir. Bu da onu göstərir ki, bu ifadələr əsaslı şübhədən kənar olmamaqla, obyektiv gerçəklikdən çıxış etmir. Belə ki, cavabdeh “mən iddiaçıdan bir manat pul almamışam”, “Mən 37 min manatı iddiaçıdan birdəfəyə götürməmişəm”, “Zaqatala Rayon Məhkəməsində danışdığımı yazıblar”, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu ildə keçirilən iclasında “İddiaçı 37.000 manat borc pul götürmüşəm və buna dair xx xxx 2019-cu il tarixli aktı və izahatları özüm şəxsən imzalamışam, həmin aktlarla razılaşmışam. Sonradan hissə-hissı olmaq şərtilə cavabdehə olan borcumu qaytara bilməmişəm” dediyi halda şahid Elvin Məmmədov ”2015-ci ildə iddiaçıdan 37 min manat götürmüşəm. Daha sonra 39 min 860 manat qaytarmışam”, “3-4 min manat hörmət edəsi idim”, Satışdan asılı olaraq qazancımın iki faizini iddiaçıya verəsi idim” kimi, digər şahid Sahib Ramazanov isə “Elvin Məmmədov mənim yanımda İddiaçı 15 min alıb, qalanını bilmirəm. Sadəcə deyiblər ki, almışıq və vermişik, onlara inanıram”, “Elvinin dediyinə istinad edib deyirəm ki, Elvin 39.860 manat pul qaytarıb” 2019-cu ilin may ayında akt tərtib edilənədək nə qədər pul qaytarıldığını bilmirəm. Mənim yanımda bir dəfə 7 min manat pul qaytarıldı. Dedilər ki, qalanı maldadır. Malı satıb qaytaracağıq. Amma İddiaçı razılaşmadı. Dedi ki, biz belə danışmamışdıq. Sizə verilən pulun 2 faizini qaytaracaqsınız” kimi ifadə vermişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı və cavabdehin iştirakı ilə xx xxx 2019-cu il tarixə tərtib edilmiş aktı borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıdan 37000 manat borc pul alması öz təsdiqini tapır. Cavabdeh özü etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan müqaviləni o, özü yazaraq imzalamış, həqiqətən 37000 manat pulu iddiaçıdan almışdır. Eyni zamanda, cavabdeh borc aldığı 37000 manat pulu iddiaçıya qaytardığını, iddiaçı isə cavabdehin ona olan borcunu və fazilərini qaytarılmadığını bildirir. Cavabdehin aldığı borcu tam şəkildə həqiqətən iddiaçıya qaytarmasını sübut etmə vəzifəsi onun üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmiş, öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəmələrə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Apelyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla razılaşa bilmir. Belə ki, cavabdehin təqdim etdiyi sübutlardan fərqli olaraq iddiaçının sübutları mötəbər olmaqla, hər cür şübhədən kənardır. Bu sübutlar arasında heç bir ziddiyyət və uyğunsuzluq yaranmır. Cavabdeh iddiaçının ona bir neçə dəfə borc pul verdiyini, lakin həmin borcu artıqlaması ilə geri qaytardığı bildirsə də, ancaq bu pulu nə vaxt və necə və kimlərin yanında qaytarması barədə məhkəmələrə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, cavabdeh öhdəliyin icrası zamanı icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilərdi. Əgər bu cür tələb irəli sürməmişdirsə bubub nəticələrinin riskini daşıyır. Elə ki, MM-in 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi digər bir məsələ ondan ibarətdir ki, iddiaçı niyə 37.000 manat borc verməsinə dair notariusda sənəd yazdırmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisəli hüquq münasibətləri 2015-ci ilin yanvar ayında yaranmışdır. Həmin zaman MM-in qüvvədə olmuş 740.2-ci maddəsində deyilirdi ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Ona görə də iddiaçı cavabdehə 37000 manat borc verərkən bu müqaviləni notariat qaydada təsdiq etdirməyə mükəlləfiyyətli olmamışdır. Apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə qətnamədə xx xxx 2019-cu il tarixli akta əsaslanmış, lakin qətnamə qəbul edilərkən aktı tərtib etmiş şəxsləri dindirməmiş, xx xxx 2019-cu ildə iddiaçı ilə birlikdə heç bir akt tərtib etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx xxx 2019-cu ildə iddiaçı, cavabdeh və şahidlərin iştirakı ilə tərtib edilmiş sənədin adı “akt” kimi göstərilsə də, həmin sənəd məna və mahiyyətinə görə tərəflər arasında 2015-ci ilin yanvar ayında bağlanmış borc müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilədir. Bu müqavilə iddiaçı, cavabdeh, həm də digər şəxslər - Sahib Ramazanov, Elvin Məmmədov və Həzrət Qurbanov tərəfindən imzalanmışdır. Cavabdeh xx xxx 2019-cu ildə iddiaçı ilə birlikdə heç bir akt tərtib etmədiyini bildirsə də, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx xxx 2019-cu il tarixli aktda ”2” rəqəminin qarşısındakı və “İmza:” qrafasında “Cavabdeh” ad və soyadı qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan yaranmış habelə tərtib edilmiş xx xxx 2019-cu il tarixli aktla müəyyən edilmişdir ki, 2015-ci ilin yanvar ayından 2015-ci ilin noyabr ayınadək müxtəlif vaxtlarda İddiaçı, Cavabdeh icarəyə götürərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazalara birgə əməkdaşlıqla məşğul olmaq məqsədi ilə, ümumilikdə 37.000 (otuz yeddi min) manat pul qoyuluşu etmişdir. Həmin pullar nəğd qaydada Cavabdeh verilmişdir. Həmin razılaşmaya əsasən, Cavabdeh İddiaçı götürdüyü pulu İddiaçı istədiyi vaxt geri tələb edərək əməkdaşlıqdan imtina edə bilər. İlkin razılaşmaya əsasən, Qurbanov X5 Abdulla Yusif oğlu arasında birgə fəaliyyət bir il müddətinə olmuş, lakin Cavabdeh İddiaçı götürdüyü 37.000 manat pulu qaytara bilmədiyi üçün məcburən birgə fəliyyətin müddəti qarşılıqlı razılıq əsasında uzadılmışdır. Həmin razılaşmanın tələblərinə əsasən Cavabdeh hər min manat üçün İddiaçı 20 (iyirmi) manat qazanca görə pay ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin razılaşmanın tələblərinə əsasən, Cavabdeh İddiaçı mağazalarda həyata keçirilən alqı-satqıya nəzarət etməsinə şərait yaratmalıdır. İddiaçı tərəfindən birgə sahibkarlıq məqsədi ilə ödənilmiş 37.000 (otuz yeddi min) manat pulun 7.000 (yeddi min) manatlıq hissəsi Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayınadək hissə-hissə ona ödənilmişdir. Hazırda birgə sahibkarlıq fəaliyyəti ilə bağlı Cavabdeh dövriyyədə olan pulu 30.000 (otuz min) manat təşkil edir. 2018-ci ilin sentyabr ayınadək Cavabdeh aralarındakı razılaşmaya əsasən ona hər ay 1.000 (bir min) manat üçün 20 manat məbləğində pulu ödəmiş, lakin 2018-ci ilin sentyabr ayından bu yana qazanca uyğun pay qismən ödənilməmişdir. Hazırda Cavabdeh ona əldə olunmuş gəlirdən verəcəyi pul 2018-ci ilin sentyabr ayınadək 1700 (bir min yeddi yüz) manat və 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək 4200 (dörd min iki yüz) manat (600 manat x 7 ay) təşkil edir. O cümlədən, xx xxxxxx 2018ci il tarixdə Cavabdeh ondan təkrar aldığı 10000 (on min) manat pulun qazancının qalıq hissəsi olan 1000 (bir min) manat təşkil edir. Cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyədə olan 30.000 (otuz min) manat pulu 2019-cu ilin sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh 2015-ci ilin fevral və dekabr aylarındakı devalvasiya nəticəsində ondan götürdüyü pula əsasən, arada yaranmış fərqin yarısını ona verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün İddiaçı verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalvasiyada (2015 fevral: 0,78 manatdan - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalvasiyada isə dekabr: 1,05 manatdan - 1,55 manat) 0,50 manat gəlir əldə etmişdir. Həmin gəlir 30.000 manat təşkil edir ki, onun da yarısı 15000 manatdır. Cavabdeh etiraf edir ki, onun verdiyi pullar hesabına ucuz aldığı malı devalvasiyadan sonra baha qiymətə sata bilmiş və daha çox gəlir əldə etmişdir. Hazırda Cavabdeh ona ödəməli olduğu pul 30.000 (otuz min) manat dövriyyədə olan pul, 6900 (altı min doqquz yüz) manat əldə olunmuş gəlirdən payın qalıqları və devalvasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 (on beş min) manat təşkil edir. Cavabdeh ona ödənilməli olan vəsaiti nağd qaydada ödəyə bilməyəcəyi təqdirdə, mağazalarda olan xalçaları aldığı ilkin qiymətə ona verməyi öhdəsinə götürmüş və mağazada olan 51.900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçaları bu məqsədlə ona girov olaraq təqdim edir. Müqavilənin mətnindən göründüyü kimi, cavabdeh hazırda mübahisə predmeti olan bütün məsələlərlə bağlı iddiaçı ilə razılığa gəlmiş və həmin aktı həm özü, həm oğlu Elvin Məmmədov, həm də Sahib Ramazanov tərəfindən imzalanmışdır. Hələ bundan əvvəl,xx xxxxxx 2015-ci ildə, cavabdeh “akt” adlı yazılı sənəddə iradəsini belə ifadə etmişdir ki, vətəndaş Cavabdeh satıcılıq fəaliyyəti üçün məşğul olmaq məqsədi ilə bazardakı mağazalara vaxtlı-vaxtında malı alıb gətirmək üçün Gözbarax kənd sakini İddiaçı nağd yolla 2015-ci ildən hissə-hissə, cəmi 37000 manat (otuz yeddi min manat) nağd pulun bir hissəsini, 15000 manat (on beş min manat) pulu 2015-ci ilin yanvar ayının 22-də almışdır və 2015-ci ilin sentyabr ayında tam ödəyəcəyini bildirmişdir. Nağd pulun digər hissəsini 15000 manat (on beş min manat) pulu 2015-ci ilin may ayının 8-də almış və 2015-ci ilin dekabr ayında tam olaraq qaytaracağına razılığını bildirmişdir. Digər qalan hissəsini 7000 manat (yeddi min manat) nağd pulu xx xxxxxx 2015-ci ildə almış və 2016-cı ilin yanvar ayında ödəyəcəyini bildirmişdir. Lakin mal alışı üçün 2015-ci ilin yanvar ayından hissə-hissə aldığı, cəmi 37000 manat (otuz yedi min manat) nağd pulun heç bir hissəsini indiyə qədər ödəyə bilməmişdir. Mal alışı üçün nağd yolla verilən pulun ödənilməsinə müddətin uzadılmasını xahiş edir. Aldığı nağd pulun ödənilməsi üçün mağazada satılan malın satışından əldə olunan nəğd pulu hər gün üçün ödəməklə hissə-hissə ödəyəcəyini bildirir. Malın satışından əldə edilən qazancını razılaşma əsasında bölüşdürülməsi və nağd verilən pula alınan malın bahalaşması nəticəsində satışdan alınan pulun da münasib bölünəcəyi razılığına gəlmişlər. Tərəflər arasında qeyd olunan təkliflər təmin olunmasa, verdiyi nağd pulu və gəliri, yaxud ilkin qiymətdən hazırki baha qiymətə satılmış maldan əldə olunan əlavə qazancı ödəyəcəyinə və əgər istəsə satılmamış qalan malı ilkin alış qiymətinə geri almaq barədə razılığa gəlmişdir. Mal alışı üçün nağd yolla verilən pulun ödənilməsi üçün maddi məsuliyyət daşıyacaq. Cavabdeh xx xxxx 2016-cı ildə verdiyi yazılı izahatında da göstərmişdir ki, bildirirəm ki, mən Cavabdeh satıcılıq fəaliyyəti üçün məşğul olmaq məqsədi ilə bazardakı mağazalara vaxtı-vaxtında mal alıb gətirmək üçün Gözbarax kənd sakini İddiaçı 2015-ci ildən hissəhissə cəmi 37.000 manat nağd pulu qaytarmaq şərti ilə almışam. Nağd pula aldığım maldan birgə işlədiyimiz müddətdə malı sataraq malın satışından əldə olunan qazancı öz aramızda, razılaşma əsasında hər ay üçün ödəyəcəyəm. Aldığım nağd pulu 2016-cı ilin fevral ayında qaytara bilmədiyimə görə, ödəmə müddətinin uzadılmasını xahiş etdim. Malın alışı üçün verilən nağd pulu 2016-cı ilin avqust ayında tam şəkildə qaytaracağam. Bildirirəm ki, nağd şəkildə verilən pula alınan malın bahalaşması nəticəsində olan artıq satışdan alınan pulun münasib bölünəcəyinə razılıq verdim. Öz aramızda qeyd olunan təkliflər razılıq əsasında olmasa mal alışı üçün nağd yolla aldığım pulu tələb edilən vaxtda tam şəkildə ödəyəcəyəm. İzahatı özüm yazdım düzdür. Bundan başqa, cavabdeh xx xxxxx 2019-cu il tarixli izahatında bildirmişdir ki, mən Aşağı Tala kənd sakini Cavabdeh bazardan mağazalara vaxtı-vaxtında mal alıb gətirmək məqsədilə Gözbarax kənd sakini İddiaçı özünə və qardaşlarına məxsus olan, cəmi 37000 manat nağd pulu 2015-ci ilin yanvar ayından noyabr ayına qədər hissə-hissə almışam. Mal alışı üçün aldığım nağd pulun ödəmədiyim (qalan) hissəsi 30000 manat nağd pulu 2018-ci ilin yanvar ayında ödəyə bilmədim. Əvvəllər də ödəyəcəyimi bildirmişəm. Nağd pulun ödəmədiyim qalan hissəsini 30000 manat nağd pulu 2019-cu ilin oktyabr, noyabr, dekabr ayının sonuna qədər hissə-hissə ödəyəcəyimi bildirirəm. Əgər könüllü razılaşmaya əməl etməsəm, maddi məsuliyyət daşıyıram”. Bundan əlavə, cavabdeh xx xxxxx 2019-cu ildə tərtib edilmiş aktla bildirmişdir ki, Cavabdeh Gözbarax kənd sakini İddiaçı özünə və qardaşlarına məxsus olan, cəmi 37.000 manat (otuz yeddi min manat) pulu bazardakı mağazalara axtı-vaxtında mal alıb gətirmək, satıcılıq fəaliyyəti ilə birgə işləmək məqsədi ilə 2015-ci ilin yanvar ayından noyabr ayına qədər hissə-hissə nəqd yolla almışdır. Mal alışı üçün aldığı nəqd pula alınan maldan və malın satışından əldə edilən gəliri ilə Cavabdeh şəxsən özünün razılığı əsasında hər ay üçün hər 1000 manat (bir min manat) nağd pula alınan maldan və malın satışından hər ayda 20 manat qazanc ödəyəcəyini bildirmişdir. Nağd pula alınan və malın satışından əldə olunan qazancı beş-altı ay gecikdirərək ödəmişdir. Nəqd pula aldığı malın bahalaşması nəticəsində artıq satışından alınan pulun da mal alışı üçün hissə-hissə nəqd yolla aldığı pula münasib bölünməsini təmin edəcəyini bildirmişdir. Nağd yolla aldığı pulu 2018-ci ilin dekabr ayında tam ödəyəcəyini bildirsə də, indiyə qədər ödəyə bilməmişdir. Nəqd pulun ödənilməsi üçün dəfələrlə müraciət olmuşdur. Yalnız bir hissəsini, 7000 manat (yeddi min manat) nəqd pulu nəzərdə tutulan müddətdən gec ödəmişdir. Mal alışı üçün nəqd yolla aldığı pulun ödənməmiş qalan hissəsinin 30.000 manat (otuz min manat) pulu 2019-cu ilin oktyabr, noyabr, dekabr ayının sonuna qədər hissə-hissə olaraq tam ödəyəcəyini və maddi məsuliyyət daşıyacağını bildirmişdir. Müqavilədən müəyyən olunur ki, həmin vaxta qədər iddiaçı ilə cavabdeh arasında baş vermiş bütün razılaşmalar, 37.000 manat borcun verilməsi, borcdan nə qədərinin qaytarılması, sonradan yenə də cavabdehin iddiaçıdan borc alması, borcların hansı şərtlərlə verilməsi, həmin şərtlərə əməl olunub-olunmaması, cavabdehin götürdüyü borcu qaytara bilməməsi və ayrı-ayrı vaxtlarda buna dair iddiaçıya izahat və akt formasında yazılı öhdəlik verməsi və. s məsələlər öz əksini tapmışdır. Bu sənədlərin verilməsi, yazılması və ya imzalanması zamanı cavabdehin iradəsinin əleyhinə hər hansı bir təsirə məruz qalmasına dair heç bir məlumat yoxdur. Göründüyü kimi, cavabdeh heç bir kənar təsir olmadan azad surətdə və iradə sərbəstliyi ilə razılığa gələrək borc müqaviləsi bağlayıb iddiaçıdan borc pul almış, bununla üzərinə həmin borcu müqavilə şərtlərinə uyğun qaytarmaq vəzifəsi götürmüşdür. MM-ə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki qanunvericiliyinprinsipləridir (mad. 6.1.1, 6.1.2, və 6.1.5). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (mad. 14.1). Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır (mad. 14.2.1). Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Apelyasiya şikayətində daha sonra göstərilmişdir ki, qətnamə qəbul edilərkən aktı tərtib etmiş şəxslər dindirilməmiş, aktın etibarsız olması barədə olan şübhələr aydınlaşdırılmamış, Sahib Ramazanovun ifadəsi qətnamədə tam şəkildə göstərilməmiş, cavabdeh birinci instansiya məhkəməsində "Mən İddiaçı 37.000 manat borc götürmüşəm və Əhmədin tərtib etdiyi saxta aktlarla razılaşmışam" kimi ifadə verməmişdir. Bunlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin oğlu Elvin Məmmədov və cavabdehin tərəfində şahid qismində ifadə vermiş Sahib Ramazanov məhkəmə kollegiyasının iclasında sərbəst ifadə vermiş və məhkəmə kollegiyası yuxarıda onların ifadələrinə hüquqi qiymət vermişdir. Mübahisələndirilən aktın isə etibarsız hesab edilməsini şərtləndirən heç bir hal aşkar edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində "Mən İddiaçı 37.000 manat borc götürmüşəm və Əhmədin tərtib etdiyi saxta aktlarla razılaşmışam" kimi ifadə verməməsin bildirsə də, ancaq Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019 və xx xxxxxx 2020-ci ildə keçirilən iclaslarının protokollarından görünür ki, cavabdeh həmin məhkəmə iclaslarında izahat verərək iddiaçıdan 37.000 manat borc pul götürdüyünü və buna dair xx xxx 2019-cu il tarixli aktı və izahatları özünün şəxsən imzaladığını, həmin aktlarla razılaşdığını bildirmişdir. O da qeyd olunmalıdır ki, cavabdeh belə bir izahat vermədiyin bildirsə də, məhkəmənin həmin iclasının protokolu ilə tanış olub ona qeydlərini verə bilməmişdir. Ancaq MPM-in (Protokola dair qeydlər) maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Apelyasiya şikayətində daha sonra bildirilmişdir ki, məhkəmə xx.xx.2015-ci il tarixli saxta aktda istinad etmiş, lakin həmin aktın saxta olması barədə Elvin, Sona və Sahibin xx xxxx 2019-cu il tarixdə akt tərtib etmiş, lakin məhkəmə qətnaməsində istinad etdiyi xx xxx 2019cu il tarixli aktın etibarsız və saxta olmasını sübut edən 25 iyul tarixli akta istinad etmiş və bunu səbəbini əsaslandırmamışdır. Bu dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki,xx xxxxxx 2015-ci ildə tərtib edilmiş aktın saxta olmasına dəlalət edən hər hansı bir halın olması göstərən heç bir sübut yoxdur. Belə ki, həmin protokolu tərtib edən cavabdeh, onun oğlu Elvin Məmmədov, cavabdehin satıcısı işləyən Sahib Ramazanov və Sona Məmmədova xx xxx 2019-cu il tarixdə tərtib edilmiş aktın etibarsız hesab edilməsinin əsası kimi göstərmişlər ki, həmin akt onların heç biri tərəfindən tərtib edilməmiş, imzalanan zaman məzmununun nədən ibarət olması onlara məlum olmamış, Zaqatala bazarında başları alverə qarışan zaman onları aldadaraq imza etdirilmiş, aktda göstərilən şərtlərin heç biri onlara oxunmamış, aktın məzmununun nədən ibarət olması bildirilməmiş, ucadan oxunmamış, Əhməd X6 verib aldığı pulları təkrar almaq, onu aldatmaq, onu əlverişsiz vəziyyətə salmaq məqsədilə bu aktı tərtib etmiş, notarial qaydada təsdiq edilməmiş və s. Qeyd olunmalıdır ki, cavabdeh müxtəlif adlı yazılı sənədlərdə iddia tələbini etiraf edən izahatlar vermiş və bu sənədlərdə olan imzaların cavabdeh tərəfindən icra olunması ekspertiza rəyi ilə təsdiq edilmişdir. Bu zaman cavabdeh hazırda mübahisələndirilən hallarla bağlı qeyd olunan sənədlərdə heç bir qeyd etməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin notariat qaydada təsdiq edilməli olması məsələsinə isə məhkəmə kollegiyası yuxarıda hüquqi qiymət vermişdir. Ona görə də məhkəmə kollegiyası bu dəlilləri də əsaslı hesab etmir. Apelyasiya şikayətinin xx xxx 2019-cu il tarixdə tərtib edilmiş aktda hər min manat üçün iddiaçıya 20 manat verəcəyi barədə sözün olmaması, xx xxx 2019-cu il tarixdə tərtib edilmiş aktla razı olmaması, iddiaçının ona pulu 2015-ci ilin yanvar ayından noyabr ayınadək manatla verməsi, dolların devalvasiyasının isə 2015-ci ilin fevral və noyabr aylarında olması, borc pul manatla verildiyi üçün devalvasiyadan söhbətin gedə bilməməsi barədə gəlincə, məhkəmə kollegiyası bunlarla da razılaşa bilmir. Belə ki, cavbdeh tərəfindən doğruluğu təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli aktda cavabdeh malın satışından əldə edilən qazancını razılaşma əsasında bölüşdürülməsi və nağd verilən pula alınan malın bahalaşması nəticəsində satışdan alınan pulun da münasib bölünəcəyi razılığına gəldiklərini, tərəflər arasında qeyd olunan təkliflər təmin olunmasa, verdiyi nağd pulun və gəlirin, yaxud ilkin qiymətdən hazırki baha qiymətə satılmış maldan əldə olunan əlavə qazancı ödəyəcəyinə və əgər istəsə satılmamış qalan malı ilkin alış qiymətinə geri almaq barədə razılığa gəldiklərini, xx xxxx 2016-cı il tarixli izahatında satıcılıq fəaliyyəti üçün məşğul olmaq məqsədi ilə iddiaçıdan 2015-ci ildən hissə-hissə, cəmi 37.000 manat nağd pulu qaytarmaq şərti ilə aldığını, nağd pula aldığı maldan birgə işlədikləri müddətdə malın satışından əldə olunan qazancı öz aralarında, razılaşma əsasında hər ay üçün ödəyəcəyini, aldığım nağd pulu 2016-cı ilin fevral ayında qaytara bilmədiyimə görə ödəmə müddətinin uzadılmasını xahiş etdiyini, nağd şəkildə verilən pula alınan malın bahalaşması nəticəsində olan artıq satışdan alınan pulun münasib bölünəcəyinə razılıq verdiyini, xx xxxxx 2019-cu il tarixli izahatında iddiaçıdan, cəmi 37.000 manat nağd pulu 2015-ci ilin yanvar ayından noyabr ayına qədər hissə-hissə aldığını, ödəmədiyi 30000 manat nağd pulu 2019-cu ilin oktyabr, noyabr, dekabr ayının sonuna qədər hissə-hissə ödəyəcəyini, xx xxxxx 2019-cu il tarixli aktda isə şəxsən özünün razılığı əsasında hər ay üçün hər 1000 manat nağd pula alınan maldan və malın satışından hər ayda 20 manat qazanc ödəyəcəyini, malın satışından əldə olunan qazancı beş-altı ay gecikdirərək ödədiyini, nağd pula aldığı malın bahalaşması nəticəsində artıq satışından alınan pulun da mal alışı üçün hissə-hissə nağd yolla aldığı pula münasib bölünməsini təmin edəcəyini, nağd yolla aldığı pulu 2018-ci ilin dekabr ayında tam ödəyəcəyini bildirsə də, indiyə qədər ödəyə bilmədiyini, xx xxx 2019-cu il tarixli aktda isə əldə olunmuş gəlirdən iddiaçıya verəcəyi pulun 2018-ci ilin sentyabr ayınadək 1700 manat, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək 4200 manat (600 manat x 7 ay) təşkil etdiyini, o cümlədən xx xxxxxx 2018-ci ildə iddiaçıdan təkrar aldığı 10000 manat pulun qazancının qalıq hissəsinin 1000 manat təşkil etdiyini, birgə sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyədə olan 30.000 manatı 2019-cu ilin sonunadək ödəməyi öz öhdəsinə götürdüyünü, 2015-ci ilin fevral və dekabr aylarındakı devalvasiya nəticəsində iddiaçıdan götürdüyü pula əsasən arada yaranmış fərqin yarısını iddiaçıya verməyi öz öhdəsinə götürdüyünü, mal alışını ABŞ dolları ilə həyata keçirdiyi üçün iddiaçının verdiyi pullarla dərhal ABŞ dolları almış ilkin devalvasiyada (2015 fevral: 0,78 manatdan - 1,05 manat) hər 1 dollarda 0,27 manat, ikinci devalvasiyada isə dekabr: 1,05 manatdan - 1,55 manat) 0,50 manat gəlir əldə etdiyini, həmin gəlirin 30.000 manat təşkil etdiyini, onun da yarısının 15000 manat olduğunu, iddiaçının verdiyi pullar hesabına ucuz aldığı malı devalvasiyadan sonra baha qiymətə satdığını və daha çox gəlir əldə etdiyini, hazırda iddiaçıya 30.000 manat dövriyyədə olan pul, 6900 manat əldə olunmuş gəlirdən payın qalıqları və devalvasiya nəticəsində əldə edilmiş gəlirin (fərqin) yarısı olan 15000 manat təşkil etdiyini, iddiaçıya ödənilməli olan vəsaiti nağd qaydada ödəyə bilməyəcəyi təqdirdə mağazalarda olan xalçaları aldığı ilkin qiymətə ona verməyi öhdəsinə götürdüyünü və mağazada olan 51.900 manat dəyərində olan xalçaları bu məqsədlə iddiaçıya girov olaraq təqdim edə biləcəyini bildirmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı da devalvasiya ilə bağlı göstərmişdir ki, ...cavabdehə hər 1000 manat üçün ayda iyirmi manat qazanca görə pay ödəmək şərti ilə pul vermişəm. Devalvasiya bağlı məsələlər cavabdehin xx xxxx 2016-cı il tarixli izahatında artıq göstərilib. Qalan şərtlərimiz xx xxx 2019-cu il tarixli aktda dəqiqləşdirdik. Cavabdehlə əməkdaşlıq etdiyim 4 il yarım müddətində hər min manat üçün iyirmi manat qazanca görə pay ödəmək şərtimizi nəzərə alaraq, o, mənə 29800 manat ödəməli idi. Lakin bunu edə bilmədiyinə görə, cavabdehin devalvasiya ilə əlaqədar olaraq malların bahalaşması nətəcəsində əldə etdiyi gələrin 50 faizini, yəni 15 min manatını mənə verməli olduğu həmin pulun əvəzinə ödəyəcəyinə dair təklifi ilə razılaşdım və bu səbəbdən bundan əvvəl razılaşdığımız hər min manata görə aybaay ödəməli olduğu qazanc hissəsindən imtina etdim. Əgər cavabdehin devalvasiya nəticəsində əldə etdiyi gəlirdən mənə vermək istədiyi puldan da imtina etsəm, onda o hər min manata görə mənə verməli olduğu faizi də ödəməmiş olur. Cavabdeh ilikn şifahi razılaşmamıza əsasən mənə verməli olduğu hər min manata görə aylıq 20 manat qazanc əvəzinə mənə devalvasiya nəticəsində əldə etdiyi 30 min manatın yarısını vermək istəyirdi ki, bundan da imtina etmirəm... Göründüyü kimi, iddiaçı cavabdehdən manatın devalvasiyası nəticəsində əldə etdiyi gəlirdən pay tələb etmir, o, cavabdehlə aralarında olan şifahi borc müqaviləsinin şərtinə uyğun olaraq borc predmeti olan 37.000 manatın faizi hesab olunan hər min manata görə hər ay ödənilməli olan 20 manat hesabı ilə yaranan faiz borcunu istəyir. Cavabdeh iddiaçıya ilkin razılaşmaya əsasən ödəməli olduğu pulu ödəmədiyi üçün devalvasiya nəticəsində əldə etdiyi gəlirdən həmin borcu ödəmək istəyini bu formada ifadə etmişdir. Devalvasiya məsələsinin əsl mahiyyəti bundan ibarət olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməcinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmaması qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanır. MPM-in tələblərinə əsasən: Birinci instansiya məhkəməsinin faktlar nöqteyi - nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (Mad. 385.2). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mad. 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mad. 217). İnsan Haqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar