Məhkəmə qərarları › İş №2(107)-1205/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1205/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1205/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbinə dair, rədd) X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində pulun və ödənilmiş 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ucar rayonu, Qazyan kənd sakini Cavabdeh təxminən 30 ildir tanıyır. Uzun müddətdir – təqribən 25 ildir ki, Ucar rayonu, Alpout kəndində iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlayır, şəxsi təsərrüfatında 271 baş qoyun və 1 baş keçi saxlayırmış. Lakin heyvanları otarmaq üçün çoban olmadığından onları satmaq qərarına gəlmişdir. 2017-ci ildə Ucar rayonunda yerləşən “Ucar” restoranında cavabdeh Fərzalı və vəfat etmiş Ağahüseynlə birlikdə olduğu vaxt heyvanları Fərzalıya satmaqla bağlı razılığa gəlmişlər. Həmin vaxt cavabdehin Qazyan kəndində yerləşən ferması boş olduğundan o, heyvanları almaq istədiyini bildirmişdir. Bundan sonra o, Fərzalı ilə razılaşaraq fermasında işləyən işçisinə zəng etmiş və heyvanları körpünün altına gətirməsini xahiş etmişdir. Daha sonra isə cavabdehlə birlikdə həmin yerə getmişlər. Cavabdeh 271 baş qoyun və 1 baş keçiyə baxdıqdan sonra onunla 25000 manat müqabilində heyvanları almağa razılaşmışdır. Bu zaman Fərzalı həmin məbləği 15 gün ərzində verəcəyini, o, isə tələsmədiyini, 2–3 ay ərzində iri buynuzlu heyvanları aldıqda ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra cavabdeh çobanı ilə birlikdə heyvanları aparmışdır. Bundan təxminən 2 ay sonra isə onun cavabdehin nisyə satdığı heyvanları bazarda satdığını eşitmişdir. Bundan sonra o, cavabdehdən razılaşdıqları 25000 manat borcunu tələb etmiş, cavabdeh bu məbləğin yalnız 14000 manatını qaytarmış, qalan 11000 manat isə indiyədək ödənilməmişdir. Borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği qaytarmamışdır. Buna görə də o, ərizə ilə Ucar RPŞ-yə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Ucar RPŞ-də izahat verərək göstərmişdir ki, onu 20 ilə yaxındır tanıyır, Qazyan kəndində özünə məxsus ferması var və orada iri və xırda buynuzlu heyvanlar saxlayır. Cavabdehin dediyinə görə, 2017-ci ildə Ucar restoranında onunla və mərhum Ağahüseynlə birlikdə olduğu vaxt heyvanları 25000 manata almağa razılaşıb və sonra onları fermasına aparmışdır. Cavabdeh iddia edir ki, guya bir müddət sonra heyvanlar xəstəlikdən ölməyə başlayıb. Buna baxmayaraq, ona olan 14000 manat ödənişi əvvəlcədən, qalan 11000 manatı isə guya hissə-hissə ödədiyini bildirərək, ona borcunun qalmadığını bildirmişdir. Lakin cavabdehin bu izahı həqiqətə uyğun deyil. Əvvəla, o, cavabdehə xəstə heyvan satmamışdır. Digər tərəfdən, onun dedikləri məntiqə ziddir. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11000 (bir on bir min) manat pul və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 157.2, 372.2, 384, 385.1, 390.1, 442, 443.1, 448.1, 567, 600.1, 600.4 739.1, 740 və 882-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ucar RPŞ-nin 23 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, HK-1/347 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı müraciəti mülki xarakterli olduğu üçün bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 11 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edərək, qoyunları İddiaçı götürdüyünü və pulunu qaytardığını bildirərək, hazırda sonuncuya heç bir borcunun olmadığını bildirmişdir. İşdə olan 16 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 124 manat dövlət rüsumu ödəmişdir.

6. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçımənə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məndən 11000 manat məbləğində pulun və ödənilmiş 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasınıUcar Rayon Məhkəməsindən xahiş etmişdir. İddiaçı iddia ərizəsini iddia ərizəsində və qətnamədə göstərilən kimi əsaslandırmağa çalışmışdır. O isə iddia ərizəsinə iddia müddətinin tətbiqinə dair ərizəsində göstərmişdir ki, o 25000 manat pulu artıqlaması ilə iddiaçıya qaytarmışdır. Belə ki, iddiaçının özünün də etiraf etdiyi 14000 manat pulu qoyunlar ona təhvil veriləndən cəmi bir ay sonra iddiaçının tələbi ilə mərhum Ağahüseyn müəllimə ödəmişdir. Ondan bir aya sonra Ucar rayonunun Alpout kəndində yerləşən çayxanada oğlu X2 iştirakı ilə daha 3000 manat pulu şəxsən iddiaçının özünə vermişdir. Bunda ntəxminən 15 gün sonra daha 5000 manat pulu oğlu X4 ilə birlikdə həmin yerə gətirmişdir ki, iddiaçıya versin. Lakin iddiaçı pulu götürmədi və ondan pulu tam istədi. O isə ondan ölənləri nəzərə almasını istəmişdir. Təxminən bir həftə sonra o polisə şikayət etdiyi üçün onu polisə çağırdılar. Polis şöbəsində həmin vaxt müavin işləyən Rasim Musayev adlı polis əməkdaşı ondan soruşdu ki, Maarifin pulunu niyə ödəmirsən? O cavab vermişdir ki, 5000 manat ödəyirdi, götürmədi. Soruşdu ki, pul hal-hazırda hardadır? Demişdir ki, maşındadır. Rasim Musayev ona dedi ki, get gətir. O pulu gətirməyə getdi. Lakin qayıdanda Maarifi otaqda görmədi. Rasim Müsayev ona dedi ki, pulu ver, Maarifə o verəcəkdir. O pulu Rasim Musayevə vermişdir. Rasim Musayev dedi ki, əlavə 1000 manat da pulun üstünə qoy. O 1000 manat da Rasim Musayevə vermişdir. Bundan 10 gün keçəndən sonra isə iddiaçı qardaşı ilə birlikdə kəndə gəldi, onlardan az sonra mərhum Ağahüseyn müəllim və Dilavər adlı dostu da yanlarına gəldilər. Maarif onların yanında Rasim Musayevin ona 6000 manat verməsini təsdiqlədi. Lakin razılaşdılar ki, Maarifə əlavə olaraq 3000 manat da verməlidir. Razılaşmaya əsasən həmin pulu mərhum Ağahüseyn müəllimə verməli idi. O həmin söhbətdən təxminən 10 gün sonra, 3000 manat verəcəyinə razılaşsa da qalan qoyunların satışından əldə edilən 3500 manat pulu gətirib Ağahüseyn müəllimə verdi. Beləliklə, o iddiaçıya və onun pulu verməyini istədiyi şəxslərə cəmi 26500 manat pul ödəmişdir. Halbuki, onun verdiyi qoyunların satışından cəmi 17500 manat pul əldə etmişdir. Bütün bunlara baxmayaraq, Ağahüseyn müəllim rəhmətə getdiyindən və hər dəfə pulu verərkən iddiaçıdan və ya pulu verdiyi şəxslərdən heç bir qəbz almadığından o etirazını sübut etməkdə çətinlik çəkdiyi üçün iddia ərizəsinə iddia müddətinin tətbiqinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli 2(063)-992/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edildi və məndən İddiaçı xeyrinə 11000 (bir on bir min) manat pul və ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi qət edildi. Hesab edir ki, məhkəmə iddia ərizəsinə iddia müddətinin tətbiq etməməklə qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur. İddia müddətinin tətbiq edilməməsi səbəbindən isə qətnamə qanunsuz olmuş, iş üzrə tətbiq edilməli olan qanun tətbiq edilməmiş, bu səbəbdən də iddia qanunsuz olaraq təmin olunmuşdur.

8. Odur ki, Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh оğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)- 992/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini və müddətin tətbiq edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin əsasla yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

23. Belə ki, iş materialında olan və Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsini təmin etməyərək qeyd etmişdir ki, qanunvericilikdə bir sıra hallarda iddia müddəti tətbiq edilmir. Bu istisnalardan biri də Mülki Məcəllənin 384-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə, pul da əşya hesab olunur. Əşya anlayışı yalnız fiziki predmetlərlə məhdudlaşmır, qanunvericilik pulu da əşya kimi müəyyən etmişdir. Bu isə o deməkdir ki, pul üzərində mülkiyyət hüququ mövcuddur və həmin hüquq sözügedən Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bu iş üzrə isə tərəflər arasında müvafiq razılaşmaya əsasən iddiaçı heyvanları cavabdehə verib, müqabilində isə 25000 manat pul almalı olduğu təqdirdə, cavabdeh həmin məbləğdən 14000 manatı vermiş, lakin qalan məbləği, yəni 11000 manat pulu ödəməmişdir. Bu halda cavabdeh faktiki olaraq iddiaçıya məxsus olan pulu əsassız olaraq özündə saxlamış olur. Yəni, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməməklə yanaşı, həm də iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Pul əşya sayıldığından, iddiaçının həmin pulu geri tələb etmək hüququ mülkiyyət hüququnun müdafiəsi üsullarından biri hesab edilir. Pul əşya hesab olunduğundan və mülkiyyət hüququna aid olduğundan, cavabdehin pulu ödəməməsi nəticəsində yaranmış tələb mülkiyyətin müdafiəsi tələbi kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilmir. Beləliklə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə vəsatəti hüquqi əsasa malik olmadığından təmin olunmamalıdır.

25. Lakin iş materialından, eyni zamanda tərəflərin izahatlarından görünür ki, 2017-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 271 baş qoyun və 1 baş keçini cavabdehə satmağı, cavabdeh isə əvəzində 25000 manat pulu iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. İddia tələbindən, eyni zamanda tərəflərin izahatlarından görünür ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi 2017-ci ildə bağlanmış, cavabdeh 25000 manat pulu 15 günə verəcəyini, iddiaçı isə tələsməməsini, 2-3 aya pulun verilməsini qeyd etmişdir.

31. İş materialları ilə müqavilənin bağlandığı konkret ay və günü müəyyənləşdirmək mümkün olmadığından məhkəmə kollegiyası müqavilənin bağlanma tarixini 2017-ci ilin dekabr ayının sonu kimi götürülsə də, eyni zamanda müqavilənin icra müddətinin bitdiyi, yəni iddia müddətinin başlanması tarixini iddiaçının özünün iddia tələbində göstərdiyi 2-3 ay müddəti nəzərə alaraq 2018-ci ilin mart ayının sonu kimi götürülsə də, müqavilənin icra müddəti 2018-ci ilin mart ayının sonu bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlamışdır.

32. Müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasına baxmayaraq, iddiaçı yalnız 17 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

33. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini təmin etməmiş və iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.

35. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(063)-992/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən 11000 manat məbləğində pulun və ödənilmiş 124 manat dövlət rüsumu olmaqla, cəmi 11124 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar