Məhkəmə qərarları › İş №2(107)-1210/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1210/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1210/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 oktyabr 2014-cü il tarixdə anadan olmuş Nilay və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş Banu adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin tululub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 oktyabr 2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onunla birgə yaşadığı müddətdə 09 oktyabr 2014cü il tarixdə Nilay adlı və 14 dekabr 2016-cı il tarixdə Banu adlı iki uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(033)-742/2021 nömrəli qətnaməsinə əsasən pozulmuş, məhkəmə qaydasında azyaşlı övladlarının saxlanması üçün hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla 300 (üç yüz) manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi qət edilmişdir. Lakin hazırki bazar qiymətlərinə görə qeyd olunan məbləğ həddindən çox azdır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Cavabdeh Respublikada kifayət qədər inflyasiya olmasını, iki uşaq üçün verdiyi alimentin uşağın tələbatlarını ödəmədiyini nəzərə almamış və müəyyən edilmiş alimentdən əlavə maddi yardım göstərməmişdir. O, Cavabdeh ödədiyi alimentlə uşağı saxlaya, uşağın zəruri tələbatlarını ödəyə bilmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Xatırladır ki, Cavabdeh Qax Rayon Məhkəməsində işləyir və onun yetərincə əmək haqqı vardır. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-742/2021 nömrəli 06 oktyabr 2021-ci tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Qax rayon Qeydiyyat Şöbəsində 25 oktyabr 2013-cü ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 200 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 oktyabr 2014-cü ildə doğulmuş X7 və 14 dekabr 2016-cı ildə doğulmuş X4 cavabdeh X2 himayəsində saxlanılması, 09 oktyabr 2014-cü ildə doğulmuş X3 və 14 dekabr 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 oktyabr 2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat alimentin sabit pul məbləğində tutularaq cavabdeh X5 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 10 manat dövlət rüsumunun kəsri iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh alınaraq 14 dekabr 2016-cı il təvəllüdlü X4 və 09 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(033)-742/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç əlli) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflərin birgə nikahından 09 oktyabr 2014-cü il təvəllüdlü X7 və 14 dekabr 2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuş, 09 oktyabr 2014-cü il təvəllüdlü X3 və 14 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 oktyabr 2021-ci il tarixli 2(033)-742/2021 nömrəli qətnaməsinə əsasən 06 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X2 xeyrinə verilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu hazırki uşaqları saxlamaq, saxlamadıqda isə uşaqların saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə gətirə biləcəyi hər hansı arqument cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasına gəlməyərək alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 14 dekabr 2016-cı il təvəllüdlü X4 və 09 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 14 dekabr 2016-cı il təvəllüdlü X4 və 09 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(033)-742/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla cəmi 350 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh Məhəmməd oğlundan 30 manat (175-150=25x2x12=600 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 və 34-cü maddələri, Ailə Məcəlləsinin 75.1-ci, 75.4, 78.1, 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.2, 217.4, 218.3 və 233.4-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən aşağıda qeyd etdiyi maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan çıxarılan bu qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, o, Cavabdehlə 25 oktyabr 2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 09 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X8 adlı iki övladları olmuşdur. Cavabdehlə aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixdə 2(033)-742/2021 nömrəli qətnaməsi əsasında pozulmuş, məhkəmə qaydasında azyaşlı övladlarının saxlanması üçün 150 (bir yüz əlli) manat olmaqla 300 (üç yüz) manat aliment sabit pul məbləğində tutularaq ona verilməsi qət edilmişdir. Lakin hazırkı bazar qiymətinə görə qeyd edilən məbləğ həddindən çox azdır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsil və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Cavabdeh Respublikada kifayət qədər infilyasiya olmasını, iki uşaq üçün verdiyi alimentin uşaqların təlabatını ödəmədiyini nəzərə almamış və müəyyən edilmiş alimentdən əlavə olaraq maddi yardım göstərməmişdir. Çünki, Cavabdeh Qax Rayon Məhkəməsində məsləhətçi iclas katibi vəzifəsində işləyir, yetərincə əmək haqqısı vardır. Hüquqlarının göstərilənlər əsasında səbəbli pozulması nəticəsində isə yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Ona görə də həmin qətnamə ilə razı deyil, narazıdır və həmin qətnaməni əsassız sayır. Beləliklə də onun qanunvericiliklə müəyyən edilmiş prosessual hüquqlarımız pozulmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-730/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsini ləğ edərək 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edildiyi qaydada hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsini ləğv edərək, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edildiyi qaydada hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsinin ləğv edilməsini, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edildiyi qaydada hər bir uşaq üçün 220 manat olmaqla cəmi 440 manat aliment alınaraq ona verilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı qismən mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər 25 oktyabr 2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onunla birgə yaşadığı müddətdə 09 oktyabr 2014-cü il tarixdə Nilay adlı və 14 dekabr 2016-cı il tarixdə Banu adlı iki uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(033)-742/2021 nömrəli qətnaməsinə əsasən pozulmuş, məhkəmə qaydasında azyaşlı övladlarının saxlanması üçün hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla 300 (üç yüz) manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir və qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 175 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər birinə 175 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bütün yuxarıda qeyd edilənlər nəzərə alınara kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı verdiyi apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(033)-730/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar