Məhkəmə qərarları › İş №2(107)-1212/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1212/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1212/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(033)-719/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair müraciət edərək, birgə nikahlarından doğulmuş 20 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulub ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi, eləcə də tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiyaya dair xərcin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2(033)-49/2016 nömrəli qətnaməsi ilə iddiaçı X4 və Cavabdeh arasında Zaqatala RİHB-in Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 sentyabr 2009-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin nikahından anadan olmuş, 20 iyun 2012-ci il təvəllüdlü X5 yaşayış yerinin iddiaçı ilə müəyyən olunması, tərəflərin birgə nikahından anadan olmuş, 20 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X3 verilməsi, alimentin 26 oktyabr 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)- 667/2018 nömrəli qətnaməsi ilə tərəflərin nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 28 mart2016-cı tarixli, 2(033)-49 2016 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 136.60 (bir yüz otuz altı manat, altmış qəpik) manat sabit pul məbləğində alimentin tutulması, məbləği artırılmış alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-1250/2021 nömrəli qətnaməsinə əsasən, Cavabdeh alınaraq 20 iyun 2012ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(033)- 667/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 39,80 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə və ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda X5 on iki yaşı var. Cavabdeh 2023-cü ildən etibarən ailəsini tərk etmiş və bugünədək bir dəfə də olsun övladı ilə maraqlanmamışdır. Övladı bir yaşı tamam olandan bugünə qədər bir dəfə də olsun atasının üzünü görməmişdir. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın müayinə, müalicə, təhsil və digər tələbatlarını qismən də olsa ödəmir. Belə ki, uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Eləcə də, uşaq daimi olaraq müayinə və müalicə olunur. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehlə birgə nikahdan anadan olmuş X5 zəruri qida, təhsil və s. xərclərini nəzərə alaraq, hesab edir ki cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manata çatdırılmalıdır. Cavabdeh əvvəlki illərdən qalan aliment məbləğini vaxtlı-vaxtında ödəməmiş, ödədiyi aylarda da kəsrlə ödəmişdir. İddia ərizəsinə əlavə etdiyi Ağdaş rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 5/013930 saylı məktubundan görünür ki, cavabdeh "X11” Qapalı Səhmdar Cəmiyyətində işləyir və məcburi icra tədbiri kimi xx.xx.2023-cü il tarixədək ödənilməmiş 960 manat aliment borcunun cavabdehin əmək haqqına hər ay 70 faiz miqdarında yönəldilməsi xahiş olunmuşdur. Beləliklə, cavabdeh Bakı şəhərində yaşayıb işləməklə hər ay 235 manat aliment məbləğini ödəmək iqtidarındadır.

3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, məhkəməyə 20 iyun 2024-cü il tarixdə ərizə ünvanlayaraq göstərmişdir ki, o, diabet xəstəsi olduğu üçün uzun məsafəli yola çıxa bilmir. Aliment məsələsi ilə bağlı aldığı əmək haqqısını nəzərə alınmasını xahiş edir. Onun aylıq əmək haqqı 622 manat təşkil edir. Hər ay aliment üçün yaranmış olan borcla birlikdə cəmi 215 manat çıxılır. 50 manat borcdan silinir və 165 manat aliment tutulur. Qalan 407 manatla isə hal-hazırda evli olduğu və bu evlilikdən 2 azyaşlı uşağı və birdə işsiz yoldaşının dolanışığı üçün xərclənir. Odur ki, göstərilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsni xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun da səhhətində problemlər var. O, minimum əmək haqqı alır və cavabdehin də ödədiyi alimentlə birlikdə uşağının maddi təminatını ödəyə bilmir. Cavabdehin rəsmi iş yerindən başqa gəlirləri də vardır. Onun ehtiyacı olmasa idi hazırkı tələblə məhkəməyə müraciət etməzdi.

5. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmişdir.

6. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(033)-719/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov), İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 20 iyun 2012-ci il təvəllüdlü X7 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)- 1250/2021 nömrəli qətnaməsinə əsаsən cаvаbdehdən hər ay 165 manat aliment tutulub iddiаçıyа verilir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh 622 manat əmək haqqı alır, оnunla və digər gəlirlərindən 165 manatını tərəflərin birgə nikаhındаn dоğulmuş uşаğının sахlаnmаsı üçün аliment оlаrаq ödəyir. Bundan başqa cavabdehin əvvəlki qətnamələrə əsasən yaranmış aliment borcuna görə 50 manat da əmək haqqından tutularaq iddiaçıya ödənilir. Älimentin ödənilməsinə yönəldilmiş vəsаitdən özünün maddi təminatı üçün qаlаn vəsаit cаvаbdehin minimum dolanacaq xərcindən dəfələrlə аzdır. Bundan başqa cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan da onun iki azyaşlı övladı vardır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. İddiaçı xx.xx.2024-cü il tarixdə hаzırkı iddiа ilə müraciət edərək, alimentin müəyyən olunmuş miqdarının artırılmasını xahiş etmiş, lakin alimentin miqdarı müəyyən olunmasından keçən qısa müddət ərzində özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla, alimentin miqdarının müəyyən olunmasından keçən qısa müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olması halı təsdiq edilməmişdir.

12. Məhkəmə iddiaçının, tərəflərin birgə nikahından doğulmuş uşağının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqtarının оlmаsı bаrədə mövqeyi ilə rаzılаşmış, lаkin bu hаlın iddiаnın təmin edilməsinə əsаs оlmаdığı nəticəsinə gəlmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla cаvаbdehin Zaqatala Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)-1251/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğdən аrtıq аliment ödəmək üçün zəruri qаzаncа mаlik оlmаsı helı təsdiq edilməmişdir.

14. Məhkəmə оnu dа qeyd etməyi zəruri sаymışdır ki, tərəflərin öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər və uşaqtarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqtarının təmin etmək vəzifəsinin bütövlükdə cаvаbdehə aid edilməsi, iddiаçını uşaqların maddi təlabatını ödəmək vəzifəsindən azad edilməsi хarakteri daşıyır. Halbu ki, o, özü də uşaqlarının maddi təlabatını ödəməkdə cаvаbdeh ilə bərabər vəzifə daşıyır.

15. Məhkəmə qeyd etmişdir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar xərc olan iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci də iddiaçının özünə aid edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 81.1, 81.3, 108.2, 112.1-ci maddələri, “Uşаq hüquqlаn hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 9.1.2, 9.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 15.3, 77.1, 112.1.6, 119.1, 119.2, 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Hesab edir ki, qətnamə əsassız və ədalətsiz olduğundan ləğv olunmalı və iddia tələbi təmin edilməlidir.

19. Hazırda Zaqatala Rayon Məhkəməsi qətnamədə gəldiyi mövqeyi cavabdehin 622 manat əmək haqqı alması, onunla və digər gəlirlərindən 165 manatının tərəflərin birgə nikahından doğulmuş uşağının saxlanması üçün aliment olaraq ödəməsi, bundan başqa cavabdehin əvvəlki qətnamələrə əsasən yaranmış aliment borcuna görə 50 manatın da əmək haqqından tutularaq iddiaçıya ödənilməsi, alimentin ödənilməsinə yönəldilmiş vəsaitdən özünün maddi təminatı üçün qalan vəsaitin cavabdehin minimum dolanacaq xərcindən dəfələrlə az olması, bundan başqa cavabdehin ikinci dəfə ailə qurması və həmin nikahdan da onun iki azyaşlı övladının olması, iş üzrə sübutlarla cavabdehin Zaqatala Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)-1251/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq aliment ödəmək üçün zəruri qazanca malik olması halının təsdiq edilməməsi göstərilmişdir. Hesab edir ki, məhkəmənin mövqeyi Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunanlara ziddir. Qərarda qeyd olunur ki, “bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Uşağın bir yaşından sonra cavabdeh bir dəfə də olsun övladı ilə maraqlanmamış və ona zəruri olan ata qayğısı göstərməmişdir. Övladı öz atasının üzünü görməmişdir. 2016-cı ildə nikahlarına xitam verilərkən bir ilə yaxın bir müddətdə cavabdeh ümumiyyətlə aliment ödəməmiş, daha sonra aliment ödənişlərini gecikmələrlə, qət olunan məbləği kəsərək ödəmişdir. Yalnız 2023-cü ildə icra məmurunun məktubu ilə cavabdehin əmək haqqına məcburi tutma yönəldilmişdir. Zaqatala Rayon Məhkəməsi cavabdehin ikinci ailəsindən 2 övladının olmasını da əsas gətirərək iddia tələbini təmin etməmişdir. Bununla bağlı bildirir ki, birgə nikahdan doğulmuş uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Cavabdehin ikinci ailəsi tam əmək qabiliyyətli iki şəxsdən və iki uşaqdan ibarətdir. Yəni həm ata, həm də ana işləyib uşaqları saxlaya bilər. Onun ailəsində isə əmək qabiliyyətli yeganə şəxs odur. Bununla belə, işləyir və vaxt məhdudiyyəti şəraitində övladının təhsili, istirahəti, səhhətinin qayğısına qalır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin bu hissədə mövqeyi anlaşılan deyil. Hesab edir ki, məhkəmə iddiaya qiymət verərkən Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunmuş hüquqi mövqeyi əsas götürməli, alimentin artırılmasına əsas olan digər əhəmiyyətli hallara diqqət yetirməli idi. Belə hallardan biri-istehlak mallarının qiymətinin və inflyasiya rəqəmlərinin artmasıdır ki, bu halın da sübuta ehtiyacı yoxdur, bu ümumi məlum olan faktdır. İş materiallarından görünür ki, sonuncu dəfə cavabdehdən tutulmalı olan alimentin məbləği 2021-ci ildə Zaqatala Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir. 2021-ci ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat olmuş, alimentin məbləği isə 165 manat müəyyən edilmişdir. Aradan 3 il keçdikdən sonra uşaqlar üçün yaşayış minimumunun məbləği 60 manat artırılaraq 235 manat müəyyən edilir. Bu o deməkdir ki, ölkə üzrə bir uşağın minimum ehtiyaclarının məbləği 60 manat artmışdır. Buna baxmayaraq alimentin məbləğində heç bir dəyişiklik baş verməmişdir. Ona görə də hesab edir ki, hazırda cavabdehlə birgə nikahımızdan olan X1 üçün alimentin məbləği artırılmalıdır.

21. Zaqatala Rayon Məhkəməsi alimentin artırılması barədə iddia tələbini rədd edərkən iş üzrə mövcud olan sübutların təhlilində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, cavabdehin rəsmi gəlirinin az olması, eləcə də onun himayəsində aliment tutulmayan iki uşağın olması ailmentin artırılmasını qeyrimümkün edir. Odur ki, qətnamə prosessual pozuntuya yol verilməklə çıxarılmışdır.

22. Zaqatala Rayon Məhkəməsi cavabdehin birgə nikahlarından olan uşağın maddi və digər ehtiyaclarının qarşılanmasında hər hansı rolu olduğu ilə bağlı heş bir araşdırma aparmamış və bu barədə qətnamədə heç bir qeyd aparmamışdır.

23. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-719/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh apellyasiya şikayətinə etirazında aylıq 650 manat məvacibindən 215 manat alimentin tutulmasından sonra yerdə qalan maaşı ilə həyat yoldaşı və 2 uşağının təminatının nəzərə alınaraq qərar verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin həm iddiaçı, həm də cavabdeh məhkəmə kollegiyasına göndərdikləri müraciətlərində məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərindən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

28. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

30. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, iddiaçı Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-719/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

35. Apellyator Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-719/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-719/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 20 iyun 2012-ci il təvəllüdlü X7 dоğulmuşdur. Sonuncu dəfə Zaqatala Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)-1250/2021 nömrəli qətnaməsi ilə 20 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay üçün sabit pul məbləğində 165 manat müəyyən edilmişdir. 20 iyun 2012-ci il təvəllüdlü X7 hazırda da anası İddiaçı himayəsindədir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının alimentin artırılması tələbinə dair iddiasını bütünlükdə rədd etməkdə doğru mövqedən çıxış etməmişdir.

40. Belə ki, kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, eləcə də alimentin məbləğinin 165 manat həddində müəyyən edilməsindən sonra ötən üç ilə yaxın bir müddət ərzində uşağın böyüməklə tələbatlarının artması, uşağın tələbatlarının ödənilməsində iddiaçı ilə yanaşı cavabdehin də bərabər vəzifə daşıması, hazırkı vəziyyətdə cavabdeh tərəfindən ödənilən 165 manat aliment istisna olmaqla 20 iyun 2012-ci il təvəllüdlü X5 digər ehtiyaclarının anası İddiaçı tərəfindən ödənilməsi nəzərə alınmalıdır.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh 20 iyun 2012ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün qət edilmiş alimentin məbləğinin artırılmasını tələb etməkdə haqlı olmuşdur.

42. Lakin kollegiya qeyd edir ki, iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.

43. Buna görə də, alimentin məbləğinin hər ay üçün 190 manat məbləğində müəyyən edilməsi daha məqsədə müvafiqdir.

44. Kollegiya iddiaçının alimentin artırılmasına dair iddia tələbini qismən əsaslı hesab etdiyindən iş üzrə məhəmə xərclərinə dair məsələ də həll edilməlidir.

45. Kollegiya iddiaçının 60 manat mediasiya xərcinin cavabdehdən xeyrinə tutulmasına dair iddia tələbinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

46. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 aprel 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmin arayışda Cavabdeh müraciətdə göstərilən ünvanda aşkar edilməməsi səbəbli bildirişin ona çatdırılmadığı qeyd edilmişdir.

47. Kollegiya hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi halının müəyyən edilməməsi nəzərə alınaraq iddiaçı cavabdehdən ödədiyi mediasiya xərcinin hamısını deyil, onun yarısını tələb etməkdə haqlı olmuşdur.

48. Bu səbəbdən də ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Həmçinin iddianın qismən təmin edilməsi, alimentin artırılmış hissəsində illik ödəmənin məcmusu nəzərə alınaraq cavabdehdən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulmalıdır.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(033)-719/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilməli, Zaqatala rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)-1250/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 20 iyun 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməli, artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

51. Cavabdeh İddiaçı xeyrinə 30 manat mediasiya xərci tutulmalı, həmçinin Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməli, ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(033)-719/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Zaqatala rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(033)-1250/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 20 iyun 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Cavabdeh İddiaçı xeyrinə 30 manat mediasiya xərci tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar