Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1217/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 7 avqust 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçının xeyrinə 11592.68 manat əsas,1283.28 manat faiz və 196.10 manat cərimə olmaqla, cəmi 13072.06 manat borcun və 129.62 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(037)-726/2024 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11592.68 manat əsas,1283.28 manat faiz, 196.10 manat cərimə və 129.62 manat dövlət rüsumu olmaqla, cəmi 13201.68 (on üç min iki yüz bir manat altmış səkkiz qəpik) manat tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamə 8 avqust 2024-cü il tarixdə tərəflərə göndərilmişdir. Cavabdeh qeydiyyat ünvanına göndərilmiş məhkəmə sənədi 9 avqust 2024-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh göstərilən qətnamədən 10 sentyabr 2024-cü il tarixdə qanunla müəyyən edilmiş müddət bitdikdən sonra apelyasiya şikayəti vermişdir. Bundan əlavə Cavabdeh göstərilən qətnamədən məhkəməyə 10 sentyabr 2024-cü il tarixdə daxil olmuş poçt şöbəsi vasitəsilə 09 sentyabr 2024-cü il tarixli apelyasiya şikayəti göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh şikayətində göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(037)-726/2024 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətə apelyasiya şikayəti verməyinə baxmayaraq məhkəmə müəyyən edilmiş müddət keçdiyini əsas gətirərək apellyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 7 avqust 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qətnаməsi 9 avqust 2024-cü il tarixdə Cavabdeh tərəfindən alınmışdır. Cavabdeh 9 sentyabr 2024-cü il tarixdə poçt şöbəsi vasitəsilə apellyasiya şikayəti göndərsə də, elektron məhkəmə informasiya sistemi vasitəsilə apelylasiya şikayəti 10 sentyabr 2024-cü il saat 11:01:30 dəqiqəsində imzalanmışdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, 9 sentyabr 2024-cü ildə verilmiş apellyasiya şikayəti elektron kabinetlə verilmədiyinə görə, 10 sentyabr 2024-cü ildə elektron kabinetlə verilmiş apellyasiya şikayəti isə müddət ötürülməklə verildiyinə görə geri qaytarılmalı idi. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh verdiyi apellyasiya şikayətində yalnız işin halları və maddi və prosessual hüquq normalarının pozulması qeyd edilmiş, maddi və prosessual hüquq normalarının pozulması əsasları olaraq ümumi nəzəri cümlələrdən istifadə edilmiş, normaların pozulmasının özünü nədə göstərdiyi konkret sübut və əsaslarla ifadə edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin düzgün və qanuni olmamasının nə ilə əsaslandırıldığı ifadə edilməmişdir. Həmçinin, “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində “İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-726/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilsin” göstərilmişdir. Apellyasiya məhkəməsindən iş üzrə hansı qərarın qəbul edilməsinin xahiş edildiyi, qətnamənin hansı hissədə mübahisələndirildiyi qeyd olunmamışdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361.1.4, 361.1.5 və 361.1.6cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(037)-726/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1217/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1217/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver