Məhkəmə qərarları › İş №2(107)-1218/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1218/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1218/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-57/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 2010-cu ildə Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınmasından ötrü ödənilmiş 1500,0 manat məbləğində nağd pul vəsaitinin infilyasiya nəzərə alınmaqla indeksasiya olunaraq geri qaytarılması və 100,0 manat dövlət rüsumu alınıb xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2010-cu ildə Cavabdeh cəmi 1.200,0 manat ödəyərək satınalma yolu ilə əldə etmiş və JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsi həmin vaxtdan etibarən onun sahibliyində olmuş və peyinlənib əkinə yararlıvəziyyətə gətirilərək təyinatı üzrə istifadə edilmişdir. Cavabdeh aralarında bağlanmış alqı-satqı müqavilənin notariat qaydasında təsdiq olunmamasından istifadə edərək ötən il torpaq sahəsini tələb edərək geri almışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh aralarında bağlanmış alqı-satqı müqavilənin notariat qaydasında təsdiq olunmamasından istifadə edərək ötən il torpaq sahəsini tələb edərək geri aldığına görə də, JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınmasından ötrü ödənilmiş 1200,0 manat məbləğində nağd pul vəsaitinin və sərf edilən 300,0 manat məbləğində yol xərclərinin infilyasiya nəzərə alınmaqla indeksasiya olunaraq geri qaytarılması haqqında iddia qaldırmışdır.

4. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-57/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 2611,0 (iki min altı yüz on bir) manat əsas borc və 47,0 (qırx yeddi) manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 100,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ailə üzvlərinin (X13, X6, Cavabdeh, X9, X10 və X2) ümumi birgə mülkiyyətində olan JN 006 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,99 ha hissəsini 2010-cu ildə İddiaçı 1200,0 manta şifahi qaydada satmış və sonradan müqavilədən birtərəfli qaydada imtina edərək torpaq sahəsini geri qaytarmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, JN 006 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 2,99 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,82 ha hissəsinin özgəninkiləşdirilməsinə dair İddiaçı ilə Cavabdeh arasında 2010-cu ildə bağlanmış müqavilə notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar İddiaçı alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti ödənilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 14.2.4, 215.5, 394, 337.1, 337.3, 337.4, 337.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etmir və bildirir ki, 2010-cu il tarixində Qəbələ rayonu, Sileyli kənd sakini İddiaçı ona və ailə üzvlərinə məxsus JN 0076 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında göstərilmiş Qəbələ rayonu Məlikli kəndində yerləşən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına görə qeyd etdiyi 1200 manat məbləğində pul almamışdır. Qəbələ RPŞ-də şikayət əsasında aparılmış araşdırma zamanı da qeyd etmişdir ki, o, Qəbələ rayonu, Məlikli kənd sakini Səməd adlı şəxsə torpaq sahəsinin bir hissəsini satmaq istədiyini bildirmişdir, lakin sonradan alqı-satqı baş tutmamışdır. Ona görə də o, Zaur adlı şəxsdən hər hansı məbləğdə pul almadığına görə onun ona qarşı qaldırdığı iddianın da hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə də ləğv edilməli, mülki iş tam, hərtərəfli və obyektiv məhkəmə kollegiyası tərəfindən yenidən araşdırılmalıdır.

11. O, iddiaçı şəxsdən hər hansı məbləğdə pul almamışdır və hər hansı öhdəlik üzərinə götürməmişdir. Hesab edir ki, iddiaçının pul tələbinə dair iddia qaldırmaq üçün onun subyektiv hüququ yəni tələb etmək hüququ olmadığndan və sübut edilmədiyindən Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(025)-57/2024 nömrəli qətnaməsi ləğv edilməlidir.

12. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(025)- 57/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-57/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-57/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.

19. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)- 57/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 dekabr 1997-ci il tarixli 28 nömrəli qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0076, KOD 40612018 nömrəli Dövlət Aktına əsasən X13, X7, Cavabdeh, X9, X10, X2 ümumibirgə mülkiyyətlərində olan 2,99 ha torpaq sahəsindən 1,82 ha hissəsi Cavabdeh tərəfindən 2010-cu ildə İddiaçı şifahi qaydada 1200,0 manata satılmış, lakin Cavabdeh sonradan həmin torpaq sahəsini İddiaçı geri almış, lakin torpaq satışı adı altında aldığı pulu geri qaytarmamışdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.

28. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun iddiaçı şəxsdən 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına görə qeyd etdiyi 1200 manat məbləğində pulu almaması, üzərinə hər hansı öhdəlik götürməməsi, iddiaçının pul tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh məhkəmə kollegiyasının iclasında da mübahisəli torpaq sahəsini iddiaçıya deyil, 1200 manat pul vəsaiti müqabilində şifahi qaydada X14 vasitəçiliyi ilə tanımadığı Qəbələ şəhər sakininə satdığını, həmin şəxsin torpağı bəyənməməsi səbəbli sonradan Səmədin həmin torpağı iddiaçıya satdığını göstərməsinə baxmayaraq, iş materiallarına əlavə edilmiş X22, X8, X4, X3, X15, X23 və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh JN-0076 nömrəli Dövlət aktına əsasən ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Məlikli kəndində yerləşən 2.99 ha torpaq sahəsindən 1.82 ha hissəsini 2010-cu ildə məhz İddiaçı satmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının pul tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına dair dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

30. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmuşdur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-57/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar