Məhkəmə qərarları › İş №2(107)-1220/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1220/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1220/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-20/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1dan, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 28250.17 manat məbləğində əsas borc, 12491.56 manat məbləğində faiz borcu, 18423.45 manat cərimə borcu olmaqla cəmi 59165.18 manat kredit borcunun 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh4 Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində istifadəsində olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-20/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 28250.17 manat əsas kredit borcu, 12434.37 manat faiz borcu, 1423.45 manat cərimə borcu olmaqla cəmi 42107.99 manat kredit borcu 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində ipoteka predmeti olan 0.0265 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilmiş, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində istifadəsində olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, iddia cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı qaldırılan hissədə rədd edilməsi və iş üzrə 200 manat ekspertiza xərci 100 manatı İddiaçı QSC-dən, 100 manatı isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmetinin qiyməti bazar qiymətlərinə uyğun olmamışdır. Yenidən qiymətləndirmə keçirilərsə, bu öz təsdiqini tapar. Bundan əlavə birinci instansiya məhkəməsi kredit müqaviləsində edilmiş düzəlişləri müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin etməmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-20/2020 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)- 20/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh4 mülkiyyətində olan Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində istifadəsində olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqavilələri bağlamış, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 kredit razılaşmaları üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh4 Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində istifadəsində olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və ipoteka predmetinin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Apelyator birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiymətini, eyni zamanda kredit müqaviləsində edilmiş düzəlişləri mübahisələndirdiyindən məhkəmə kollegiyası apelyasiya şikayətinə həmin hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh ipoteka predmetinin real bazar qiymətinə etiraz etmişdir ki, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti tərəflərin razılığı ilə 33.726 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 15-19 saylı rəylərdən görünür ki, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində istifadəsində olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 40000 manat təşkil edir. Apelyator ipoteka predmetinin yenidən qiymətləndirilməsinə zərurətin olduğunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətini real bazar qiymətlərinə uyğun müəyyən etmişdir. Bundan əlavə apelyator kredit müqaviləsinə iddiaçı tərəfindən düzəlişlər edildiyini bildirsə də bunu təsdiq edən sübutlar məhkəmələrə təqdim etməmişdir. Belə ki, apelyator nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməmiş, dəlillərini təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpelyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-20/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-20/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar