Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1223/2021 12.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, X4 məhkəmə iclas katibiyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(019)- 186/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 600 manat pul, iki ədəd qoyun və ya onun dəyəri olan 260 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onun xeyrimə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat pulun, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(019)- 186/2021 nömrəli (hakim Z.Tahirov) qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 500 manat pul, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pul, cəmi 620 manat pul və ödənilmiş 30 manat dövlət rüsumun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təsərrüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Müştərilərin çoxu qəssablardır. Müştərilərindən biri Cavabdehdur. Onu Yadigar adlı tanışının vasitəsilə tanımışdır. O, əvvəllər 4-5 dəfə ayrı-ayrı vaxtlarda gəlib evindən istədiyi heyvanı seçib aparmış, gah dəyişdirmiş, gah da satıb və danışdıqları qiyməti ona ödəməklə aralarında etibar yaranmışdır. 15.03.2019-cu il tarixdə Cavabdeh yanında kiçik oğlu ilə evinə gələrək, bir baş 120 manat dəyərində ana qoyunu ağ rəngli Vaz- 21011 markalı dövlət qeydiyyat nömrəli maşını ilə aparmışdır. Cavabdeh 10 gün sonra yanına gələrək, atasının vəziyyətinin ağır olduğunu və təcilli Bakı şəhərinə aparmalı olduğunu demiş və ondan 500 manat borc pul istəmişdir. Əvəzində ona arvadı Osmanova Kəmalənin adına olan sosial kartını verməyi təklif etmiş, kartdan isə hər ay 120 manat pul vurulduğunu bildirmişdir. O, razılaşmış, Cavabdeh 500 manat pul vermişdir. Bundan bir ay sonra həmin kartdan pulu çıxarmaq üçün banka getmiş və ona məlum olmuşdur ki, kartın vaxtı keçmişdir. Bundan sonra bu məsələni Mahirin özünə demiş, Mahir guya bunu bilmədiyini, xəbəri olmadığını bildirmişdir. Mahirdən onun pulunu və qoyununu qaytarmasını tələb etmiş, lakin halhazıradək həmin pul və heyvan və ya həmin qoyunun dəyəri ona qaytarılmamışdır. Bildiyinə görə həmin qoyun kəsilmişdir. Bununla bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı xeyli vaxtdır ki, tanışdır. Onunla bəzi alverlər də etmişdir. İddiaçının 2019-cu ilin mart ayında ona borc kimi 500 manat pul verməsi də düzdür. Bununla bağlı bildirmək istəyir ki, atası qəflətən xəstələnəndə onun müalicəsinə pul lazım olmuş və iddiaçı ilə hərdən də olsa alver etdiyinə görə onun yanına sələmlə borc götürüb ödəmək üçün ona 500 manat verməsini xahiş etmişdir. İddiaçı Səidbəy onun naəlac qaldığından istifadə edərək 500 manat üstəlik hər ay 50 manat sələmini ödəməsi şərtilə pul vermiş, ancaq aralarında heç bir rəsmiləşdirmə olmamışdır. Atasının müalicəsindən sonra iddaçının pulunu az müddətdə ödəmiş, pul ödəniləndən sonra iddiaçı ona zəng edərək “ödənişlərini niyə dayandırdın” deyə bildirmişdir. O da bildirmişdir ki, ona daha nə vaxtacan pul ödəməlidir, onun verdiyi 500 manat və üstünün faizlərini ödəmişdir. İddiaçı da cavabında bildirmişdir ki, o, bir o qədər də pul ödəməlidir. Onun sözlərindən belə çıxmışdır ki, o, bütün ömrü boyu Səidbəyə ancaq sələm ödəməlidir. İddiaçı həmçinin ona zəng edərək, onlara maşını ilə gəlməsini, həyətindən bir ədəd qoyunu bazara aparmasını və taksi pulunu verəcəyini bildirmişdir. O da onun sözünü yerə salmaq istəməmiş və onlara gedəndə iddiaçı bir ədəd qoyunu avtomobilinin yük yerinə qoyaraq, Mübarizgilə gedəcəklərini bildirmişdir. Onlar Mübarizgildən qayıtdıqdan sonra iddiaçı maşınından düşüb getmişdir. Ortadan təqribən 30-40 dəqiqə keçməmişdir ki, ona tanımadığı bir nömrədən zəng gəlmiş, zəng edən bildirmişdir ki, o, polis şöbəsinə gəlməlidir. Onu polis şöbəsinin rəisinin yanına aparanda orada iddiaçını və bir başqa tanımadığı üç nəfəri görmüş, orada məlum olmuşdur ki, iddiaçının onun maşınına qoyub apardığı oğurladığı qoyun olmuşdur. İddiaçı onunla hərdən qoyun-quzu alqı-satqısı etmişdir, lakin onun kiminsə qoyununu oğurlaması və onun maşınında Mübarizgilə aparması ilə yanaşı, ona da heç nədən problem yaşatması heç ağlına da gəlməzdi. İddiaçı ona ancaq taksi pulu 7 manat vermiş və o, həmin 7 manatın əvəzində heç bir təqsiri olmadan qoyunun sahibinə xeyli pul ödəməli olmuşdur. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)-186/2021-ci saylı 15.03.2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o həqiqətən də iddiaçıdan 500 manat məbləğində borc və bir ədəd nisyə qoyun almışdır. Lakin həmin borcu hər ay 50 manat olmaqla ödəmişdir. İddiaçı ondan əlavə faiz tələb edir. Qoyuna gəldikdə isə iddiaçıya bir ədəd qoyun qaytarmışdır. İddia tələbini qəbul etmir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o 500 manatı və bir ədəd qoyunu cavabdehə inanaraq vermişdir. Cavabdeh ona heç bir pul və ya qoyun verməmişdir. Dəfələrlə borcunu geri istəməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında onun yanında Cavabdeh İddiaçı 500 manat borc istəmiş, İddiaçı da borc olaraq 500 manat pulu faizsiz və sələmsiz Cavabdeh vermişdir. Həmçinin Emçiyev X1 Mahir Təhməz oğluna 2019-cu ilin martın 15-də 120 manat dəyərində bir baş ana qoyun vermişdir. Bildiyinə görə Cavabdeh nə həmin 500 manat pulu, nə də qoyunun pulu olan 120 manatı Səidbəyə qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh İddiaçı borc pul almasını və qoyun almasını görməmişdir. Mahir bir dəfə ona demişdir ki, Səidbəyə sələmi var və bir dəfə Mahirlə pul ödəmək adı ilə Səidbəyin evinə getmişlər. Mahirin Səidbəyə pul verməsini görməmişdir. “xxxx” MMC tərəfindən verilmiş 11.10.2020-ci il tarixli, 881 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında 1 baş ana qoyunun orta bazar satış qiyməti 120-130 manat, iki baş ana qoyunun dəyəri 240- 260 manatdır. Hazırki iş üzrə işin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər etimadlı münasibət olmuş, lakin sonradan həmin münasibətlər pozulmuşdur. Münasibətlər pozulduqdan sonra tərəflər arasında uzun müddət məhkəmə mübahisələri olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırki mübahisənin əsası da məhz əvvəlki münasibətlərin normal olduğu zaman yaranmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, 2019-cu ilin mart ayında Cavabdeh İddiaçı 500 manat məbləğində borc pul və 2019-cu il mart ayının 15-də 120 manat dəyərində bir baş ana qoyun almışdır. Lakin Cavabdeh tərəfindən həmin 500 manat borc pul və 120 manat dəyərində bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pul İddiaçı qaytarılmamışdır. 2019-cu ilin mart ayında Cavabdeh İddiaçı 500 manat məbləğində borc pul və bir baş qoyun alması cavabdeh tərəfindən də mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. - 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, cavabdeh apellyasiya şikayətində iddiaçıdan 500 manat məbləğində borc pul və bir baş nisyə qoyun aldığını etiraf etsə də, həmin borcun sələmə (faizlə) verildiyini və qaytardığını israr edir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq, cavabdeh həmin pulun və qoyunun qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. İkincisi, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin izhatına münasibətdə kollegiya bildirir ki, onun izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki iş üzrə iddianın qiyməti 2000 manatdan az olduğundan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(019)- 186/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1223/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1223/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver