Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1224/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf DƏDRX 12 saylı ərazi idarəsinə qarşı “JN 815 F KOD 40309028 saylı şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması, vərəsəlik hüquq, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-332/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-815 F KOD 40309028 saylı şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Qax rayonu Qaxingiloy kəndində yaşayır. Atası və anasına Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə 0.12 həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin həyətyanı sahəyə və üzərində yerləşən fərdi yaşayış evinə hazırda Çıxarış ala bilmir. Həmin həyətyanı sahədə qardaşı Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. O, bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə çıxarış almaq üçün müraciət etmişdir. Həmin idarədə ona məxsus olan həmin torpaq sahəsinə gedib ölçü işləri aparmaq istəyən zaman qardaşı və ailəsi mane olmuşlar. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin işçiləri ölçü aparmaqdan imtina etmişlər. Ata və anasına məxsus olan ərazinin 0.12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə ona çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən JN-815 F KOD 40309028 saylı şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-332/2022 saylı qətnaməsi (hakim M.Qarayev) ilə iddia təmin edilməsi, JN-815F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X4 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-815F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsi X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Belə ki, həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçıya və cavabdehə miras qalmışdır. Fərdi yaşayış evi iddiaçının anası tərəfindən ona vəsiyyət edilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəlik işləri ilə bağlı əməliyyat aparılması üçün Çıxarış ala bilmir. İddiaçı bununla bağlı DƏDRX-nin 12 saylı Ərazi idarəsinə müraciət etmiş, həmin idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə və fərdi yaşayış evinə gedib ölçü işləri aparılan zaman cavabdehlər tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törədilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, JN-815F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X4 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1,217.4, 218.1- maddələri əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə qiymət verərkən, iddiaçının hansı səbəblərdən qanunla müəyyən edilmiş müddətdə miras payını qəbul etməklə bağlı nəzərdə tutan 3 aydan tez 6 aydan gec olmayan müddətdə notariat ofisinə ərizə ilə müraciət edib uyğun şəhadətnamənin almadığını, habelə mirasa dair vərəsəliyin qəbul edilməsi üçün buraxdığı 7 il müddətininin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpasına dair məhkəməyə müraciət etmədiyinə dair işin həqiqi halları araşdırmamışdır. Bu xüsusatı araşdırmaqdan yayınmaqla məhkəmə uyğun hüquqi qiymət vermək məqsədi ilə mülki mübahisəni obyektiv həll etmək üçün AR Mülki Məcəlləsnin 1246-ci və 1248.1—ci maddələrin tətbiq etmək əvəzinə, qanunsuz olaraq eyni məcəllənin digər maddələrini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının göstərdiyi dəlillərə tənqidi yanaşmayaraq, vərəsə kimi onun əri Cavabdeh1 miras mülkündə birgə yaşamaqları ilə onu qəbul edib faktiki idarə etməklərin dair işin həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmayıb. Digər tərəfdən mərhum X3 vəfatından xeyli əvvəl yəni 15 dekabr 2010-ci ildə, iddiaçı ilə deyil onunla birgə yaşadığı halda, xəstə və anlaqlı olmadığı vəziyyətdə notariat orqanına getməyə belə praktiki imkanı olmadığı zamanı yazıb –oxuya bilməyən şəxsə vəsiyyətnamənin onun iradə ifadəsinə zidd olmasına dair göstərdikləri xüsusatlarda mötəbər dəlil olmaqla belə obyektiv araşdırılmayıb. Məhkəmə kollegiyasının diqqətini bu xüsusatın araşdırılmasına cəlb etmək üçün bildirir ki, sözügedən vəsiyyətnamə sübüt növü kimi qanunu pozmaqla əldə olunub və dolayısı ilə iddiaçın hüququnun yarandığı görüntüsünü yaratmaq məqsədi daşıyır. Zənn edir ki, şikayət olunan qətnamə, iş üzrə mövcud və məhkəmədə müqayisəli tədqiq edilmiş sübutlarla deyil subyektiv mülahizələrə əsaslanmışdır ki, bu xüsusatda işin mahiyyətinə təsir edən kobud prosessual pozuntu olmaqla, qətnamənin əsassızlığını göstərir və apellyasiya qaydasında ləğvi üçün əsasdır. Birinci instansiyası məhkəməsi onunla münasibətdə ədalət hüququna başdansovdu münasibət sərgiləyb, iddianın qanunsuzluğuna dəlalət edən qeyd olunan dəlilləri nəzərə almayıb. Subyektiv mülahizələrə istinad etmiş və işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan hallan, tərəflərin mübahisə ilə bağlı münasibətlərini araşdırmadan prosessual pozuntulara yol verib yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallara dair dəlilləri, vəsiyyətnamə adlı sənədi məhkəmə baxışlarında tədqiqi etməkdən yayınaraq iddiaçının söylədiyi subyektiv mülahizələrə əsaslanmış, mülki mübahisəni qanuni və ədalətli həll etməmişdir. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.3-cü bəndinə əsasən məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, o, Qax rayon məhkəməsinin 2(024)-332/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının rədd edilməsi üçün mülki işin apellyasiya qaydasında yoxlanılıb yeni qətanamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi Qax rayon məhkəməsinin 2(024)-332/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 digər Cavabdeh2 izahatını təstiqləyərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Qax rayon məhkəməsinin 2(024)-332/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qax rayon məhkəməsinin 2(024)-332/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-332/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-815F, KOD 40309028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsi X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. X6 xx.xx.2015-ci ildə ölmüşdür. X6 xx.xx.2015-ci ildə ölmüşdür. 15 dekabr 2010-cu il tarixli vəsiyyətnamə ilə X5 harada yerləşməsindən və nədən asılı olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını o cümlədən Qax rayonunun Qax-İngiloy kəndində yerləşən fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı vəsiyyət üzrə mirası qanunla müəyyən edilmiş, müddətdə və qaydada qəbul etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarında iddiaçının mirası qəbul etməsinə dair heç bir sübut yoxdur. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı mirası vərəsə olaraq miras əmlaka sahiblik etməmiş, həmin əmlakı idarə etməmiş, mirası qəbul etməsi barədə notariat orqanına müraciət etməmişdir. Məhkəmə kollegiyası iddiaçının miras əmlakı faktiki qəbul etməməsi barədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edir. Belə ki, iddiaçı məhkəmə kollegiyasının ona verilən suallarına cavab olaraq bildirmişdir ki, o, mirasa nə faktiki sahiblik etmiş, nə də bununla bağlı notariusa müraciət etməmişdir. 18 yaşında (təqribən 1974-cü ildə) ailə qurub gəlin köçdüyü gündən mübahisəli evi tərk etmiş və ər evinə getmişdir. Ailə qurduqdan sonra o evdə yaşamamışdır. Eyni zamanda 6 ay müddətində notariat orqanına müraciət etməmişdir. Göründüyü kimi iddiaçı miras əmlakı nə faktiki, nədə ki rəsmi üsulla qəbul etməmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. Ona görə də kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-332/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-332/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı tərəf DƏDRX 12 saylı ərazi idarəsinə qarşı “JN 815 F KOD 40309028 saylı şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavabdehlər tərəfindən edilmiş manelərin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1224/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1224/2022
17.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver