Məhkəmə qərarları › İş №2(107)-1226/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1226/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1226/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Zamin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)-322/2023 nömrəli qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh Zamin arasında 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 1510.33 manat faiz borcu olmaqla, cəmi 19237.78 manat məbləğində pulun və ödənilmiş 148.11 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda bank və digər cavabdeh Zamin arasında 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 19.5% dərəcəsi ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Zamin ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin borcalan Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. Nəticədə, iddiaçı cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında 19 noyabr 2021-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 19.5% dərəcəsi olmaqla 48 ay müddətinə 20.000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər cavabdeh Zamin isə 19 noyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.

8. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən Zamin da bank qarşısında borcalan Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır.

9. Məhkəmə tutulmalı pul məbləğinin miqdarı ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyi ilə təsdiq edildiyi kimi cavabdeh tərəfindən banka cəmi 4944 manat məbləğində ödəniş edilmiş, ödənilmiş pulun 2322,71 manatı əsas borca, 2621,29 manatı isə faiz borcuna silinmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin banka 17677.29 manat əsas borcu qalmışdır.

10. Məhkəmə faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, ekspert rəyində faiz borcu xx.xx.2023-cü il tarixinə hesablanaraq 1589,48 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti bitmədiyinə görə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu müəyyən edilməlidir. Ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixədək ümumilikdə banka ödənilməli olan faiz borcu 4976,28 manat təşkil edir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin 2621,29 manatı faiz borcuna silinmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin banka xx.xx.2023-cü il tarixədək olan faiz borcu 2538 manat məbləğində müəyyən edilməlidir.

11. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 17677.29 manat əsas kredit borcu, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.

12. Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)-322/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 (on yeddi min altı yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 2538 (iki min beş yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pulun alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pulun alınıb «Expressbank” ASC–yə verilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 385, 442, 448, 470, 472, 739 və 741-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə kreditdən istifadəyə görə illik 19.5% dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

15. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Zamin arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır.

16. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 20000 manat məbləğində pulu şəxsən almışdır.

17. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur.

18. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində borcu yaranmışdır.

19. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə banka ümumilikdə xx.xx.2022-ci il tarixədək 4944 manat məbləğində ödəniş aparılmış, ödənilmiş pulun 2322,71 manatı əsas borca, 2621,29 manatı isə faiz borcuna silinmişdir.

20. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 mart 2023-cü il tarixli, 9/941 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu əsas borc üzrə 17677.29 manat, faiz borcu üzrə 1589.48 manat məbləğində müəyyən edilir.

21. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Zamin аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Zamin apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, əsassız olaraq iddia tələbi ona münasibətdə təmin edilmişdir.

23. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, iddia ərizəsinin surəti ona təqdim edilməmiş, cavabdeh tərəf olaraq iştirakı qanunsuz olaraq təmin edilməmişdir. Bu isə hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır.

24. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)- 322/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zamin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

27. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan: 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.1-ci mаddələrinə əsаsən prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2.2--ci mаddələrinə əsаsən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)- 322/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, o cümlədən bu qətnamənin 33-cü bəndində qeyd edilən əsaslarla, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı cavabdeh Zamin aid hissədə qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

33. Mülki işin materiallarından görünür ki, iş üzrə 27 dekabr 2022-ci ilə təyin olunmuş məhkəmə hazırlıq iclası cavabdeh Zamin iştirakının təmin edilməsi üçün 19 yanvar 2023cü ilə təxirə alınmış, bu barədə tərəflərə məhkəmə bildirişləri göndərilsə də, cavabdeh Zamin adına Bakı şəhəri Yasamal rayonu, X4, bina 21, mənzil 25 ünvanına göndərilmiş poçt zərfi həmin ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. 19 yanvar 2023-cü ildə baş tutmuş məhkəmə hazırlıq iclası cavabdeh Zamin iştirakı olmadan keçirilməklə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertiza təyin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(051)-322/2023 nömrəli qərardadı tərəflərə göndərilsə də, cavabdeh Zamin adına yenə həmin ünvana göndərilmiş poçt zərfi həmin ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. Həmin məhkəmənin 7 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, məhkəmə qərardadı yenə eyni ünvana göndərilmiş və həmin ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. 27 aprel 2023-cü ildə cavabdeh Zamin iştirakı olmadan keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmə baxışı 23 may 2023-cü ilə təyin edilmiş, bu barədə məhkəmə bildirişi bir daha eyni ünvana göndərilmiş və həmin ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. Nəticədə 23 may 2023-cü ildə yekun məhkəmə baxışı keçirilmiş və cavabdeh Zamin məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh Zamin tərəfindən verilsə də, apellyator hazırki iş üzrə zamin olmaqla, iddiaçı qarşısında digər Cavabdeh ilə birgə məsuliyyət daşıdığından, kollegiya hesab edir ki, hazırki mübahisənin predmeti bölünməzdir və qətnamə Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 372.6-cı maddəsinə əsasən tam yoxlanılmalıdır.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 22-ci bəndində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Belə ki, apellyator məhkəmə qətnaməsinin düzgün əsaslandırılmadığını qeyd etsə də, göstərdiklərini konkret hallarla əsaslandırmamışdır. O cümlədən, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni bu qətnamənin 6-11-ci bəndlərində göstərilmiş dəlillərlə əsaslandırmışdır.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh Zamin aid hissədə qismən təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)-322/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 (on yeddi min altı yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 2538 (iki min beş yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pul alınıb «Expressbank” ASC–yə verilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(051)-322/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 (on yeddi min altı yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 2538 (iki min beş yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pul alınıb «Expressbank” ASC–yə verilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar