Məhkəmə qərarları › İş №2(107)-1227/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1227/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1227/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı aralarında olan nikah xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə № 92 ilə qeydə alınmışdır.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə Mələk adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır.

3. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı qətnaməsində görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 156 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Mələk adlı uşağın cavabdeh İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir.

4. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı icra vərəqəsindən görünür ki, boşanmadan sonra xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Mələk adlı uşağın cavabdeh İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir.

5. İş materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh hər iki diz oynağının iki proyeksiyada oynaq yarığının daralması, oynaq səthinin relyef kobudlaşması-artrozu, oynaq daxilindən və diz qapağından inkişaf etmiş osteofitler müşahidə olunur.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Şəkərli diabet orta ağır forması diaqnozu ilə qeydiyyatdadır.

7. İş materiallarında olan təhsil haqqı ödəniş cədvəlindən görünür ki, 8-ci sinif şagirdi X2 təhsil haqqı cəmi 1420 manat təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, yetkinlik yaşına çatmayan 24 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsi və mediasiyaya xərclənmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahdan 24 iyun 2011-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı Cavabdeh ilə İddiaçı arasında xx.xx.1994cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 156 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra xx.xx.2011-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Mələk adlı uşağın cavabdeh İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatının ödənilməsi üçün kifayət deyildir. Uşaq orta məktəbdə təhsil alır əlavə olaraq kurslara getdiyinə görə xərcləri artmışdır. Ona görə də yetkinlik yaşına çatmayan 24 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsi və mediasiyaya xərclənmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək yetkinlik yaşına çatmayan 24 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 280 manat müəyyən edilməsi və mediasiyaya xərclənmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, əvvəlki qətnamə çıxarılan zaman 540 manat pensiya alırdı, 140 manat aliment təyin edilmişdir. O, hazırda 600 manat pensiya məbləğindən cəmi 170 manatı ona çatır. Çünki, onun pensiyasının 70 faizinə yəni 430 manatını yönəldiblər. Belə olan halda o, 170 manat vəsaitlə necə dolansın. Onun heç bir imkanı yoxdur ki, həm alimentin artırılmasına, həm də təhsil haqqının yarısını ödəsin. O, yalnız hər ay 160 manat ödəyə bilər.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək hazırk qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 iyun 2011-ci il təvəllüdlü X3 adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləği həddində müəyyən edilməsi, həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. İddiaçı Həsənova X1 Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)- 1173/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək alimentin miqdarını 180 manat miqdarında müəyyən etmişdir. Əlbəttə uşaq hüquqları daha üstün olduğundan məhkəmə Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununu rəhbər tutub alimentin miqdarını 235 manat müəyyən etməli idi. Həmin Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə 235 manat alimentin təyin edilməməsinin əsaslarını qeyd etməmişdir. Qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqların əlavə xərclərində də iştirak etməlidirlər. Lakin işə baxan məhkəmə uşağın təhsil haqqı üçün ödənilməli olan məbləğin yarısını cavabdehdən tutmayaraq maddi hüquq normasını pozmuşdur. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnaməsi qismən - iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı tərəf qətnamənin iddianın təmin edilməyən hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 34. Nikah hüququ (...) İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

İnsan hüquqlarına dair Ümumi Bəyannamə

22. Maddə 25, 2-ci bənd. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

23. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

25. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

27. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

28. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlilli aliment məbləğinin müəyyən edilməsi ilə bağlıdır.

43. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 24 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 185 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qət etmişdir.

44. Ailə qanunvericiliiyinin tələbinə görə, alimentin sabit pul məbləğində, həm də qazancdan (gəlirdən) hissə ilə tutulmasına yol verilir.

45. Qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində cavabdehdən tutulan alimenti 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə dəlilini ilk növbədə uşağın saxlanması üçün yaşayış minimumunun 235 manat müəyyən olunması ilə əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası tərəflərin birgə nikahdan olan uşağın mənafeyini, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyini, uşağın tərbiyəsi, təhsili, onun fiziki və mənəvi inkişafı ilə bağlı tələbatlarının artması dinamikasını, uşağın iddiaçının yanında qalmaqla hüquqlarının üstün mühafizə prinsipini, həmçinin cavabdehin maddi vəziyyətini, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının çətinlik törədərək iddiaçının marağını pozduğunu nəzərə alır və belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ayda 235 manat məbləğində alimentin alınıb verilməsinin tam həcmdə təmin edilməsi məqsədə müvafiq deyildir.

47. Birinci instansiya məhkəməsi aliment məbləğinin 185 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(051)-1940/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 24 iyun 2011-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 185 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır.

48. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

49. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır.

50. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər ay 185 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

51. Onu da qeyd etmək lazım gəlir ki, hər il yaşayış minimunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Uşağı saxlamaq hər iki valideynin borcudur və uşağın saxlanması üçün yaşayış minimumu xərcinin təkcə valideynin biri tərəfindən ödənilməli olması barədə bəyanı əsassızdır.

52. Eyni zamanda, kollegiya vurğulayır ki, alimentin əvvəlki məbləğinin təyin edilməsindən kifayət qədər uzun müddət (təxminən 3 il) keçmiş, uşaq böyümüş, onun təhsili, eyni zamanda fiziki və mənəvi inkişafı ilə bağlı tələbatları artmışdır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

54. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

57. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

60. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tаrixli, 2(051)-1173/2024 saylı qətnаməsi mübahisələndirilən - iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar