Məhkəmə qərarları › İş №2(107)-123/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-123/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu, Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-144/2019 nömrəli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 12605.22 ABŞ dolları əsas kredit borcunu, 3988.21 ABŞ dolları faiz borcunu, 5750.22 ABŞ dolları cərimə borcunu, cəmi 22343.65 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay şəhəri H.Hacıyev küçəsi 0.023 ha torpaq sahəsində yerləşən 41A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-144/2019 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 026R********** saylı kredit razılaşması 12605,22 ABŞ dolları əsas kredit borcu, 3988,21 ABŞ dolları faiz borcu, 5.22 ABŞ dolları cərimə borcu, cəmi 16598.65 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Göyçay şəhəri H.Hacıyev küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməsi, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 200 manat məbləğində pul Cavabdeh1dan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, kredit borcuna görə hesablanmış faizləri yenidən hesablamaqla azaldılması barədə, ipoteka predmetinin qiymətinin yenidən müəyyən edilməsi ilə hazırki bazar qiymətlərinə uyğun ipoteka qiymətləndirilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2011-ci il tarixdə bağlanmış sazişlə kredit xətti müqaviləsi 180 ay müddətinə uzadılmış, kredit xəttinin məbləği isə 50000 ABŞ dolları məbləğinədək artırılmışdır. xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 16000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 026R**********S saylı, xx.xx.2016-cı il tarixli 026R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3394.78 ABŞ dolları ödəmiş, 12605.22 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 xx.xx.2018ci il tarixə 333 gün üçün hesablanmış faiz borcu 3988.21 ABŞ dolları və 5750.22 ABŞ dolları cərimə borcu təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında xx.xx.2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2011ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus Göyçay şəhəri H.Hacıyev küçəsi 0.023 ha torpaq sahəsində yerləşən 41A saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə kredit xətti müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından banka olan borcunu tam olaraq ödəyə bilməmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-144/2019 nömrəli qətnaməsini faiz borcu, fərdi yaşayış evi satıldıqdan bir ay ərzində boşaldılması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi hissəsində qanunsuz və ədalətsiz hesab edir. Belə ki, materiallardan göründüyü kimi faiz borcu İddiaçı QSC tərəfindən düzgün hesablanmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan deyil faiz və cərimədən silinmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin mühasibatlıq ekspertizasının rəyi kifayət qədər aydın olmamış, ekspert qoyulmuş sualları tam həll etməmişdir. Rəydə boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ehspertizası təyin edilməli olduğu halda məhkəmə əlavə məhkəmə ekspertizası təyin etməmişdir. Bundan başqa Cavabdeh1 müıkiyyətində olan Göyçay şəhəri H.Hacıyev küçəsində yerləşən 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat müəyyən edilmişdir. Halbuki fərdi yaşayaış evinin real bazar qiyməti 85.000 (səksən beş min) manatdır. Ona görə də hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-144/2019 nömrəli qətnaməsi faiz borcu, fərdi yaşayış evi satıldıqdan bir ay ərzində boşaldılması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi hissədə ləğv edilməli, İddiaçı QSC-nin Cavabdeh1 qarşı iddiası faiz borcu və fərdi yaşayış evi satıldıqdan bir ay ərzində boşaldılması hissədə əsassız olduğu üçün təmin edilməməli, ipoteka predmeti olan fərdi yaşayış evinin əsaslı təmir olnması nəzərə alınmaqla və həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin məqsədi bu cür şikayətlər verməklə işi süni şəkildə yubatmaqdır. Bundan əlavə göründüyü kimi cavabdeh apelyasiya şikayətində əsas borcu deyil, yalnız hesablanmış faizi, həmçinin əmlakın dəyərini mübahisələndirmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də apelyasiya şikayətini əsassız hesab edir və sonuncu qiymətləndirmə rəinə uyğun yeni qətnamə çıxarılmasını məjkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh (apelyator) Cavabdeh1 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin iddia ərizəsində qeyd olunmuş 050 730 28 22 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfln iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.. Azrbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx xxxx 2011-ci il tarixli sazişdən görünür ki, kredit xəttinin müddəti 180 ay müddətinə uzadılmış, kredit xəttinin məbləği isə 50.000 ABŞ dolları müəyyən edilmişdir. xx xxxx 2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 16000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx xxx 2016-cı il tarixli razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.75 faiz dərəcəsi ilə faizlər hesablanmalı və sazişə əlavə olunmuş xx xxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödənilməlidir. Həmin saziş Cavabdeh2 tərəfindən imzalanmamışdır. xx xxxxxxx 2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixdə bağlanmış kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.75 faiz dərəcəsi ilə faizlər hesablanmalı və sazişə əlavə olunmuş xx xxxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödənilməlidir. Həmin saziş Cavabdeh2 tərəfindən imzalanmamışdır. xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh Göyçay şəhəri H.Hacıyev küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Göyçay şəhəri H.Hacıyev küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır Bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Cavabdeh1 Göyçay şəhəri H.Hacıyev küçəsində mülkiyyətində olan 0.023 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 35000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 8774 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri, “kreditin statusu” vərəqəsinin məlumatları; xx xxxx 2015-ci il tarixli “Saziş” və xx xxxxxxx 2016-cı il tarixli “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2018ci il tarixə (iddia tarixinə) banka olan əsas borc üzrə 12605.22 ABŞ dolları və faiz borcu üzrə 3.988,21 ABŞ dolları olmaqla, cəmi 16.593,43 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. Apelyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli LF 08 nömrəli rəydən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 68.9 kv.m yaşayış, 48.1 kv.m yardımçı, 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə real bazar qiyməti 40000 manat, likvid dəyəri isə 33000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apelyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmış və əmlakın yenidən qiymətləndirilməsini təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinə və x xxxx 2015-ci il tarixli kredit razılaşmasının yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, zaminlər kredit raşılaşma müqaviləsi üzrə tərtib olunmuş ödəniş planı (ödəniş qrafiki) ilə tanış edilmiş və sonuncular ayrı-ayrılıqda imza etməklə ödəniş planı ilə tanış olduqlarını və etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini lazımınca yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 465.2. maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, X3 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan əvvəl də qeyd olunduğu kimi Cavabdeh1 apelyasiya şikayətində iddia tələbində qeyd olunmuş ipotekanın qiymətini mübahisələndirmiş, lakin şikayətinin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəyə təqdim etməmişdir. Apelyasiya icraatı zamanı ipotekanın hazırki real bazar dəyərinin yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli LF 08 nömrəli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 68.9 kv.m yaşayış, 48.1 kv.m yardımçı, 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə real bazar qiyməti 40000 manat, likvid dəyəri isə 33000 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehlər qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cаvаbdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(046)-144/2019 nömrəli qətnaməsi ipoteka predmetinin dəyərinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-144/2019 nömrəliqətnaməsi“ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0.023 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 68.9 kv.m yaşayış, 48.1 kv.m yardımçı, 117 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyəri 33000 (otuz üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar