Məhkəmə qərarları › İş №2(107)-123/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-123/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh1 mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 51,8 kv.m yaşayış sahəsini və həmin yaşayış sahəsinin yerləşdiyi 0,0375 ha torpaq sahəsini 45.000 manata 07 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin təxminən dekabr aynda həmyerlisi olan Cavabdeh1 ondan 11.000 manat məbləğində pul alaraq yaxın qohumu olan X2 torpaq sahəsini alaraq ona verəcəyini bildirmişdir. O, torpağa görə 15000 manat pul istəmiş, Cavabdeh1 ona pulun 4000 manatını özü vercəyəni qalan 11.000 manatın onun verməli olduğunu bildirmişdir. Buna görə də o razılaşıb 11.000 manatı Cavabdeh1 təqdim etmişdir. Lakin dəfələrlə Cavabdeh1 və X1 pulunu tələb etsə də, pulu ödəməkdən imtina etmişlər. Cavabdeh1 ilə mübahisə barədə aralarında səsyazma mövcuddur. Səsyazma pulun alınmasını təsdiq edir. Eyni zamanda Cavabdeh2 hazırda vəfat etmişdir. Onun oğlu Cavabdeh2 onun qanuni vərəsəsi kimi tanınmışdır.xx.xx.2021-ci ildə Ağdaş rayon Notariat Ofisində vərəsəlik işi açılmış miras qəbul olunmuşdur. Cavabdeh2 hazırda vərəsəsi kimi ona qarşı yönəldilməsi olan tələbə cavab verməlidir. Cavabdeh2 vəfat etmiş mərhum X2 vərəsəsi kimi tanındığından ona qarşı iddia qaldırmaq hüquqları var və hazırda həmin hüququndan istifadə edir. Onun miras kimi qəbul etdiyi əmlak tələb etdiyi borcdan çoxdur. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(014)- 1058/2022 nömrəli iş üzrə qəbul etdiyi 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 11.000 (on bir min) manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş telefon danışıqlarının stenoqramından görünür ki, Cavabdeh1 11.000 manat pul aldığını etiraf etməklə, 10.000 manat hissəsini qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 İddiaçı 11.000 manat məbləğində pul alaraq yaxın qohumu olan X2 torpaq sahəsini alaraq ona verəcəyini bildirmişdir. Cavabdeh1 İddiaçı 11.000 manat məbləğində borcu vardır. İddiaçı Cavabdeh1 verdiyi pulu geri istəsə də, Cavabdeh1 iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1096.1, 1097.1, 777.1, 777.2, 779.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı 07 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 51,8 kv.m yaşayış sahəsini və 0,0375 ha torpaq sahəsini 45.000 manat Cavabdeh1 almışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra alıcıya məlum olur ki, aldığı torpaq sahəsinin bir hissəsini Cavabdeh1la bir həyətdə yaşayan dayısı X5 zəbt etmişdir və uzun illərdir ki, onlar arasında həmin torpağa dair mübahisə mövcuddur. İddiaçı, Cavabdeh1 Adil Cəlilovla danışaraq zəbt edilmiş torpağın ona qaytarılmasını tələb edir. Cavabdeh1 isə dayısı ilə küsülü olduğundan bunu edə bilməyəcəyini bildirir (bu fakt məhkəmə iclasları zamanı Adil Cəlilovun oğlu Cavabdeh2 tərəfindən də etiraf edilmişdir). Onda iddiaçı özü Cavabdeh2 müraciət edərək torpağın ona qaytarılmasını xahiş edir. Cavabdeh2 isə öz növbəsində məsələlərin məhkəmədən kənar həlli kimi torpağı iddiaçıya könüllü qaytarmaq üçün ondan 15.000 manat pul tələb edir. Bundan sonra iddiaçı, Cavabdeh1 torpağı ona satarkən onu aldatmaqda təqsirləndirərək ondan 45.000 manat pulun 15.000 manatını qaytarmağı tələb edir. Öncə Cavabdeh1 bununla razılaşmır. Belə olduqda iddiaçı onu dələduzluqda ittiham edərək, dəfələrlə polisə verəcəyi ilə hədələyir və sonra deyir ki, tələb etdiyi pulun 5.000 manatını özü ödəyəcək, qalan 10.000 manatı isə Cavabdeh1 tələb edir. Təbiətcə sakit bir adam olan Cavabdeh1 nəhayət iddiaçının təzyiqlərinə dözməyərək onun tələbi ilə razılaşır. Lakin sonradan hüquqşünasla danışaraq buna borclu olmadığını öyrənir və 11.000 manatı iddiaçıya qaytarmaqdan imtina edir. Belə olduqda 07 iyul 2021-ci il tarixdə iddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı mülkiyyətin bərpası və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, o cümlədən Cavabdeh1 qanunsuz hərəkətləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Həmin işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi perspektivi yoxdur. Bundan sonra iddiaçı hazırki tələbini irəli sürür. İddiaçının alğısatqı müqaviləsinə əsasən Cavabdeh1 verdiyi 45.000 manat pulun 15.000 manatını ona qaytarmayacağı təqdirdə onu polislə qorxutması faktı iddiaçının xx.xx.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi ilə təsdiqlənir. Belə ki həmin iddia ərizəsi üzrə iddiaçının tələblərindən biri Cavabdeh1 barəsində xüsusi qərardadın çıxarılması idi. Məhkəmə hazırki mübahisəyə borc münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışdır. Qətnamədən apelyasiya şikayəti vermiş Cavabdeh1 tərəfindən şikayətində qətnamənin tam ləğvi xahiş edilmiş, lakin apellyator qətnaməni iddianın ona münasibətdə təmin edilməsi hissəsində mübahisələndirmişdir. Bu səbəbdən Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, hazırda apelyasiya qaydasında baxılan iş üzrə iddiaçı, 88 kv.m torpaq sahəsinə görə ödədiyini iddia etdiyi 11.000 manat məbləğində pulun qaytarılmasını cavabdehdən tələb edir. İddiaçı həmin pulun Cavabdeh1 verilməsinin səbəbini onunla izah edir ki, Cavabdeh1, dayısı, mərhum Adil Cəlilova məxsus 88 kv.m torpaq sahəsinin ona satılmasına Adil Cəlilovu razı salacağını vəd etmişdir. Adil Cəlilovun torpağa görə tələb etdiyi 15.000 manat pulun 4.000 manatını Cavabdeh1 özünün verəcəyini, 11.000 manatının isə iddiaçının verməli olduğunu bildirmişdir. İddiaçı 11.000 manatı Cavabdeh1 versə də, torpaq sahəsi iddiaçıya satılmamış, torpağa görə verilmiş pul da ona qaytarılmamışdır. Məhkəmə, tərəflər arasında mülki mübahisənin həlli ilə bağlı bildirir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. İddiaçı dəlillərinin təsdiqi məqsədilə məhkəməyə iki şahid ifadəsi və onunla Cavabdeh1 arasında olan səs yazısını təqdim etmişdir. İlk növbədə şahid ifadələrinə qiymət verən Məhkəmə hesab edir ki, həmin ifadalərlə bildirən məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğuna görə, bu ifadələr mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısıdır. Bir gün dayısı ona zəng etmiş və onu gəlib götürərək bir yerə getmək lazım olduğunu demişdir. O da gəlib dayısını götürüb Məhərrəm adlı şəxsgilə getmişlər. Həmin evin yanında dayandıqda Rəşid adlı şəxs də orda olmuşdur. İçəri daxil olduqdan sonra dayısı, Məhərrəm və səhv etmirsə Rəşid də yaşlı bir kişi ilə söhbət etmişlər. Həmin yaşlı kişi böyük məbləğ istəmiş, dayısı razılaşmamışdır. O, dayısı, Məhərrəm və Rəşid restorana getmişlər. Sonradan Məhərrəm 11.000 manata razılaşdıracağını demişdir. O, 3.000 manatı dayısına vermişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Faiq həkimlə (hazırki iş üzrə iddiaçı) dostluq münasibətlərindədir. Bir neçə il bundan əvvəl restoranda onun və bacısı oğlu Elvirin yanında 11.000 manat pul Cavabdeh1 verilmişdir. Həmin pulun 4.000 manatını o, 3.000 manatını isə həkimin bacısı oğlu Elvir vermişdir. Pul torpaqla bağlı verilmişdir. Göründüyü kimi, birinci şahid (X3) ifadəsində restorana getməmişdən əvvəl dayısı İddiaçı xahişi ilə birlikdə Məhərrəmgilə getdiklərini, orada Rəşidin (ikinci şahid) də olduğunu, içəri keçdikdən sonra dayısı, Rəşid və Məhərrəmin yaşlı kişi ilə danışdıqlarını, kişinin böyük məbləğdə pul istədiyini, dayısının isə onunla razılaşmadığını bildirmişdir. Lakin iş üzrə dindirilmiş ikinci şahid (X4) Məhərrəmgilə getməsi, orada “yaşlı bir kişi ilə” söhbət etməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Halbuki, şahidin ifadəsi ilə desək “bir neçə il bundan əvvəl” restoranda konkret məbləğlər göstərilməklə Cavabdeh1 pulun verildiyini bildirən şahid üçün bu halın unudulması qeyri-mümkündür. Bundan başqa, Cavabdeh1 evində birlikdə olarkən iddiaçının Elvir Ağayevdən 3.000 manatı, Rəşid Quliyevdən isə 4.000 manatı alıb Məhərrəmə verməsi üçün şəraitin həmin pulun restoranda verilməsindən daha məqbul olmasını nəzərə alan Məhkəmə, şahidlərin məhkəməyə bildirdikdərini həqiqət kimi qəbul etmir. Şahid ifadələrinin həqiqiliyinə Məhkəmədə şübhə yaradan digər hal isə İddiaçı heç bir xahişi olmadan, adi bir gündə buna zərurət olmadan (alış-veriş etmək və s.) Elvir Ağayev və Rəşid Quliyevin üzərində böyük məbləğdə pulun olmasıdır. Məhkəmə qeyd edir ki, şahid ifadələri bir-birini tamamlamaqla yanaşı, həmin şəxslər iddiaçı ilə yaxın münasibətdə (Elvir Ağayev iddiaçının bacısı oğlu, Rəşid Quliyev iddiaçının yaxın dostudur) olan şəxslərdir və işin nəticəsinin iddiaçının xeyrinə həll olunmasında maraqlıdırlar. Bu səbəbdən Məhkəmə Elvir Ağayev və Rəşid Quliyevin iştirakı ilə Cavabdeh1 11.000 manat məbləğində pulun verilməsi barədə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Bunlardan başqa, Məhkəmə hesab edir ki, iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi səs yazısı da iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, işdə olan sözügedən səs yazısının məzmunundan məlum olur ki, Cavabdeh1 iddiaçıya torpaq satmışdır. Daha sonra bu alğı-satqı ilə bağlı onlar arasında söz-söhbət olmuşdur. Cavabdeh1 dayısı Adil Cəlilovda olan toraq sahəsini də iddiaçıya verəcəyini söz vermiş, lakin Adil Cəlilov onlardan 15.000 manat pul tələb etmişdir. İddiaçı da Cavabdeh1 təklif etmişdir ki, 11.000 manat gətirsin məsələni həll etsinlər. Göründüyü kimi, qeyd olunan səs yazısında iddiaçının Cavabdeh1 11.000 manat verməsi barədə hər hansı ifadə işlədilmiş, Cavabdeh1 da iddiaçıdan bu məbləğdə pulu almasını təsdiq etməmişdir. Səs yazısında Cavabdeh1 iddiaçıya 10.000 manat pul vermək üçün əlindən gələni etməsi əks olunmuşdur. 10.000 manat pulun iddiaçıya verməli olması barədə məsələyə aydınlıq gətirən Cavabdeh1 izahatından məlum olur ki, onunla iddiaçı arasında 07 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 51,8 kv.m yaşayış sahəsini və 0,0375 ha torpaq sahəsini 45.000 manata iddiaçıya satmışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur ki, aldığı torpaq sahəsinin bir hissəsini Məhərrəmin dayısı Adil Cəlilov zəbt etmişdir. İddiaçı, Cavabdeh1 Adil Cəlilovla danışaraq zəbt edilmiş torpağın ona qaytarılmasını tələb etmiş, Cavabdeh1 dayısı ilə küsülü olduğuna görə məsələni həll edə bilməmiş, bundan sonra iddiaçı Adil Cəlilova müraciət etmişdir. Adil Cəlilov isə torpağı qaytarmaq üçün iddiaçıdan 15.000 manat istəmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 torpağı satarkən onu aldatmaqda təqsirləndirərək ondan 45.000 manat pulun 15.000 manatını qaytarmağı tələb etmişdir. Cavabdeh1 bununla razılaşmadıqda iddiaçı onu dələduzluqda ittiham edərək, hüquq mühafizə orqandarına şikayət edəcəyi ilə hədələmişdir. Daha sonra iddiaçı bildirmişdir ki, Adil Cəfərovun tələb etdiyi vəsaitin 5.000 manatını özü verəcək, qalan 10.000 manatı isə Cavabdeh1 tələb etmişdir. Əvvəl həmin məbləği iddiaçıya ödəməyə razılıq verən Cavabdeh1, sonradan hüquqşünaslarla məsləhətləşdikdən sonra iddiaçıya pul verməkdən imtina etmişdir. İddiaçı da həm Cavabdeh1, həm də Adil Cəfərova qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 izahatında göstərdikləri işdə olan xx.xx.2021-ci il tarixli iddia ərizəsi, həmin iddia əsasında başlanmış 2(014)-45/2022 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə tam təsdiq edilir. Belə ki, İddiaçı, cavabdehlər Məhərəm Qasımov və Adil Cəlilova qarşı “mülkiyyətin bərpası və torpağın boşaldılması tələbi barədə” iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - X8 rayonu, Heydər Əliyev pr 66 ünvanında yerləşən İddiaçı məxsus 0.0375 ha torpaq sahəsinin zəbt etdiyi 46 kv.m hissəsindən çıxarılsın; - həmin torpaq üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilsin və həmin torpaq sahəsi onun sahibliyinə qaytarılsın; - torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətlərə son qoyulmaqla gələcəkdə bu cür hərəkətlərə yol verilməsi Adil Cəlilov və Cavabdeh1 qadağan edilsin; - Cavabdeh1n qanunsuz hərəkətləri barəsində xüsusi qərardad çıxarılaraq istintaq orqanına göndərilsin. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında özünə məxsus 51,8 kv.m yaşayış sahəsini və 0.0375 ha torpaq sahəsini ona satmışdır. Eyni zamanda Cavabdeh1 satdığı 0.0375 ha torpaq sahəsinə bitişik, uzun illərdir istifadəsində olan 88 kv.m torpaq sahəsini də iddiaçıya satmışdır. İddiaçının Cavabdeh1 ödədiyi pulun məbləği (45.000 manat) də onu təsdiq edir ki, alqı-satqı müqaviləsində göstərilən əmlaklarla yanaşı 88 kv.m torpaq sahəsi də iddiaçıya satılmışdır. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, ona satılan torpaq sahəsi azdır. Məhərrəm bunun səbəbini lap əvvəldən torpaqla bağlı dayısı Adil Cəfərovla mübahisələrinin olduğunu, bu mübahisəyə son qoymaq məqəsdilə isə ona məxsus 0.0375 ha torpaq sahəsinin 32 kv.m. hissəsini, 88 kv.m torpaq sahəsinin isə 48 kv.m hissəsini dayısı Adil Cəfərovun istifadəsinə vermişdir. Lakin Cavabdeh1 alğı-satqı zamanı bütün bunlar barədə iddiaçıya heç bir məlumat verməmişdir. İddiaçı hesab etmişdir ki, bununla Cavabdeh1 onu etibarından suiistifadə edərək onu aldatmış, 45.000 manatını mənimsəməklə, nəzərdə tutulmuş torpaq sahəsindən az torpaq sahəsi vermişdir. İddiaçı həmçinin Cavabdeh1 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi 2(014)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Ağdaş rayonu, Heydər Əliyev pr 66 ünvanında yerləşən İddiaçı məxsus 0.0375 ha torpaq sahəsinin zəbt olunmuş 46 kv.m hissəsindən çıxarılması, həmin torpaq üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması, torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətlərə son qoyulmaqla gələcəkdə bu cür hərəkətlərə yol verilməsinin Cavabdeh2 qadağan edilməsi, məhkəmə xərcinin Cavabdeh2 aid edilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, bağlanmış alqı-satqı müqaviləsinin predmeti yalnız 51,8 kv.m yaşayış sahəsi və 0.0375 ha torpaq sahəsi təşkil edir. Həmin müqavilə üzrə əmlakların alğı-satqı qiyməti 45.000 manat göstərilmişdir. Qeyd olunan vəsait İddiaçı tərəfindən Cavabdeh1 ödənilmişdir. 0.0375 ha torpaq sahəsinə bitişik 88 kv.m torpaq sahəsi Cavabdeh1 məxsus deyil, həmin torpaq sahəsinin alğı-satqı barədə İddiaçı və Cavabdeh1 arasında qanunvericiliyin tələb etdiyi formada müqavilə yoxdur. Göstərilənlərə əsaslanaraq iddianın əsaslılığına qiymət verən Məhkəmə, qeyd edir ki, hazırki mübahisə üzrə iddianı sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh1 dayısı Adil Cəlilova məxsus torpaq sahəsini sonuncudan alaraq İddiaçı verəcəyi və bunun müqabilində iddaçıdan 11.000 manat pul alması barədə iddiaçı tərəfin dəlilləri iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, apellyasiya baxışının predmeti olan hissədə iddiaçının Cavabdeh1 qarşı irəli sürdüyü iddia əsasızdır və təmin edilməməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, mövcüd mübahisənin həllində əsasız varlanma ilə yanaşı borc münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etməklə iş üzrə maddi və prosesssual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı qismən də olsa əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımır, dəlillər əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə də iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar