Məhkəmə qərarları › İş №2(107)-1230/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1230/2021

22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1230/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(075)-625/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 30 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında, alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 15 aprel 2021-ci il tarixli, 2(075)- 625/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh uşaqları 30 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında, alimentin xeyrinə tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(075)-625/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(075)-737/2019 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq 30 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Eyni zamanda uşaq yeddinci sinifdə oxuyur, 4 fənn üzrə hazırlığa gedir. Hər ay hər fənn üzrə 50 manat, cəmi 200 manat pul ödəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 625/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Buna görə də apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Qeyd edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-625/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddiası təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birgə nikahdan anadan olmuş Dilay adlı qızı hazırda onun himayəsindədir. Özü işləsə də cəmi 350 manat məbləğində əmək haqqı alır. Uşaq böyüdükcə onun tələbatları da artır. Aldığı maaş və aliment uşağın normal saxlanılması üçün kifayət etmir. Bildiyinə görə cavabdeh işləyir və 300 manat əmək haqqı alır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onun oğludur. Oğlu iddiaçıdan boşandıqdan sonra ikinci dəfə ailə qurmuş, ikinci ailəsindən də bir uşağı dünyaya gəlmişdir. Cavabdeh 250-300 manat civarında əmək haqqı alır. Məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat məbləğində alimenti çox çətinliklə ödəyirlər. Əvvəlki alimentdə 457 manat borcları qalmışdır. Odur ki, birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(075)-625/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(075)-352/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 sentyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 419 nömrəli nikah pozulması, birgə nikahdan olan uşağı-30 iyul 2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, 30 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(075)-2836/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 110 (yüz on) manat aliment tutularaq 30 iyul 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(075)-737/2019 nömrəli qətnaməsindən görünür ki, 30 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 130 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İV 348404 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01.10.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X1r. Vahid məhkəmə portalından 15.04.2021-ci il tarixdə çıxarılmış vətəndaş haqqında məlumatdan görünür ki, İddiaçı “xxxx” ASCdə kargüzar vəzifəsində işləyir və əmək haqqısı 420 manat təşkil edir. Cavabdeh “Fərid-İnşaat” firmasında elektrik mantyoru vəzifəsində işləyir və əmək haqqısı 300 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə kollegiyası iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh əvvəllər ailəli olmuş və onların birgə nikahlarından 30 iyul 2014-cü il təvəllüdlü X7 adında uşaqları doğulmuşdur. Sonradan onlar arasındakı nikah pozulmuş və hal-hazırda uşaq anasının himayəsindədir. Cavabdeh həmin uşağa görə iddiaçıya məhkəmənin 07 mart 2019-cu il tarixli, 2(075)-737/2019 nömrəli qətnaməsi üzrə hər ay 130 manat aliment ödəyir. Lakin cavabdeh sonradan ikinci dəfə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da X8 adlı əlavə bir uşağı da anadan olmuşdur. Göründüyü kimi hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 130 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Bundan əlavə kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “xxxx” ASC-də kargüzar vəzifəsində işləməklə 350-400 manat civarında əmək haqqı alır və müəyyən gəlirə malikdir. Əksinə Cavabdeh “Fərid-İnşaat” firmasında elektrik mantyoru vəzifəsində işləməklə 300 manat əmək haqqı alır və onun gəliri iddiaçının gəlirindən az olmaqla yanaşı ikinci dəfə ailə qurmaqla həmin nikahdan da 1 uşağı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə cavabdeh təyin edilmiş alimentdən daha artıq məbləğdə aliment ödəmək iqtidarında deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 404-1-ci (kassasiya şikayətinin mümkünlüyü) maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırkı işdə iddianın qiyməti 840 manat ((200-130=70x12=840) təşkil edir. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsinin məcmusu 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(075)-625/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar