Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1231/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab olunması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(019)-161/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş 0,69 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinə dair Balakən rayon Qullar kənd İcra nümayəndəliyində bağlanmış 19.04.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 08 aprel 2021-ci il tarixli, 2(019)- 161/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, 127 mаnаt ekspertiza xərcinin iddiаçı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 saylı qərarı ilə 0.69 ha kənd təsəsrrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş, bunun əsasında cavabdehlərə JN 1153, KOD 40107018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 19.04.2005-ci il tarixdə cavabdehlər ilə aralarında olan razılığa əsasən torpaq sahəsini almaq qərarına gəlmişdir. Bunun üçün cavabdehlər tərəfindən razılıq ərizəsi tərtib olunmuş, ailə üzvlərinə məxsus pay torpaq sahəsinin ona satılmasını razılıq ərizəsində imzaları ilə təsdiq etmişlər. Eyni zamanda Cavabdeh1 tərəfindən torpaq sahəsinin nəğd pula satılmasına dair iltizam verilmiş, həmin iltizam və razılıq ərizələri Balakən rayon Qullar kənd İcra nümayəndəliyində təsdiq olunmuşdur.Torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmişdir. Hal-hazıra kimi torpaq sahəsindən özü istifadə edir. Cavabdehlər ona satmış olduqları torpaq sahəsinin notariat qaydasında alqı-satqısından imtina etmişlər. Buna görə də o, alqı-satqı müqaviləsinin etibarlı hesab olunmasına dair məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Bunun üçün Balakən Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edir. Ona görə də Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(019)-161/2021 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, mübahisəli torpaq sahəsini 2005-ci il tarixdə cavabdehdən almışdır. Lakin həmin vaxtı cavabdehə inandığından müqaviləni notarial qaydada rəsmiləşdirməmişlər. 15 ildən çoxdur ki, həmin torpaqdan o istifadə edir. Bu qədər vaxt keçdikdən sonra cavabdeh gəlib ondan torpaq sahəsini geri tələb edir. Hansı ki, cavabdeh torpaq sahəsini satmasına dair yazılı izahat da verib. Ona görə də Balakən rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasınıı məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş və sonda qeyri-obyektiv qətnamə qəbul etmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsini iddiaçıya satmamış, müvəqqəti icarə vermişdir. İltizamdakı imza ona məxsus olsa da, o həmin hərfləri oxuya bilmir. Əgər torpaq sahəsi satılmış olsaydı notarial qaydada rəsmiləşdirilərdi. Nə qədər ki, notarial qaydada müqavilə yoxdur, deməli torpaq sahəsinin rəsmi qaydada satılmasından söhbət gedə bilməz. Ona görə də Balakən Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: JN-1153 seriyalı KOD 40107018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0.69 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 19.04.2005-ci il tarixdə Cavabdeh1 tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, ”Mən Qullar kənd sakini Cavabdeh1 verirəm həmin iltizamı ondan ötrü ki, mənim ailəmə düşən 0.69 hektar pay torpaq sahəsini Qullar kənd sakini İddiaçı ailəmizin razılığı ilə satmışıq. Texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın haqqı olaraq qabaqcadan 700 000 (yeddi yüz) manat pulu nəğd olaraq İddiaçı aldım. İltizamı imzamla təsdiq edirəm. İmza Akkubayev V “ Balakən rayonu Qullar kənd bələdiyyəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş 116 nömrəli arayışdan görünür ki, Cavabdeh1 məxsus JN-1153 saylı Dövlət aktına əsasən Qullar kəndi ərazisində 0.569 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən İddiaçı istifadə edir və torpaq vergilərini ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş 4/147 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2(019)-161/2021 nömrəli mülki işin 10-cu vərəqində olan 19 aprel 2005-ci il tarixli iltizamda «imza» sözünün qarşısındakı imza, 11-ci vərəqində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinə ünvanlanmış ərizədə «Cavabdeh1 Həybulla) yazısının qarşısındakı və «İmza» sözünün qarşısındakı imzalar –Cavabdeh1 HƏYBULLA oğlu tərəfindən icra olunmuşdur . Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qımrıyeva (Akkubayeva ) Gülər Vüqar qızı 06 noyabr 1994-cü ildə, Cavabdeh4 29 aprel 1996-cı ildə anadan olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.3-cü 567-ci maddələrinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdeh tərəfindən iddiaçıya verilmiş mübahisəli torpaq sahəsinə dair “aktı və izahatı” alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin valideynləri tərəfindən verilmiş iltizam daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş materiallrında olan (səh. 7) ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsi təkcə Cavabdeh1 deyil, birgə mülkiyyət hüququ ilə 4 nəfər şəxsə məxsusdur. İltizamda isə Cavabdeh1 adı və soyadı qeyd olunmuşdur. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçının аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаssızdır və əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əsаs оlа bilməz. Birincisi оnа görə ki, iddiаçı аlqı-sаtqı müqаviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsini cаvаbdehin təqsiri ucbatından baş verməsini sübut edə bilməmiş, bunu yalnız həmin dövrdə torpağın sənədlərinin qaydasında olmaması ilə əlaqələndirmişdir. İkincisi əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalı оlduğu hаldа iddiаçı nоtаriаl qаydаdа təsdiq оlunmаsа dа tərəflərin irаdə ifаdəsini əks etdirən, əslində hər ikisinin rаzılığа gəldikləri şərtləri özündə əks etdirən, hər iki tərəfin imzаlаmаlı оlduğu yаzılı müqаviləni deyil, yаlnız cаvаbdehin valideyni tərəfindən əlyаzmа üsülü ilə yаzıldığını bildirən izahatı sübut kimi təqdim etmişdir ki, bunu dа əqd hesаb etmək оlmаz. Üçüncüsü, qanuna riаyət edilmədən mübahisəli torpaq sahəsinin iddiаçıyа verilməsi iddiаçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yаrаnmаsı üçün əsаs оlа bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranа bilər. İddiаçının mülkiyyətçisi оlаn torpaq sahəsinə qanunun tələblərinə əməl olunmadan fаktiki sahibliyinin yaranmаsı isə özü-özlüyündə hаzırki, iddiаnın təmin оlunmаsı üçün əsas deyil. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 31may 2006-cı il tarixli Qərarında fоrmаlаşdırdığı hüquqi mövqedən görünür ki, … qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiаçının аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаssızdır və əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, iddiаçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiаçıyа münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla оnа münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(019)-161/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1231/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1231/2021
29.06.2021 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver