Məhkəmə qərarları › İş №2(107)-1232/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1232/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1232/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), və Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı,onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu və Cavabdeh Fətulla oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Fətulla oğluna qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fətulla oğlundan ondan olmış olduğu 10000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və vəkil xidməti olarq Beynəlxalq bank vasitəsilə ödədiyi 168 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh 2015-ci ildə 10000 manat, həmçinin 2016-cı və 2017-ci illərdə 10000 manat pul vermişdir. Həmin puldan Nazimin oğlu Ramil 2018-ci ildə 10000 manat pul qaytarmışdır. Hazırda qalan 10000 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o cavabdehlə qohum münasibətlərində olmaqla bərabər, yaxın yoldaş və dostluq münasibətində olmuşlar. Onlar bu səbəbdən də münasibətlərini yüksək səviyyədə olduğundan bir-birinə inamları və etibarları olmuşdur. Bu səbəbdən də tərəfindən cavabdehə 2015-ci ildən başlayaraq 2017-ci ilin sonunadək hissə-hissə Xuraman adlı qadından 20000 manat pul götürərək cavabdehə vermişdir. Cavabdeh tərəfindən həmin pulların ondan götürməsi təkzibedilməz sübutlarla ortadadır. Əsil həqiqət odur ki, verdiyi 20000 manat pulu Xuraman adlı qadından alaraq onun təsirləri altında qaldığından, o hazırkı cavabdehə öz dostuna onun borcuna görə məhkəməyə düşdüyünü, olum-ölüm məsələsinin yarandığını onun nəzərinə çatdıraraq Xuramanın əlindən evdə də yata bilmədiyini bildirərək yerdə qalan 10000 manat pulun qaytarmasını istəmişdir. Həmin ərəfədə yüzlərlə telefon zəngləri edərək borcun qaytarılması üçün konkret addım atmasını xahiş etmişdir. Cavabdeh 2018-ci ilədək götürmüş olduğu 20000 manat pulun 10000manatını birdəfəyə qaytarmış, o da həmin pulu Xuraman adlı qadına qaytararaq, götürülən borcun bir qismini ödəyəndən sonra Xuramana qalan borcunu cavabdeh ödəyə bilmədiyindən, o çıxarılmış məhkəmə qətnaməsinə müvafiq olaraq borc götürərək Xuramanın pulunu qaytarmalı olmuşdur. Çünki bunlara o məcbur idi. Bundan sonra cavabdehə etdiyi zənglərin heç bir səmərəsi olmamışdır. Əksinə cavabdeh yerdə qalan 10000 manat pulu ödəmədiyindən, onu çətin vəziyyətə saldığından, üzərində xeyli borcu yaratdığından, evində ciddi ailə münaqişəsi yarandığından, hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Çünki bu məbləğ onun üzərində qalmaqla cavabdehin borcları səbəbindən o ciddi mənəvi əziyyət çəkir. O borcla bağlı məhkəməyə çıxarkən mənəvi əziyyət çəkir. Ancaq bütün bunları mövcud reallıq və çətin vəziyyət onu vadar edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu izah etmişdir ki, iş materiallarında olan səs yazısından da məlum olur ki, tərəflər arasında pul mübahisəsi var. Cavabdeh özü də 20000 manat pulun alınmasını etiraf edir. Lakin həmin pulun qaytarılmasına dair sübutu yoxdur. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Fətulla oğlu iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı 2015-ci ildə 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmçinin 2016-cı ildə də 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmin pulu oğlanları Famil və Pünhan vasitəsi ilə qaytarmışdır. Həmçinin Xəqaninin vasitəsi ilə də Rafiqə pul göndərmişdir. Borcundan da əlavə Rafikə ona borcla əlaqədar kömək etdiyi üçün 4000 manat pul vermişdir. Cavabdeh Fətulla oğlu məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, Nazim onun atasıdır. Atası Rafiqdən 2015-ci ildə 10000 manat borc almışdır. Həmin pulu Bərdə marketin qabağında Rafiqə o qaytarmışdır. Bundan sonra da, 2016-cı ildə atası yenə 10000 manat borc almışdır. Həmin pulu da qardaşı evini satıb, Rafiqin evinə gedərək qaytarmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərmişdir ki, atası Rafiqdən cəmi 20000 manat borc almışdır. Həmin borcun bir hissəsini qardaşı Famil Bərdə marketin qarşısında Rafiqə qaytarmışdır. Qalan 10000 manatı isə 2016-cı ildə evini satıb Rafiqə atasının borcunu onun evinə gedərək vermişdir. Atasının Rafiqə borcu qalmayıbdır. Həmçinin borcdan əlavə atası tərəfindən Rafiqə 4000 manat hörmət olaraq pul vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərmişdir ki, Nazimlə birgə işləmişlər. Nazim 2015-ci ildə ona pul vermişdir ki, apar Rafiqə ver, o da aparıb pulu Rafiqə çatdırmışdır. Borcun məbləği barədə dəqiq məlumatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Fətulla oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzin surətindən məlum olur ki, Alıyev X5 şəhər Vəkil Bürosuna 168 manat pul ödəmişdir. İşdə olan Səyyar-Asan tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1959-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Namiq Əlizadə küçəsi 14-də qeydiyyatdadır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Yevlax RPŞ-si tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş seriya AZE 07869807 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Fətulla oğlu xx xxxx 1959-cu il tarixdə Bərdə rayonu, Mehdixanlı kəndində anadan olmaqla, Yevlax şəhəri, Nizami prospekti ev 33A, mənzil 14-də qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 127-ci maddənin İİ vı Vİİ hissələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 95.1 və 200-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2015-ci ildə iddiaçıdan 10000 manat borc almışdır. Həmin 10000 manat pulu oğlu Familin vasitəsi ilə iddiaçıya qaytarmışdır və iddiaçı 10000 manatın geri qaytarmasını etiraf etmişdir. Bundan sonra 2016-ci ildə iddiaçı cavabdehə yazılı formaya riayət etmədən 10000 manat borc vermişdir. Cavabdeh həmin puluda övladı Pünhanın vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı cavabdehin ona 10000 manat borcu qaldığını bildirərək, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin borcun qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahid ifadələri ilə də borcun qaytarılması sübut olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin ona 10000 manat borcunun qalmasını iddia edərək, buna sübut kimi cavabdehin səs yazısının olduğunu bildirsə də, cavabdeh danışıqların tam mətni olmadığını, həmin səs yazmanın 2016-cı ilə aid olunduğunu bildirərək, səs yazısının səslənməsinə və sübut kimi qəbul edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin səs yazma sübut kimi məhkəmə tərəfindən qiymətləndirilmir. Həmçinin iddiaçı cavabdehə 10000 manat borcun 2016-2017-ci illərdə verildiyini bildirsə də, borc verilərkən qanunvericiliklə müəyyən edilmiş yazılı formaya riayət etməmiş və müvafiq borc müqaviləsi bağlamamışdır. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini və səsyazmanın mötəbər sübut kimi qəbul edilə bilmədiyini əsas gətirərək hesab edir ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında dinlənilmiş 3 ədəd “fleş kartda” gedən danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflər mübahisələndirməmişlər. Həmin danışıqlar iddiaçının və cavabdehin məhkəmə iclasında bildirdikləri ilə eynilik təşkil etdiyindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Onlar iddia tələbinin qanuni əsasını təşkil etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar